Öz dərdi özünə bəs edən şair,
Sən kimin dərdini çəkirsən, adam?
Salam ver salamın alınsın yetər,
Gülümsə, sonra da cavab ver, şadam.
Bu azad ölkədə qələm götürüb,
Hər sözü, kəlməni yazmaq olmayır.
Öz dərdi özünə bəs edən şair,
Pulsuz məzarı da qazmaq olmayır.
Sən kimin dərdini çəkirsən belə,
Qoyub yurd- yuvanı qaçanlarınmı?
Verib öz yerini qara tikana,
Özgə bağçalarda açanlarınmı?
Yığıb ətrafına pisi, nadanı
Yaxşı qapıları döyməz bu dünya.
Nə olsun böyükdü yeri-göyü var,
Sənin qələminə dəyməz bu dünya.
Düz olmaq, düz qalmaq, düz yaşamaqdı
Bir budaq sınmağa məhkum, əyilsə.
Sən kimin dərdini çəkirsən, adam?
Adam sandıqların adam deyilsə.