Bu günlərdə sosioloji sorğular bəşər tarixində ən çox iz qoymuş yazıçıları müəyyənləşdirməyə yönəlmişdi, ilk sıralarda dahi amerikalı yazıçı Teodor Drayzerin də adına rast gəldik. Bu gün onun anadan olmasının növbəti – 51-ci ildönümüdür. “Ədəbiyyat və incəsənət” portal yazıçının tərcümeyi halı ilə sizləri tanış edir.
Teodor Drayzer 1871-ci il avqust ayının 27-də İndiana ştatının Teppe-Xot şəhərində anadan olmuşdur. 1886-1891-ci illərdə Çikaqoda çalışmışdır, 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoymuş, 1892-1894- cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi ədəbi fəaliyyətə başlamışdır. 1894-cü ildə Nyu-Yorka köçmüş və burada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışmışdır. Sonra sifarişlə “Metropoliten”, “Harpers”, “Kosmopoliten” əsərlərini yazmışdır. İlk oçerk və hekayələri 1897-ci ildə çap olunmuşdur. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı”, 1911- ci ildə “Cenni Herhardt” romanlarında sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdir. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında Amerika inhisarçı kapitalizmi ifşa olunmuş, 1915-ci ildə yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilmişdir. 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başlayır. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil edir.
1927-ci ildə dəvətlə SSRİ-yə gəlmiş, 1928-ci ildə “Drayzer Rusiyaya baxır” kitabını yazmışdır. Həmin vaxtdan fəhlə sinifinin mübarizəsinə qoşulmuş, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratmışdır. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmamışdır. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etmişdir. Drayzer faşizm əleyhinə mübarizədə iştirak etmiş, 1945-ci ildə ABŞ Kommunist Partiyasına daxil olmuşdur.
Ünlü yazar 1945-ci il dekabr ayının 28-də Hollivudda (Kaliforniya ştatı) vəfat etmişdir.