Avqust ayının 29-da yerli vaxtla saat 17-dan etibarən Beynəlxalq Yazıçılar Gildiyası Almaniyadan zoom platforması üzərindən Lada Baumgarten-in moderatorluğu ilə azərbaycanlı yazıçı Varis Yolçiyevin yaradıcılıq görüşünü keçirib.
“Ədəbiyyat və incəsənət” portalı məlumat verir ki, iki saata yaxın davam edən görüşdə yazıçının beynəlxalq aləmdə tanınan romanlarından söz açılıb, Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl medala layiq görülən “Metamorfoz”, Nyu-Yorkda Dünya Yazıçıları Konqresində pitçinqi keçirilən “77-ci gün”, Türkiyədə ən populyar kitablar listəsində yer alan “Son məktub”, Özbəkistanda ən çox satılan kitablar sırasında 2-ci yerə yüksələn “Sənə inanıram”, Rusiyada Moskva Ədəbiyyat Mükafatı qazanan “Yanvarın 13 günü” romanları söhbət mövzusu olub. Yazıçımız yaradıcılıq planlarını da açıqlayıb, çoxsaylı sualları cavavlandırıb.
Varis əcnəbi yazarlara, fürsət düşmüşkən, Qarabağdan, İrəvan xanlığından, Cənubi Azərbaycandan da danışıb, onları xəbərsiz olduqları mətləblər barədə məlumatlandırıb.
Qeyd edək ki, Beynəlxalq Yazıçılar Gildiyası Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən eltar ədəbi qurumdur, sıralarında Avropa, Amerika, Asiya və Avstraliya yazıçılarını birləşdirir.
Hər bazar zoom platforması üzərində bir yazıçıyla görüş təşkil edən qurum növbəti tədbirlərini yazıçılar B. Quberman (İsrail) və T. Kayzer (Almaniya) ilə keçirəcək.