Tənhalıq cəhənnəminin qurbanı
“Bütün insanlar üçün ümumi olan yeganə hiss ölüm qorxusudur. Təsadüfi deyil ki, intihar hadisəsi mənəvi cəhətdən bəyənilmir”.
Rünoske Akutaqava
Yapon yazıçıları və intihar faktı bir-birinə qəti yabançı deyil... Misima, Kavabata, Akutaqava... Əgər Misimanı qətl və ölümün araşdırıcısı kimi təqdim etmək mümkündürsə, o zaman Akutaqavanı mütləq və mütləq intihar edən insanların psixologiyasının araşdırıcısı adlandırmaq lazımdır. Çünki o, əsərlərinin qəhrəmanlarını intihara vadar edən Misimadan daha artıq dərəcədə bu problemə (bunu problem adlandırmaq doğrudurmu? – bilmirəm) aludə idi. Hətta o qədər aludə idi ki, prosesin özünü və proses zamanı yaşanan hissləri duymaq üçün dəfələrlə onu sınaqdan keçirmişdi.
Yəqin, Akutaqavanın hansı intihar növünə üstünlük verdiyi sizin üçün də maraqlı olar. Bu yazıçı öz yaradıcılığında – paralel olaraq həm də həyatında onların bir neçəsini sınamışdı. Amma gəlin ardıcıllığı pozmayaq. Mən əvvəlcə tanımayanları onunla tanış etmək istəyirəm
Rünoske Akutaqava (1892 – 1927) yapon ədəbiyyatının son klassiklərindən biri hesab olunur. Yaradıcılığının əsas mövzusu insan psixologiyasında olan konfliktlər və insan mənəviyyatıdır. İnsan şüurunun dərinliklərinə enmək, müxtəlif affekt hallarında insanın yaşadıqlarını araşdırmaq bu yazıçının əsas yaradıcılıq istiqaməti hesab edilə bilər. Hətta o dərəcədə ki, özündə gedən psixi dəyişiklikləri də bütünlüklə yaradıcılığında əks etdiribdir.
Yazılarının birində Akutaqava belə bir ifadə işlədir: “Bu cür mənəvi böhran içərisində yaşamaq işgəncədir. Yəni bir adam tapılmayacaq ki, elə yuxuda ikən məni boğsun?”
Görəsən, kimsə Akutqavanın yuxu dərmanı içərək yuxuda ölməsinin təsadüf olduğuna məni inandıra bilərmi? Düşünmürəm. Amma faktla danışmağı özümə borc bilirəm. Bu sözləri yazan yazıçı 1927-ci il iyulun 4-ü sübh çağı böyük dozada veranol – yuxu dərmanı içərək intihar edib.
***
Qəribədir ki, intihar tarixləri müxtəlif olsa da, intihar etmiş yazıçıların taleyində, eləcə də intiharları arasında oxşar nöqtələr var. Ardıcıl araşdırmalar zamanı bu faktla dəfələlə rastlaşıb dəfələrlə də təəccüblənmişəm. Məsələn, Rünoske Akutaqava ilə Cek Londonun taleyində qəribə bir bənzərlik var. Akutaqavanın da anası Cek Londonun anası kimi hələ yazıçı kiçik uşaq ikən psixi xəstəliyə tutulub. Otuz beş illik həyatı boyu Rünoskeni də eynilə Cek London kimi nə vaxtsa dəli olacağı qorxusu izləyib. O da bütün ömrünü bu qorxunun təsiri altında yaşayıb. Bu iki yazıçının ölümləri – həyatdan getmək üçün seçdikləri yol da bir-birinə bənzəyir.
Akutaqavanın qorxusu kimi, şəxsi həyatından gələn bir çox xüsusiyyətlərin də yaradıcılığında olması təsadüfi deyil. Hər halda, anasının ölümündən sonra qohumlarının himayəsində böyüyən Akutaqavanın əsərlərində dəlilik halları, insandan gedən psixi dəyişiklik və qəribəliklər kifayət qədərdir. O sanki bu faktın, bu ruh halının izləyicisi, araşdırıcısı kimi onu detallarına qədər araşdırmağa çalışıb. Məsələn, elə “At ayaqları” əsərini götürək. Təxəyyülü nə qədər güclü olursa-olsun, belə bir hadisəni əsərin mövzusuna, həm də bu qədər inandırıcı bir şəkildə çevirə bilən yazıçı əgər oxucuya bu qədər mənəvi sarsıntı (şəxsən mən bu sarsıntını indi də unuda bilmirəm) yaşada bilirsə, özünün nə hiss etdiklərini, yazarkən hansı əhvali-ruhiyyə mərhələlərindən adladığı haqqında xüsusi olaraq danışmağa da dəyməz. Osino Xandzaburonun başına gələnlər (qəfildən ölməsi, o dünyada qəbul edilməməsi, bədəni ölməyə başladığı üçün öz ayaqlarının yerinə at ayaqları verilməsi və s.) o qədər canlı və real təsvir edilir ki, onunla addım-addım o sarsıntılardan keçə-keçə dəhşətləri yaşamış olursan (Yaxud “Tütün və İblis” əsəri...). Ən dəhşətlisi isə ağlını itirdiyini mərhələ-mərhələ hiss etmək, gerçəkliklə xəyal, reallıqla təxəyyül arasında çabaladığını anlamaq, bəzən isə bunu belə başa düşə bilməmək, o anların çaşqınlığını, sarsıntısını, çıxılmazlığını yaşamaqdır... Bir sözlə, intihar amili Akutaqavanın yaradıcılığında ruhi pozuntu, ağılın itirilməsi amili ilə sıx bağlıdır. Və bir çox hallarda məhz bu mərhələdən adlayır. Onun ömrünün sonlarında yazdığı üç əsərdən biri olan “Axmağın həyatı”nın “Ana” bölümündə o, dəlixanada olan birindən danışaraq öz anasını belə xatırlayır: “On il əvvəl anam bu xəstələrdən heç nə ilə fərqlənmirdi”.
Başqa bir novellasında isə yazıçı irsiyyətdən söz açaraq yazırdı: “İrsiyyət, əhatə və təsadüf – bu üç şey bizim taleyimizi idarə edir” (“Tale” – “Piqmeyin sözləri”).
Akutaqava da yaradıcılığında özünü açan, özündən danışan yazıçı idi. Həmçinin o, bütün əsərlərində fərqli faktlar, fərqli hadisələrlə bağlı filosofluq etməyi, maraqlı kəşf və müşahidələrini oxucularla bölüşməyi xoşlayıb. Onun etiraflarında bir çox yazıçıların haqqında danışmağı xoşlamadığı “həyat – yaradıcılıq” paralelliyindən danışılır. Bu haqda onun bədii yazılarında, yeri gəldikcə, qeydlərə rast gəlirik: “Ola bilməz ki, bizim ruhumuz, mənəviyyatımız əsələrimizdə özünü göstərməsin” (“Yaradıcılıq”). Amma buna baxmayaraq, onda etirafını məsləhət bilmədiyi şeyləri içində saxlamaq bacarığı (həm də istəyi!!!) də olub. Özü bu barədə yazırdı: “Tez-tez mənə deyirsiniz ki, öz həyatın haqqında yaz və etiraf etməkdən qorxma. Məni qeyri-səmimilikdə ittiham edə bilməzsiniz. Əsərlərimin hər biri müəyyən mənada yaşantılarımın etirafıdır. Deyəsən, sizə bu da azlıq edir. Hər halda, həyatımı incəliklərinə qədər sizə göstərmək xoşuma gəlmir. Stindberqin də pulu olsaydı, “Etiraflar”ını dərc etdirməzdi. Hətta pulsuzluq üzündən bu addımı atan zaman yazısının ana dilində dərc olunmasını istəməyib. Ola bilər, mən də nə zamansa – yemək üçün bir şey tapmadıqda buna oxşar bir şeyə əl atım. Amma düzünü deyim ki, məndə mazoxizm simptomları yoxdur. İnsanın özünə belə etiraf etməkdən utandığı şeyləri etiraf povestinə çevirməsinin səbəbini heç vaxt başa düşə bilməmişəm. Hətta buna görə minnətdarlıq aldığımı bilsəm də...” (“Etiraf” – “Työkodo qeydlərindən”).
***
Akutaqava yazıçı idi, deməli, o həm də ovqat və hiss adamı olub. Ona görə də bəzən bir-birinə zidd olan fikirlər yazmasını adi qarşılamaq lazımdır: “Sona qədər etiraf etməyi heç kim bacarmır. Amma etirafsız da özünü ifadə etmək mümkün deyil. Ona görə də etiraf ədəbiyyatı ilə ədəbiyyatın başqa növləri arasında sərhəd qoymaq düzgün olmazdı” (“Etiraf”).
Onun yaradıcılığında tarixi keçmişə söykənmiş, hətta reallıqdan uzaq, mistik aləmlə bağlı əsərlər də az deyil. Bu cür əsərlərdə isə Budda fəlsəfəsinin əsasında duran fikirlərdən birinə – insan ruhunun ölməzliyi və qədimlərdə yaşayan ruhlarla müasir insanların ruhları arasında əlaqənin mövcudluğuna inamdan söz açırdı. Məsələn, mistik aləmə nəzər salıb tarixi qəhrəmanlar haqqında danışan zaman o belə bir fikir işlədir: “Qədim insanın ruhu ilə müasir insanın ruhu arasında bir çox ümumi cəhətlər var”. Bu fikrin təsadüf olmadığını ədəbiyyatşünas V.Qrivnin də yazırdı: “Əsas məsələ elə bundadır. Akutaqava qədimliyin özündə də müasiri olan insanların hərəkətlərinin, fikirlərinin, psixologiyasının analogiyasını axtarırdı”.
Həqiqətən də, onun yaradıcılığında bunu görə bilərsiniz. Akutaqavanı anlamaq elə də asan olmasa da, onun müəyyən məsələlər haqqında nə düşündüyünü başa düşmək üçün o qədər də dərinlərə varmaq vacib deyil. O, yaradıcılığında başqasından söz açanda belə, öz fikrini və haqqında danışdığı insanla, hadisələrlə özünün düşüncələri, düşdüyü vəziyyət arasında oxşarlığı təqdim edib. Buna əlavə olaraq deyə bilərik ki, Akutaqavanın uydurma qəhrəmanlarında belə (məsələn, “Sudayaşayanlar ölkəsi”ndəki kappalarda) müasir insanın xarakterini, düşüncəsini, qorxularını görmək olur. Onun ədəbi dünyasında qədim insan və ya mistik dünyanın sakini ilə müasir insan eyni şeyləri hiss etməyə məhkumdur. Zaman və məkan arasında fərqlər olsa da, insan insandır. Canlı canlıdır. Deməli, onun hissləri və yaşantıları arasında fərq yoxdur – zaman fərqindən başqa...
Məsələn, sevgilisini usanmadan gözləyərək suya qərq olan Biseylə bağlı yazdığı əfsanədəki kimi: “Sevgilisini gözləyən Bisey... Min illərdən sonra həmin ruha... yenidən insan həyatı bəxş olundu. Bu elə həmin ruhdu ki, məndə yaşayır. Ona görə də, tamamilə başqa, yeni bir zamanda doğulmağıma baxmayaraq, heç nəyə yaramıram. Gecə də, gündüz də xəyallarda yaşayır, gözləyirəm ki, nə zamansa qeyri-adi bir iş baş verəcək. Eynilə Bisey kimi...” (“Bisey necə inanırdı”).
Ümumiyyətlə, dünya ədəbiyyatı tarixində bir çox yazıçıların yaradıcılıq praktikasında bu cür halla qarşılaşmaq olar - əsərin qəhrəmanının, haqqında söz açılan insanın nə vaxt təhkiyəçi ilə əvəzləndiyi, nə vaxt müəllifə keçid etdiyini izləmək olmur. Bu o qədər incə və gözəgörünməz bir şəkildə baş verir ki, prosesin müşahidə edilməsi çətinləşir. Məsələn, “Bisey necə inanırdı” əsərində də Akutaqava qədim bir əfsanədən danışaraq özünün gözlədiyi reallığı, yaxud qeyri-reallığı canlandırır və müəyyən məqamlarda müəllifin şəxsiyyəti ilə qəhrəmanın şəxsiyyəti (təbii ki, həm də narahatlığı, hissləri, düşüncələri) arasında sərhədd itir, yoxa çıxır.
...Onun qəhrəmanları üçün həyat çox vaxt cansıxıcı olur, mənasızlığa çevrilir. Bu insanlar bəzən çox şeyi dərk etdikləri üçün, bəzən isə əksinə, dərk etmədikləri üçün yeknəsəklikdə boğulurlar. Məsələn, Akutaqavanın çox tanınmış bir əsərinə - “Tənhalığın cəhənnəmi”nə nəzər salaq.Müəyyən tənqidçilərin fikrinə görə, Akutaqava bu əsərdə özünün psixoloji durumu haqqında yazıb. Razılaşmaq olar. Çünki situasiyanın təsvirindəki həssaslıq çox şeydən xəbər verir. Xatırladım ki, bu yazı 1915-1916-cı illərdə, yəni Akutaqavanın yaradıcılığa gəldiyi ilk dövrlərdə qələmə alınıb. Əsərdə Dzyönte adlı keşişin düşüncələri təsvir olunur (o qəhrəman da müəyyən cəhətləri ilə Akutaqavanın özünə bənzəyir): “Məni heç nə maraqlandırmır. Heç nə cəlb etmir. Buna görə də həmişə dəyişiklik gözləyirəm. Amma bilirəm ki, onsuz da, cəhənnəmdən xilas ola bilməyəcəyəm”.
Akutaqavanın cəhənnəm haqqında təsəvvürü isə belə idi: “Budda inamına görə, cəhənnəmin müxtəlif dairələri var: uzaq cəhənnəm, yaxın cəhənnəm və tənhalığın cəhənnəmi. Yalnız biri – tənhalığın cəhənnəmi dağların, çöllərin, meşələrin üzərindəki hava sferasında gözlənilmədən peyda olur. Bir sözlə, insanı əhatə edən hər şey bir göz qırpımında onun özü üçün işgəncə və əzablarla dolu cəhənnəmə çevrilə bilir”.
Bu sitatı gətirməkdə və yazılma tarixini xatırlatmaqda məqsədim var. Akutaqavanın yalnız ömrünün son illərində yaradıcılığını pessimist notlarla köklədiyini iddia edənlər yanılırlar. Pessimizm, cəhənnəm qorxusu, dəli olmaq ehtimalı Akutaqavanı həmişə narahat edib. Və söhbət klassik mənada cənnət-cəhənnəm anlayışına münasibətdən getmir.Çünki belə olsaydı, yazıçı axirət və insan ruhunun fərqli dünyalarda yaşaya biləcəyi haqqında söz açardı... O dünyanın varlığına inamdan və bu inamın insana gətirdiyi rahatlıq və ya narahatlıqdan danışardı. Akutaqava isə məhz Budda inamının bir cəhənnəmindən – tənhalıq cəhənnəmindən danışır. O cəhənnəmdən ki, onun varlığı elə bu dünyada insana dəhşətli sarsıntılar yaşadır. Akutaqavanın cəhənnəmi tənha, dəli olmaq qorxusu ilə yaşayan və bu prosesi araşdıran və hiss edən birinin cəhənnəmi idi...
Düzdür, ola bilər, bu düşüncələr yaradıcı insanın manevri, yazıüslubunun bir detalı kimi də dəyərləndirilsin. Amma Akutaqava bütün yaradıcılığı boyu içində - şüuraltında bu qoxunun yaşadığını gizlətməyib. Və təbii ki, sonralar, zaman-zaman həmin qorxu üst qata – yaradıcılığa ötürülüb. Hər halda, intihar edən yazıçıların əksəriyyətinin yaradıcılığında bu hərəkət sxemi özünü doğruldur: şüuraltında yaşayan (gizlənən!!!) qorxular və onların yaradıcılığa ötürülməsi prosesi qarşısıalınmazdır!Adını çəkdiyimiz əsərinin sonunda Akutaqava yazır: “Tənhalığın cəhənnəmi” ifadəsi məndə qəribə bir mərhəmət hissi oyadır. Çünki müəyyən mənada elə mən də o cəhənnəmin qurbanlarndan biriyəm”.
***
Akutaqavanın şəxsiyyəti haqqında daha bir detalı qeyd etmək istəyirəm. Müəyyən yazıçılar var ki, əsərlərində canlandırdığı qəhrəmanlara özlərinin bəzi xüsusiyyətlərini ötürməklə kifayətlənirlər. Hətta elə yaradıcılar da ki, onların yaradıcılığında müəllifdən nəsə tapmaq müşkül məsələyə çevrilir. Amma Akutaqavada bu belə deyil. Ona münasibətdə “hansı müəllif, hansı qəhrəmandır” sualı qarşısında çaş-baş qalmaq da mümkündür. Və yaxud da əksinə, müəllif bilərəkdən əsərin müəyyən məqamlarında hadisələrin içində olan oxucunu silkələyib qəhrəmanla təkbətək qalmağa imkan vermir: “Mən də buradayam” deyirmiş kimi... Ona görə də, bütün əsərlərində istədiniz-istəmədiniz Akutaqavanı həm o qəhrəmanların yanında, həm də öz yanınızda hiss edəcəksiniz...
***
Yazıçı öz həyatı boyu (yaradıcılığında da eləcə) bir çox suallara cavab axtara bilər.Akutaqavanın cavablandırmağa çalışdığı suallardan biri psixi xəstəliklə bağlı idi. O, belə insanları da anlamağa, onların məntiqə sığışmayan hərəkətlərini tibbin əksinə gedərək məntiqə sığışdırmağa çalışıb. Gah bu insanları mistik, izah edilməsi, anlaşılması mümkün olmayan dünya ilə əlaqələndirib, gah da qeyri-adiliklərə adilik donu geyindirməklə öz anladığı şəkildə izah etmək istəyib. Məsələn, Akutaqavanın həm mistik dünyadan gələn, həm də real aləmin nümayəndələri olan qəhrəmanlarının həyatında qeyri-adi hadisələr baş verir (“At ayaqları”, “Momotaro”, “Burun”, “Qəribə hadisə”, “İfritə”). Əslində, bu qəribəliklər – qarabasmalar, izləmələr, gözəgörünmələr, qulağın səsə düşməsivə s. psixi xəstəlik sindromlarıdır... Amma qeyri-adiliklərə, anlaşılması və izah edilməsi mümkün olmayan məsələlərə Akutaqava öz qəhrəmanlarının dili ilə cavab verməyə üstünlük verir. Həm də yazıçı bunu onlara etiraf etdirməklə işin öhdəsindən gəlir. Akutaqavaya görə bu, yeganə çıxış yoludur. Həm içində olan qorxudan qurtulmaq, həm də insanların şübhələrini cavablandırmaq üçün.
Elə yəqin ki, buna görə, “İfritə”nin qəhrəmanı reallıqdan uzaq mistik dünya ilə üzləşir, intihara can atır, hərdən isə dəli olduğunu düşünür... Yaxud “Şübhə”nin qəhrəmanı – arvadını öldürən Nakamuro Qendo, nəhayət ki, özünün dəli olduğunu dərk edir. Yeri gəlmişkən, həmin qəhrəmanın dili ilə söylənən fikirlərə diqqət yetirin: “Demək istəyirəm ki, yazıq və ucuz həyatımı bu günə kimi dəli kimi yaşamağa məcbur idim. Həqiqətnmi, dəliyəm? Bu barədə mühakimə etməyi sizə tapşırıram. Əgər dəliyəmsə, onda məni dəliyə çevirən qəlbimizin dərinliklərində yatan yırtıcı deyilmi? Nə qədər ki həmin yırtıcı məni gülə-gülə dəli adlandıran insanların içində və arasında sağdır, deməli, mənim kimi dəlilər hələ çox peyda olacaqlar” (“Şübhə”).
Bu qəribəlik “Ana” əsərində oğlu ölmüş ananın başqa bir körpənin öldüyünü eşidən zaman keçirdiyi sarsıntıda (gülməyə, sevinməyə başlamasında) da görünür. Əslində, onların yaşadıqları, duyduqları və düşündükləri anormal adlandırıla bilər. Bunu, Akutaqava – yəni hadisələrin bədii təsvirçisi də söyləyir. Amma əsas məsələ bundadır ki, bu yazıçıda anormallığı norma kimi dərk etmək, anormallığa haqq qazandırmaq istəyi var. Və bu, Misimanın qəddar-sadist istəyi ilə müqayisədə kövrək, ağrılı və bir qədər də humanist istəkdir. Xüsusilə ona görə ki, yazıçının özü anormallıqla normallıq arasındakı sərhəddə yaşadığını, hər an o sərhədi keçə biləcəyini və geriyə qayıda bilməyəcəyini dərk edir, bu qorxudan qurtulmağı bacarmırdı...
***
Akutaqavanın düşüncələri ömrünün son illərində (o, cəmi on bir illik yaradıcılıq taleyi yaşayıb) daha kəskin xarakter daşıyıb. Hətta onun veranol qəbul edərək ölümə getməyin doğru yol olması haqqında düşüncələri əsərlərində də öz əksini tapıb.
İndi isə ömrünün son illərində yazdığı üç əsər haqqında: “Axmağın həyatı”, “Qaranlıqda dialoq” və “Dişli çarx”.
Akutaqava “Axmağın həyatı”nı yazandan sonra (bu əsər onun ölümündən sonra çap olunub) dostu Kume Masaoya məktub göndərib: “Bu əsərin çap olunub-olunmayacağını özün müəyyən et. Bu əlyazmada mən məqsədli şəkildə fikirlərimlə özümü müdafiə etməyə çalışmamışam”.
Əsərdə psixoloji gərginlik və intihar məqamları çoxdur: “O, otaqda tək yatırdı. Bundan istifadə etmək qərarına gəldi. Kəməriylə pəncərə məhəccərindən özünü asmaq... Amma ilgəyi boynuna keçirən zaman birdən-birə ölümdən qorxdu. Bu, ölümqabağı yaşaya biləcəyi işgəncələrdən qorxu hissi deyildi. Sadəcə, o istəyirdi ki, ölümün yetişmə vaxtını saatla dəqiqləşdirsin. Yəni təcrübədən keçirsin. Bax beləcə, yüngül işgəncələrdən sonra o, yavaş-yavaş ruhunu itirməyə başladığını duydu. Bu mərhələdən keçə bilsəydi, o mütləq ölümə daxil olacaqdı. Saata baxdı – onun işgəncələrinin ömrü cəmi bir dəqiqə və iyirmi neçə saniyə çəkib” (“Ölüm” – “Axmağın həyatı”).
Özünü asmaq istəməsi haqqında o başqa bir əsərində də qeydlər edib: “Qaranlıqda dialoq”da.
“ – Hərdən düşünürəm ki, mən yatağında ölən adamlardan olmayacağam.
Səs: –Deyəsən, heç ölümdən də qorxmursan?
Mən: – Ölməkdən qorxuram. Amma bu elə də çətin iş deyil. Onsuz da, dəfələrlə kəndiri boğazıma keçirmişəm. Hətta iyirmi saniyəlik əzabdan sonra, qəribə də olsa, xoşagələn bir hiss də duymuşam”.
Yaradıcılığında dəfələrlə bu barədə söz açan yazıçının intiharı isə həmişə olduğu kimi, müxtəlif cür izah olunur. Məsələn, V. Qrivinin “Sosial qəddarlığın xoşagəlməzliyi, onu məğlub etmək üçün cəhdlər və bu cəhdlər qarşısında gücsüzlüyün dərki... Bax bu faciəli üçbucağın təsirindən çıxmaq üçün Akutaqava özündə güc tapa bilmədi. Bu, onun əzablı narahatlığına və son nəticədə isə intiharına səbəb oldu” yazırdı.
***
Qeyd etdiyim kimi, “İnsan həyatı bir qutu kibritə bənzəyir. Onunla ciddi davranman gülməlidir, qeyri-ciddi davranman təhlükəli” məşhur kəlamının müəllifi olan Akutaqavanın intiharı yapon ədəbiyyatı üçün təsadüf deyil. Məsələn, 1895-ci ildən 1972-ci ilə qədər Yaponiyada 13 tanınmış yazıçı intihar etmişdir.
Bu məqamda istərdim ki, intiharlar haqqında psixiatr Şaiq Sultanovun dediklərinə nəzər salaq: “İntihar edən adi insanların içərisində də psixi xəstələr var. Onlar psixi pozuntuların təsiri altında həyatlarına qəsd edirlər. Məsələn, qulaqlarına səs gəlir ki: “özünü asmalısan”, “özünü öldürməlisən”. Gec-tez o səsin təsiri altında, ona qalib gələ bilməyib intihar edirlər. Yaxud insanda özünügünahlandırma sayıqlamaları da ola bilər. “Mən günahkaram” deyən insanda mütləq depressiya əmələ gəlir və əhvali-ruhiyyə enən yerdə sui-qəsd fikri yaranır”.
Akutaqavanın özündə və yaradıcılığındakı qəhrəmanlarda da gözəgörünmələr, sayıqlamalar var idi. “Qəribə hadisə”nin qəhrəmanlarının ikisini də qarabasmalar izləyirdi. Yaxud “Dişli çarx”ın qəhrəmanlarını izləyən hallisunasiyalar...
Bir sözlə, həyatı ilə bağlı dəqiq faktlar Akutaqavanın yaradıcılığında da əks olunub. O, xüsusilə ömrünün sonunda işlədiyi üç əsərində keçirdiyi sarsıntıları kəskin şəkildə verir və ölüm, intihar, mənəvi böhran haqqında söz açırdı. Məsələn, “Axmağın həyatı”ndakı düşüncələr, “Qaranlıqda dialoq”dakı kənardan duyulan səslə deyişmə, “Dişli çarx”dakı qəhrəmanın hallisunasiyası... Bütün bunlar onun düşüncələrinin qarmaqarışıqlığı, təfəkkürünün dumanlılığı və ümumiyyətlə, hiss etdikləri və yaşadıqları idi ki, novellalarına gətirilmişdi.
“Onun hətta qələm tutan əli titrəyirdi. Bu azmış kimi, ağzının suyu da axmağa başlamışdı. Beyni böyük dozada qəbul etdiyi veranolun təsirindən ayılan zaman aydın işləyə bilirdi. O da ki cəmi-cümlətani yarımca saat... Demək olar ki, bütün həyatını xəyalda, boşluqda, qarışıq düşüncələrdə keçirirdi” (“Məğlubiyyət” – “Axmağın həyatı”).
Yaxud eyni əsərin başqa bir bölümündə yazırdı: “Onun dostlarından biri dəli olmuşdu. Yoldaşları onu xəstəxanaya yerləşdirdikdə... yadına düşdü ki, Qoqol da ağlı başından çıxandan, dəli olandan sonra öldü...” (“Əsir” – “Axmağın həyatı”).
Ümumiyyətlə, psixi xəstəlikdən sonra intihar etmiş yazıçılar haqqında düşünəndə məni bir sual daha çox maraqlandırır: yaradıcılıq gücü psixi pozuntunun yaranmasına və intihar addımının atılmasına təkan rolu oynaya bilərmi?
Bu sualın cavabını tapmaq üçün yenə də psixiatr Şaiq Sultanovun fikrinə müraciət edək. Amma təəssüf ki, nə o, nə də digər psixiatrlar bu məsələdə dəqiq cavab vermək iqtidarında deyillər. Hələ ki... “Məşhur italyan psixiatrı Çezare Lombrazo “İstedad və ruhi pozuntu” əsərini yazıb və onun nəzəriyyəsi uzun müddət qəbul olunmasa da, əsərdə maraqlı fikirlər var. Burada qoyulan əsas sual belədir: insanda əvvəlcə istedad yaranır, sonra ruhu pozulur, yoxsa əksinə, ruhi pozuntu istedadın yaranmasına yol açır? Əsərdə bir çox yazıçıların adı çəkilir. Eyni zamanda ingilis yazıçısı Conatan Sviftin, yaxud psixi xəstə olan rəssam Van Qoqun... Sviftin “Qulliverin səyahəti” əsəri, əslində, əsl psixi pozuntusu olan adamın əsəri hesab edilə bilər. Çünki insanı normadan kiçik və ya böyük görmək məhz psixi pozuntunun əlamətidir. Hər halda, istedadın ruhun pozulması üçün təkan rolunu oynadığını israrla demək olmaz. Çünki milyonlarla istedadlı insan var ki, ruhi xəstə deyil. Həmçinin milyonlarla ruhi xəstə tanıyırıq ki, istedadlı deyil”.
Nəyinsə normadan kiçik və ya böyük görünməsi, yaxud qarabasmalar, daimi depressiv vəziyyətdə yaşamaq, bu depressiv halda dəfələrlə intihar haqqında düşünmək hətta bunu sınaqdan belə keçirmək... Bütün bunlar Akutaqavanın həyatında da, əsərlərində də faktlarla təsdiqlənir. “Qu quşunun müqəvvası”nda o özü haqqında yazır: “Axmağın həyatı”nı yazan zaman o, köhnə əşyalar alverçisinin dükanında təsadüfən qu quşunun müqəvvasını gördü. Həmin an birdən-birə bütün həyatı gözləri önündən keçdi. Gözləri yaşardı, boğazı əvvəlcə qəhər, sonrasa soyuq bir qəhqəhə ilə tıxandı... Qarşıda onu ya intihar, ya da dəlilik gözləyirdi. Bu barədə düşünə-düşünə o, alaqaranlıq küçə ilə gedirdı. Və özlüyündə onu məhv edəcək taleyini səbirlə gözləmək qərarını verdi”. (“Qu quşunun müqəvvası” – “Axmağın həyatı”).
Akutaqavanın, demək olar ki, bütün əsərlərində özünü narahat edən məsələlərin müzakirəsi, təhlili vardır. Amma qeyd etdiyim son üç əsər onun narahatlığının və qorxularının daha böyük təqdimatçısıdır. “Axmağın həyatı”nın başqa bölümündə o yazırdı: “Yuxusuzluq ona hücum çəkmişdi. Bu azmış kimi, gücü də azalırdı. Müraciət etdiyi həkimlərin hamısı özünəməxsus diaqnoz qoyurdu. Nevrostaniya, oynaqların xroniki soyuqlaması, beyin yorğunluğu... Amma o öz xəstəliyinin səbəbini anlayırdı. O özündən də utanırdı, keçirdiyi qorxu və həyəcana görə cəmiyyətdən də. O bu cəmiyyətə nifrət edirdi. Bu idi onun xəstəliyinin səbəbi” (“Xəstəlik” – “Axmağın həyatı”).
Gördüyünüz kimi, gətirdiyim sitatlar fərqli əsərlərdən götürlüb. Sizcə, bir yazıçı üçün hər addımda yalnız bir məsələ ilə bağlı qoyulan suala cavab tapmaq cəhdi nə dərəcədə normaldır? Və ya nə dərəcədə təsadüf sayılmalıdır?
Öz məninin, dünyasının dərinliklərinə qapıldıqca bu yazıçının bütün sualları bir cavaba aparıb çıxarırdı. Məqsədlimi, məqsədsizmi – bu barədə düşünməyə dəyər... Sizin nəticəniz nə olacaq, bilmirəm. Mənim nəticəm isə budur: Akutaqava üçün bu, içindən çıxa bilmədiyi bir məkandır. Və o məkanda çırpınmanın heç bir məqsədi ola bilməzdi... Oradan çıxmaq istəyi olsa da...
“Maylender ölümün cazibədarlığını çox düzgün təsvir edir. Həqiqətən də, hansısa bir təsadüf nəticəsində biz ölümün cazibəsini hiss ediriksə, onun təsirindən ayrılmaq olmur. Bundan başqa, ölüm haqqında düşünərkən biz onun ətrafında fırlanaraq dairələr cızmağa başlayırıq”. (“Ölüm” – “Piqmeyin sözləri”)
Akutaqavanın həyatında bir çox şeylər təəccüb doğurur və “həyatın ironiyası” adlandırıla bilər. Məsələn, öz çıxışlarında intihar etmiş yazıçıları qınamasından tutmuş ölümü sınaqdan keçirmək istəyən qələm adamlarını ittiham etməsinə qədər... Özü dəfələrlə intihara – ölümə hansı etaplardan adlamaq lazım gəldiyini öyrənmək üçün eksperimentlər keçirsə də, bu haqda fikir yürüdən Stinberqi qınayırdı: “Stinberq “Əfsanələr”də yazırdı ki, ölümün əzablı olub-olmadığını sınaqdan keçirib. Amma oynayaraq belə bir sınağı həyata keçirmək mümkün deyil. Stinberq ölmək istəyən, amma ölə bilməyən insanlardan biridir” (“Stinberq” – “Piqmeyin sözləri”).
Yazıçı onu da anlayırdı ki, istər özünün, istərsə də başqalarının bu sirri açmaq üçün etdikləri cəhd eksperiment olaraq qalacaq. Əlbəttə ki, o addımı atıb geri qayıtmağın mümkünsüz olduğu kriteriyanı keçməsən... Və Stinberqi “Ölə bilməyən insan” adlandıran Akutaqava öz həyatında bu eksperimenti reallaşdırdı və ölə bilənlər cərgəsinə qoşuldu. Həm də könüllü şəkildə.
Bütün bunlarla yanaşı o, yaşamaq, mübarizə aparmaq haqqında da düşünüb. Düşünməyinə düşünüb, amma bu düşüncənin özündə də, sonucunda da intihar dayanıb: “Biz həyatla mübarizə apara- apara onunla mübarizənin nə demək olduğunu və bunu necə etmək lazım gəldiyini öyrənirik. O adam ki, bu axmaq oyuna hiddətsiz baxmağı bacarmır, yaxşı olar, səhnədən uzaqlaşsın. Əlbəttə, intiharın yaxşı üsul olması şübhəsizdir. Amma həyat səhnəsində qalxmaq istəyən kəs yaralardan qorxmadan mübarizə aparmağı bacarmalıdır”(“İnsan həyatı”).
Bax, bu cür qəribə “optimist” mühakimələr yürüdən Akutaqava bir şeydə yanılırdı: “Xoşbəxtlikdən, insanı necə öldüyünə görə o qədər də ciddi mühakimə etmirlər. Bizi daha çox necə yaşadığımıza görə mühakimə edirlər” (“At ayaqları”).
***
Akutaqavanın maraqlı əsərlərindən biri – “Cəhənnəm əzabları” haqqında danışmasaq, olmaz. Burada əslində, psixi cəhətdən anormal olan rəssamın həyatı və çəkdiyi əsərdən danışılır. Rəssam cəhənnəmi təsvir etmək üçün öz şagirdlərinin əzablarını görməyə belə razılıq verir. O, kiminin üzərinə yırtıcı quşun şığımasını, kiminin zəncirə sarınmasını və ən nəhayət, öz qızının odun içində yanmasını müşahidə edir. Həmin rəssam – Yesexide son anda intihara əl atır: “Yesexide “Cəhənnəm əzabları” şəklini bitirərək öz otağında özünü asdı”.
Belə bir sonluq ölümü bilmək istəyən, onun sirrini açmağa çalışan insanın müşahidədən istədiyi dərəcədə yararlana bilmədiyinin məntiqli nəticəsidir. Və Akutaqava hər dəfə belə bir məntiqi nəticəni ortaya qoyur. Məncə, mənim də bu məqamda ortaya atdığım məntiqi nəticə - həyat və yaradıcılıq paraleli, yaradıcılıqakı intiharla şəxsiyyət daxilində bu istəyin (xüsusilə də şüuraltı!!!) mövcudluğu, hələ ki, sübutunu tapır.
Bu məqamda başqa misallar da çəkə bilərəm.
“Üç pəncərə”də zabitin intiharı və “Mən başa düşmürəm, belə şeylərə görə də intihar edirlər?” sualı, “General”da qoca generalla oğlunun söhbəti əsasında “Generalın nəyə görə intihar etdiyini birtəhər anlaya bilərəm. Lakin bu ərəfədə nə üçün şəkil çəkdirdiyini heç cür başa düşmürəm. İnanmıram ki, o bunu ölümündən sonra şəkillərinin vitrinə qoyulması üçün edib” fikirlərini xatırlatmaqla... Bütün bunlar intihar edəcək, həyatına son qoymaq üçün intiharı seçəcək yazıçının düşüncələri idi... Qəhrəmanları haqqında, qəhrəmanlarının dilindən səsləndirilirdi...
***
Yenıə də qayıdaq son yaradıcılıq dövrünə. Qeyd etdiyim kimi, Akutaqavanın yaradıcılğını izlərkən Cek Londonla qəribə bir bənzərliyi yaxaladım. Bu bənzərlik məqamlarından daha birinə toxunum: onların hər ikisi Allahın gülüşünü eşidirdi. Hər ikisi “Allahın gülüşü” adlı bir əsər yazmışdı.
Akutaqava: “Tamamilə gücdən düşmüş halda Radiqenin ölümqabağı sözlərini oxudu və Allahların gülüşü bir daha onun qulaqlarında səsləndi. Bu sözlər belə idi: “Allahın döyüşçüləri arxamca gəlib”. O özünün sentimentallığı, mövhumatçılığı ilə mübarizə aparmağa, özünü ələ almağa çalışırdı. Amma bu mübarizə fiziki mənada mümkünsüz idi. O, orta əsr insanlarına qibtə edirdi. O insanlar ki, Allaha inanırdılar. Amma o Allaha və Allah sevgisinə inanmaq iqtidarında deyildi. Bədbəxtlikdən Allahlar bizim kimi intihar etməyi bacarmırlar...” (“Allahların gülüşü” – “Axmağın həyatı”).
Bu gülüş yaradılmışın üzərində qələbələrin doğurduğu gülüş idi və intihar edən yazıçılar onu eşidirdilər. Bunu xəstə şüurun oynadığı oyun da adlandıra bilərsiniz. Amma... Bəlkə də, toxunulmasına qadağa qoyulan mövzulara əl uzadılmasına verilən bir cəza idi?! Kim bilir?!
***
Düzdür, Akutaqava Allaha inana bilməsə də, hərdən bunun əksini də yazırdı. Daha doğrusu, müəyyən məqamlarda o, yaradılanların yaradılmasında başqa bir “barmağ”ın olduğunu etiraf etmək məcburiyyətində qalırdı: “Ola bilər ki, yazıçı əsərini düşünərək yaratsın. Amma əsəri özlüyündə götürsək, onun gözəlliyinin və eybəcərliyinin müəyyən hissəsi yazıçı dərketməsindən yüksəkdə duran mistika – müəmma dünyasına aiddir. Bütün hissəsi desək, daha düzgün olar”.
O intihar edərkən dünyanı dərkin hansı mərhələsində idi? Bu suala, həqiqətən də, cavab tapmaq istərdim. Ancaq hələlik deyə biləcəyim fikir, özü buna iddialı olmasa da, bu yazıçının yapon ədəbiyyatında böyük yer tutmasıdır. Nə üçün “özü iddialı olmasa” deyirəm? Çünki o iddialı deyildi: “Mən gözləmirəm ki, gələcək zamanlarda qəbul olunmuş yazıçı olacağam. Amma hər halda... yüz il sonra seçilmiş əsərlərimi hansısa oxucunun oxuyacağını təsəvvür edirəm. Başa düşürəm. Ağıllı adamlar axmaq ümidlərimə görə mənə güləcəklər. Amma nəzərə alın ki, gülməyi mən özüm də bacarıram. Hərçənd ki, öz axmaqlığıma güləndə mənəvi gücsüzlüyümə görə özümdən zəhləm gedir. Özümlə bərabər bütün aciz və gücsüz insanlara acıyıram” (“Gələcək həyat”)
Akutaqavanın həyat və yaradıcılığı haqqında onun ölümündən sonra çox şeylər yazıldı. Yazılanlar arasında ən asan tapılan söz “mənəvi böhran” ifadəsi idi. Bu yazıçının intiharını bundan sadə nə ilə izah etmək olardı ki?
Məsələn, Feldman yazırdı: “Onun, onsuz da, şən olmayan əsərləri ömrünün son illərində daha çox qəmgin çalarlar əldə etməyə başlamışdı. Buna yazıçının keçirdiyi mənəvi böhran və 20-ci illərin əvvəllərində yaşadığı sarsıntılar səbəb olmuşdur”.
Amma sizə bir söz deyimmi? Məncə, Akutaqavanın bu məqamda (yəni mənim kitabları və qeydləri qarşıma töküb nəyisə kəşf etmiş kimi sevindiyim və ya əksinə, faktların oxşarlığından qəzəbləndiyim, sizin isə bu yazını oxuduğunuz vaxt) bizə söz demək imkanı olsaydı, bunları deyərdi. Sizə qəribə gəlməsin, amma mən yüzdə yüz bu sözləri deyəcəyinə əminəm: “Cahil insanların düşündüyü kimi, sirrin qapısını açmaq elə də çətin deyil! Əksinə, o qapını bağlamaq çətindir. Bax budur qorxulu məsələ. Ona görə də, yaxşısı budur ki, belə məsələlərə toxunmayasan” (“Xaricilər” – “Yasukitinin qeydlərindən”).
Bu aciz insan, amma qəribə və maraqlı yazıçı 1927- ci il iyulun 4-də sübh çağı böyük dozada yuxu dərmanı içməklə intihar edib. Və bunun nə dərəcədə növbəti bir eksperiment (dəfələrlə keçirdiyi!) olub-olmadığını söyləmək çox çətindir.