“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı” rubrikasında bugünkü qonağımız bu günlərdə ölkəmizə təşrif buyuran tanınmış özbək yazarı Xasiyyət Rüstəmdir. Onunla İntiqam Yaşar söhbətləşir.
-Salam, Xasiyyət xanım, vətəndən vətənə xoş gəlmisiniz. Səfəriniz necə keçir?
-Salam. Çox yaxşı. O qədər yaxşı keçir ki, bu günləri heç yaşamadım doğrusu. Millət vəkili Qənirə xanım Paşayevanın Bakıdakı iş otağında başlayıb, Sumqayıtda Əli Kərim adına Poeziya evində, ondan sonra Gədəbəydə keçən kitab təqdimatları və mənim yaşadığım günlər heç xatirələrimdən çıxmaz, bir ömür, bu dəqiqdir. Amma kitab, bilirsiniz ki, təqdimat üçün yazılmır. Bu ayrıca bir şeydir. Mən o qədər gözəl insanları gördüm ki, Gədəbəydə, bu cür insanlar, bu cür evlər, bu cür yollar, belə, asiman… Hamısı üçün darıxmışdım sanki. Amma heç fərqində olmamışam. Görən kimi çox içdən xoşbəxt oldum. Çox gözəl günlər yaşadım. O qədər gözəl günlər ki, bunu sözlə ifadə edə bilmirəm.
-“44 gün” kitabınızın təqdimatları baş tutdu. Necə keçdi təqdimatlar?
-Bu təqdimatlarda da onu gördüm ki, insanlar vətənlərini necə sevirlər. Bunu anlamaq mümkün idi. Onların gözlərindən tutmuş geyimlərinə qədər hər şey bu haqda danışırdı. Mən bunu çox gözəl hiss etdim, anladım ki Azərbaycanda vətənini sevməyən insan yoxdur. Hər kəs öz vətənini sevir, doğrudur, amma bunu göstərmək də asan deyil. Azərbaycanlılar bunu bacarır.
-İstərdim bir az kitab haqda oxucuları bilgiləndirəsiniz.
-Bu haqda mən mətbuatınıza bu gün bir müsahibə verdim. Bilirsinizmi, 44gün içində bir başqa günlər yaşadıq. Mənim evimdə uşaqlarım, ailəm, anam, çevrəmdəkilər bir başqa cür keçirdilər bu günləri. Mənim anam bacıma deyirdi ki, bacından soruş, Azərbaycanda vəziyyət necədir? Bacım deyirdi, internetdə oxudum, vəziyyət bir az yaxşıdır. Anam deyirdi, sən internetə inanma, sən bacından soruş. (Gülür) Anam üçün mən Azərbaycan kimi idim o günlərdə. Bu kitab çox az vaxtda yazıldığı üçün kitab halında hazırlamaq, çap etmək, qısa vaxtda necə alındı, heç bilmədim. Bunu kitabın oxucuları biləcək. Amma bu kitab mənim tərəfimdən məcburiyyətdən yazılmadı, məni heç kim məcbur etmədi ki, yazam. Bu yazıları yazdıqdan sonra baxdım ki, bu yazılarda qısa zamanda mənim ailəm və çevrəmdəkilərin düşüncəsi, hissləri, şəxsi keyfiyyətləri, bir növ, əks olunub. Biz içinizdəki duyğuları, hissləri kağıza yaza biliriksə, bu, bizim üçün mühüm bir şey kimi görünür. Bu mənim üçün zəruri idi. Bu hisslər keçdikdən sonra bir əhəmiyyəti qalmır. Amma kağıza yazmağımız o ankı hissləri əbədiləşdirir. Bir dəfə siz Bakıda “Adı Lalə idi o qızın” kitabımın təqdimatını etdiniz, bu təqdimat oldu, bitdi. Mənim gündəlik yazmaq kimi bir adətim var, hər gün yazmalıyam onu. Bir dəfə gözdən keçirəndə gündəliyimi, o günləri bir daha gözümdə canlandırdım. Ondan sonra düşündüm ki, özüm üçün, Azərbaycan xalqı üçün kitab şəklində bir xatirəm də olmalıdır.
-Bu gün Özbəkistan-Azərbaycan ədəbi əlaqələrində önəmli fəaliyyətiniz var. Əlaqələrimiz hansı səviyyədədir?
-Əvvəlkindən yaxşıdır. Bilmirəm biz yaxşı etdik bunu, yoxsa başqa bir səbəbi var, amma əvvəllər çox pis idi. Mən bilirdim. Misal üçün, bizim oxucularımız, övladlarımız, ədəbiyyat adamlarımız Azərbaycandakı Əkbər Qoşalını da, İntiqam Yaşarı da, Ümid Nəccarini də bilməzdi, tanımazdı. Allaha şükür, “Kitab dünyası” qəzetində biz xeyli Azərbaycan müəllifini çap etdik, bunlardan Rüstəm Behrudi, Rəsmiyyə Sabir, Təranə Turan və s. çox adları saymaq olar. İndi hər kəs onları tanıyır. Əvvəllər tanımırdılar, təsəvvürləri yox idi. Azərbaycan şair və yazıçılar haqqında təəssüratları var artıq bizim oxucuların. Əvvəllər niyə yox idi? Çünki dərc edilmirdilər. Məsəlçün mənim onların nə yazdıqları haqqında məlumatım yox idi. Mən görmürdüm. Sadəcə bir neçə nəfər vardı: Sabir Rüstəmxanlı, Anar, Elçin. Belə böyük yazarların da qısa-qısa yazıları zaman-zaman çap olunurdu. Amma indiki nəsil haqqında, indiki nəsil şair-yazarlar haqqında məlumat yox idi.
- "Kitab dünyası" qəzetinin baş redaktorusunuz. Qəzetiniz haqda oxuculara hansı məlumatları vermək istərdiniz?
-Bizdə “Kitab dünyası” qəzeti redaksiya heyəti mənə deyir, siz azərbaycanlıları çox yayımlayırsınız. Mən də deyirəm ki, bəli, ədəbiyyatın nə dili var, nə milliyəti. Mənim üçün bu belədir. Bir yazıçının, şairin, milliyətindən daha əsas onun əsəridir. Mən buna diqqət edirəm. Çünki mənim qəzetimin oxucusu əsəri oxuyur, şair-yazıçının həyatı və ya məmləkəti haqqında məlumatı deyil. Ona görə mən oxucularıma yaxşı nümunələr təqdim etmək istəyirəm. Biz “Kitab dünyası” qəzetini ayda iki dəfə çap etdiririk, bir növ oxucularımızı qonaq edirik. Bilirsiniz necədir?! Qonaq qəbul edəndə istəyirsiniz ki, ən yaxşısını ona təqdim edəsiniz. Biz də elə edirik, yaxşısını təqdim etmək istəyirik. Bu, istər italiyalı olsun, istər vyetnamlı, istər azərbaycanlı, fərq etmir. Əsas odur ki, gözəl bir əsər ortaya qoyulsun.
- Demək olar ki, qəzetinizin bütün saylarında Azərbaycan yazarlarının yazılarına yer verirsiniz. İrəliyə yönəlik Azərbaycanla bağlı nə kimi planlarınız var?
-Mən deyərdim ki, Azərbaycanın gənc şair və yazıçıları və bizim şair, yazarlar 10 günlük qonaq kimi ölkələrimizdə səfərdə olsunlar. Məsəl üçün: on şair və ya yazıçı bizdən sizə gəlsin, on şair- yazıçı sizdən bizə gəlsin. Bir-biriləri ilə ortaq olsunlar, dəstək olsunlar. Ədəbiyyat necə gözəl yaranar, bilirsinizmi? Bunu reallaşdırmaq üçün mənim belə bir planım var. Covid bizim işləri ləngitdi, mən Coviddən öncə bu məsələ haqqında düşünürdüm, planlayırdım. Hətta iş yerimdə də ədəbiyyat xadimləri ilə müzakirə etmişdik, fikir bildirmişdilər ki, bu məsələləri irəlilətmənin yaxşı olacağının fərqindəyik, amma Covid çox ara verdirir. Buna baxmayaraq çalışırıq ki, işlərimizə davam etdirək və inşallah, buna nail olarıq.
-Özbəkistandan baxarkən Azərbaycan ədəbiyyatı necə görünür?
-Sizin çox yaxşı ədəbiyyatınız var. Dilinizdə şeirlərinizin çox gözəl ahəngi var, bir musiqi kimidir. Sizin ədəbiyyatda şeirlər öz musiqiləri ilə yaranır sanki. Bu sadəcə fars ədəbiyyatında və sizlərdə var, başqa heç yerdə yoxdur. Mən daim deyəcəm bunu. Ahənglər sizdə və fars, taciklərdə var. Mahnının musiqisi olduğu kimi, sizin də şeirlərinizin musiqisi var. Ona görə qulağa çox xoş gəlir, xitab edir.
- Özbəkistan oxucusu hansı Azərbaycan müəlliflərini oxuyur?
-Mən gəncliyimdə Maqsud Şeyxzadədən oxuyanda elə bilirdim özbəkdir, azərbaycanlı olduğunu bilmirdim. Bilmirəm niyə belə idi o zaman. Elə ki universitetə başladım, onda bildim və şok oldum. O qədər çox tanınırdı ki bizdə. Azərbaycanlılardan bizə, Özbəkistana, gedib- gələn çoxdur. Misal üçün, Xəlil Rza Ulutürk, Rəsul Rza, Bəxtiyar Vahabzadəni çox sevirəm. Azərbaycanca oxusam belə çox yaxşı anlayıram onları. Keçmişdən qalma bir kitabı var məndə Bəxtiyar Vahabzadənin, tədbirlərin birində birinin əlində gördüm və o kitabı mənə verərsinizmi dedim. Əlbəttə verdi. Mən oxuduqca gördüm ki, Özbək türkcəsinə çox yaxındı Azərbaycan türkcəsi. Bilmirəm, bəlkə əvvəllər də belə olub, yoxsa sonra sivilizasiya belə edib. İndiki dövrdə bizdə tərcüməçi problemi var, bu məhdudiyyəti aradan qaldırsaydılar yaxşı olardı. Çünki tərcümə çox şeyləri həll edə bilir. Şeirdə tərcümə məsələsi çox vacibdir. Bizə çox deyirlər, azərbaycanlı gənclərin kitablarını yayımlamaq istəyirik, necə etsək yaxşı olar? Çox sevirlər sizi. İntiqam, siz “Səmərqənd şeir axşamları”na getdiniz, sizin o tədbirə getməyiniz iki dövlət, millət arasında necə gözəl qapı açdı, biləsiniz. Sizi, Tural Turanı çox sevdilər bizim oxucular. Azərbaycanın şeir havasını uddular sanki. Bu, ədəbiyyyat atmosferini yeniləyir. Bu çox gözəl bir şeydir. Mən başqa qəzet və jyrnallarda görmürəm Azərbaycan yazıçılarını. Mən özüm “Kitab dünyası”qəzetində işlədiyim üçün əlbəttə kitablar çap edilsə sevə-sevə razı olaram.
-“Kitab dünyası” qəzeti Azərbaycanda da kifayət qədər məşhurdur. Azərbaycan müəllifləri qəzetinizdə çıxış etmək üçün maraq göstərirlərmi, əlaqə yaratmağa çalışırlarmı?
-Mənə internet üzərindən çox yazırlar ki, yarım səhifənin qiyməti “Kitab dünyası” qəzetində nə qədərdir, (gülür), mən cavab verirəm ki, həqiqətən gözəl işlər olarsa biz sizə ödəniş edərik. Əlbəttə bizə xoşdur, biz məmnun oluruq, qəzetimizə bu maraqdan. Özbəkistanda da müəlliflər bizim qəzetdə çap olunduqda söyəyirlər ki, “mən öz kitabımın çap olunmağından çox sizin qəzetdə çap olunmağıma sevindim”.
-Şuşaya getdiniz. Şuşa necə idi? Xəyallarınızdakı Şuşanı görmək necə bir hiss idi?
- Mən Şuşanı başqa cür təsəvvür edirdim desəm, yalan olardı, başqa cür təsəvvür etməmişdim. Şuşanı elə Şuşa kimi təsəvvür etmişdim. Şuşaya sözün əsl mənasında heyran qaldım. Mən həyatımda ilk dəfə gördüm Şuşanı. Lakin mənim xəyalımda da Şuşa elə olduğu kimi idi. Ağaclarından otlarına qədər tanıyırdım Şuşanı. Heyran qaldım, çox həyəcanlandım. Xurşidbanı Natəvanın və digər şəxsiyyətlərin güllələnmiş heykəllərini gördüm, ermənilər tərəfindən dağıdılmış muzeyləri gördüm. Çox üzüldüm. Mədəniyyətə atılmış daş Kəbəyə atılmış daş kimidir. Heykəllərdəki güllə yerlərini gördüyümdə ürəyim ağrıdı. Sanki, o güllələri mənə atmışdılar.
-Təşəkkür edirəm söhbət üçün. Hər zaman gəlin Azərbaycana.
-Təşəkkür edirəm. Var olun.