Növbəti Milli Kitab Sərgisi ilə bağlı tarix bəllidir. 24 sentyabr -1 oktyabr. Ünvan dəyişməz qalır, yenə Bakı İdman Sarayı.
Bu dəfə təşkilatçı - “Qanun” nəşriyyatı bizi daha möhtəşəm bir sərgi görəcəyimizə əmin edir. “Ədəbiyyat və incəsənət” portalı nəşriyyatın rəhbəri Şahbaz Xuduoğluya istinadən xəbər verir ki, sərgidə izləyiciləri bir-birindən maraqlı görüşlər, kitab müzakirələri, kitab imzaları, kitab oxu saatları, konsert proqramları, sənət adamları ilə görüşlər, imza saatları gözləyəcək.
Şahbaz Xuduoğlu deyir: “Əziz dostlar,
Bilirəm, Sərgi və Sərgidəki mühit üçün, kitab ətrafında olan söhbətlər üçün darıxmısınız. Kitab sərgiləri məhz bu cəhətinə görə digər sərgilərdən fərqlənir. Bu sərgidə çox böyük endirimlər olacaq. 30%-dən başlayaraq. Bütün axtardığınız kitabları məhz Milli Kitab Sərgisində tapacaqsınız; köhnə, yeni, hər növ janrda və hər kəs üçün; uşaq, böyük, məktəbli, tələbə...
Milli Kitab Sərgisinə hazırlıq başladı. Milli Kitab Sərgisi Azərbaycan kitabının hərəkətverici qüvvəsi, mədəniyyətimizin qovşağıdır. Milli Kitab Sərgisinə dəstək verək, təbliğ edək, kitabımız hər yerdə oxunsun!”