İnternet həyatın bütün sahələrinə hakim kəsilməsinə baxmayaraq, kitablara hələ də qalib gələ bilmir. 2021-ci ildə qlobal kitab bazarının həcmi 138,35 milyard dollar olub. Hər il bazarın həcmi təxminən 1.9% artır və bu trendin ən azı 2030-cu ilədək davam edəcəyi proqnozlaşdırılır.
Sevindirici haldır ki, nə elektron formatların, nə də audiokitabların geniş yayılması insanları klassik kağız kitablardan soyutmur və uzaqlaşdırmır.
Qardaş ölkə Türkiyədə 2020-ci ildə 433 milyondan çox kitab istehsal edilib. Bu, adambaşına təxminən 5-6 kitab deməkdir. Müqayisə üçün belə bir rəqəm gətirim: Rusiyada həmin il təxminən 260 milyon kitab nəşr olunmuşdu.
Ümumiyyətlə, hazırda dünyada kitab bazarının tənəzzüldə olduğu yerlərdən biri Rusiyadır. Bu il orada kitab satışının ötən illə müqayisədə 6%, pandemiyadan əvvəlki vəziyyətlə (2019-cu il ilə) müqayisədə isə 12% azalacağı gözlənilir. Bunun iki əsas səbəbi var. Sanksiyalar üzündən əhalinin gəlirlərinin azalması və mətbəələrdə kağız, rəng, yapışqan və s. materialların qıtlığının yaranması. Nəticədə Rusiyada kitabların qiyməti durmadan bahalaşır ki, bu, əhalinin sosial vəziyyətinin pisləşməsi fonunda kitab satışının azalmasına gətirib çıxarır.
Azərbaycan hökumətinin kitab idxalını ƏDV-dən azad etməsi gözəl və müdrik addım idi. Amma Rusiyanın kitab sənayesində qıtlıq və bahalaşma qiymətlərə elə təsir göstərir ki, bizim bazarda da bahalaşma qaçılmaz olacaq. Çünki ölkəmizin kitab idxal etdiyi yerlərdən biri məhz Rusiyadır. Azərbaycanın kitab bazarında idxalın payı çox böyükdür. Buna əmin olmaq üçün heç bir statistikaya ehtiyac yoxdur – sadəcə istənilən kitab mağazasına girin və ətrafa boylanın. Xüsusilə də Türkiyənin kitab bazarındakı trendlər Azərbaycana ciddi təsir göstərir.
Amma bizdə başqa bir məqam da var: kitab piratçılığı. Xırda mağazaların əksəriyyətində məşhur kitabları sadəcə götürüb vərəqləmək kifayət edir ki, keyfiyyətindən onların kontrafakt olduğunu anlayasan. Qeyri-leqal kitab məhsulları həm birbaşa ölkədə nəşr olunur, həm də Gürcüstan və Türkiyədən gətirilir. Ona görə də, bazarın real vəziyyətini tam olaraq anlamaq mümkün deyil. Gürcüstandan gətirilən ingilis dilindəki kitablar orijinallarından bir neçə dəfə ucuz olurlar.
Hazırda həm qlobal, həm də lokal kitab bazarlarında vəziyyət belədir ki, rəsmi satış azalır, amma ümumi dövriyyə artır. Çünki bütün məhsullar kimi kitabların da qiyməti bahalaşır. Sənayenin ümumilikdə hansı istiqamətdə gedəcəyi dünya iqtisadiyyatı sabitləşəndən sonra daha aydın olacaq. Amma geniş mənada vəziyyət aydındır: Kitab biznesinin gələcəyi var! O, mətbuatdan fərqli olaraq, internetə uduzmayıb, əksinə, çox uğurlu konvergensiya yaradıb: Bütün dünyada “yutub”, “instagram”, “TikTok” ulduzları, məşhur blogerlər kitablar yazır, öz onlayn nüfuzlarından real kitablarını satdırmaq üçün istifadə edirlər. Üstəlik, onlayn mağazalar kağız kitabların satışına əlavə yardım edirlər.
Bu vəziyyət kitabın fundamentallığını bir daha təsdiqləyir. Texnologiyanın hansı həddə inkişafından asılı olmayaraq, kitab var və olacaq. Bu, hər şeydən əlavə, bir kitabsevər və müəllif kimi məni də çox sevindirir.
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru