Latviya Universitetinin Akademik Kitabxanasında Xurşidbanu Natəvana həsr edilmiş seminar təşkil olunub

 

Sentyabrın 13-də Riqa şəhərində Latviya Universitetinin Akademik Kitabxanasında “Xurşidbanu Natəvan: ədəbiyyatın və incəsənətin təbliğində Azərbaycan qadınının rolu” adlı seminar keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Xurşidbanu Natəvanın yaradıcılığı, onun əsərləri, Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə geniş çıxış edib.

Seminarda Azərbaycan Milli Kitabxanasını təmsil edən Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Xurşidbanu Natəvan” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. O, çıxışı zamanı bildirib ki, Xurşidbanu Natəvan XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olub. XIX əsrdə Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərində ədəbi-bədii mühitin formalaşmasında və ədəbi məclislərin fəaliyyətində görkəmli ədib əhəmiyyətli rol oynayıb. Ə.İsmayılova Xurşidbanu Natəvan haqqında məlumat verərək vurğulayıb ki, onun şeirləri Azərbaycan və ya fars dillərindədir və o, ən çox lirik qəzəlləri ilə tanınırdı. Qeyd edib ki, Xurşidbanu Natəvan sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsidir, Şuşada və bütün Qarabağda məşhur olan “Məclisi-üns” və “Məclisi-fəramuşan”ın yaradıcısı və himayədarı olub.

Ə.İsmayılova vurğulayıb ki, bu il Xurşidbanu Natəvanın 190 illik yubileyi tamam olur və bu münasibətilə Prezident İlham Əliyev “Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında bir çox layihələr həyata keçirilib. “Xurşidbanu Natəvan” biblioqrafiyası hazırlanaraq nəşr olunub. Bu günlərdə Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən 30 illik erməni işğalından azad olunmuş Şuşa şəhərində-Xurşidbanu Natəvanın vətənində görkəmli şairənin yubiley tədbiri keçirilib. Sonra Ə.İsmayılova Milli Kitabxananın əməkdaşları tərəfindən ingilis dilində hazırlanmış “Xurşidbanu Natəvan” adlı elektron məlumat bazasını iştirakçılara nümayiş etdirib. Qeyd edib ki, elektron məlumat bazası “Xurşidbanu Natəvan”, “Prezident İlham Əliyevin Xan Qızının xatirəsinin əbədiləşdirilməsinə diqqəti”; “Həyat və yaradıcılığının əsas tarixləri”; “Görkəmli şəxsiyyətlər Xurşidbanu Natəvan haqqında”; “Əsərləri”; “Xurşidbanu Natavan haqqında əsərlər”, “Xurşidbanu Natavanın xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya”, “Videoqalareya” bölmələrindən ibarətdir və hər bir bölməni iştirakçılara təqdim edib. Çıxışı zamanı Ə.İsmayılova elektron bazada əks olunan Xurşidbanu Natəvanın müəllifi olduğu, eləcə də haqqında yazılan kitabların bir qismini iştirakçılara nümayiş etdirib. 

O, çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Milli Kitabxanası Xurşidbanu Natəvanla bağlı yeni layihələrin icrasını davam etdirir.

Seminarın davamında Xurşidbanu Natəvan nəslindən olan Nazlı Hacızadə, Koreya Tədqiqatları Mərkəzinin rəhbəri, Latviya Universitetinin İnsan hüquqları fakültəsinin professoru Kaspars Klavins və digərləri Xurşidbanu Natəvanın yaradıcılığı, onun gördüyü xeyriyyə işləri barədə çıxışlar ediblər.

Tədbirin sonunda Ə.İsmayılova Milli Kitabxananın Ehtiyat Mübadilə Fondundan “Xurşidbanu Natəvan. Neçin gəlməz”, “Bəylər Məmmədov. Xurşidbanu Natəvan”, “Şuşa günəşinin poetik portreti: (Xurşidbanu Natəvana həsr edilən şeirlər və poemalar)”, “Sözün Natəvanı: (Xurşidbanu Natəvana həsr edilən poemalar)” və “Xurşidbanu Natəvan. Biblioqrafiya” kitablarını Latviya Universitetinin Akademik Kitabxanasının fonduna hədiyyə edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.