Əkbər Qoşalı: “Ədəbiyyatda, mədəniyyətdə süniçilik, qondarmaçılıq, intriqa, əsilsiz barışmazlıqlar olursa, bu, ilk növbədə həmin yaramaz prosesləri aparanların özlərinə ziyan edir” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bugünkü qonağımız şair, ictimai xadim, türk dünyası ədəbi əlaqələrində böyük rol oynayan ədəbiyyat funksioneri, son günlər adı tez-tez gündəmə gələn, xüsusən Şuşa barədə poetik misralarla diqqət çəkən Əkbər Qoşalıdır. Qonaqla İntiqam Yaşar söhbətləşir.

 

 

 

-Salam Əkbər bəy, qalib ölkənin qalib vətəndaşı və şairi nə düşünür, nə yazır?

 

-Salam. Qalib ölkə vətəndaşı olmaq elə bir duyğudur ki, biz bu duyğuya, əslində, çox həsrət qalmışdıq. Dövlətimiz, ordumuz, dövlət başcımız bizə elə bir hadisə yaşatdı ki, son onilliklərin deyil, hardasa son iki yüz ilin həsrətinin təlafisi idi bu. Artıq qalib ölkənin şairi, yazıçısı, ziyalısı olmaqdan ziyadə ən sıravi vətandaşı hansı hisslərə malikdirsə bax o hissləri, duyğuları paylaşmaq istərdim. Qalib ölkənin ən sıravi vətəndaşı olmaq xoşdur, nəinki getsin, gəlməsin, biz uzun illər məğlubiyyət acısı ilə yaşamışdıq. Düzdür bu keçici məğlubiyyət idi, amma torpaqlarımız işğal altında idi və biz o ağrı-acını yaşayırdıq. Yazdıqlarından, vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq hər bir yazar üçün o elə bir ağrı idi ki, indi ən ümumiləşmiş sözlə “getsin, gəlməsin” deyirik. İnşallah, bundan sonra Azərbaycanımız öz intibahının, çiçəklənməsinin sevincini yaşadacaq öz vətəndaşlarına, vətəndaşlarımız da  ölkəmizə. Ölkəmizin kainatın ruhu boyda ruhu, ölkəmizin rəsmi sınırlarını aşan mədəniyyətinin gətirdiyi kəramət bizə sevinclər vəd edəcək, inşallah.

 

- Zamanı şeirlə yaşamaq olurmu?

 

-Şeirdən danışarkən, ədəbiyyatdan danışarkən, incəsənətdən danışarkən, ümumiyyətlə mədəniyyətdən danışarkən adətən zamanüstü, zamansızlıq, məkansızlıq, zamanı, məkanı aşan anlayışlar ön plana çıxır. Əlbəttə, bunu unutmuş deyilik. Bununla bərabər belə bir anlayış da var ki, yaradıcı insan ilk növbədə öz zəmanəsinin salnaməsidir həm də. Bilirsinizmi? Burda həm də yazılacaq, işlənəcək mövzudan asılı olmayaraq, istər-istəməz gələcək nəsillər həmin yaradıcı insanın zamanının izlərini görürlər. Bax indi biz 2021-ci ildə “Nizami ili”ni qeyd edirik, Nizami Gəncəvinin yubileyini qeyd edirik, eyni zamanda 12-ci əsrə Nizaminin əsərləri ilə baxırıq, səyahət edirik o dövrün gerçəkliklərinə.  Və ya  14-cü əsr yıxılır, durur,  tutur Nəsiminin ətəklərindən.

 

- Şair Əkbər Qoşalı, publisist Əkbər Qoşalı, ictimai xadim Əkbər Qoşalı... Çətinlik, məsuliyyət, həvəs?

 

-Mən, bilirsinizmi, məşğul olduğum işlərin hamısıyla gücüm çatdığı qədər məsuliyyətlə məşğul olmağa çalışmışam. Amma yaradıcılıq məşğuliyyətdən daha artıq sözlər tələb edən bir  kateqoriyadır, ona görə də nə yazmışıqsa, necə yazmışıqsa, necə rəftar etmişiksə, necə davranmışıqsa, necə bir əsər ortaya qoya bilmişiksə, istər cavanlıqda istər indiki dövrümüzdə, o bizim taleyimizdir, o bizim özkeçmişimizdir və mən onu xüsusi cümlələrlə süsləməzdim, şərh etmək istəməzdim. Bəlkə də sonrakı nəsillər daha uyğun qiymət verəcəklər. Mən özümü ikiləşmiş, üçləşmiş təqdim etmək istəməzdim. Bütün hallarda eyni insan öz düşüncələrini, fikrini başqa formada, başqa kateqoriyada çatdırmış olur. Bəzən, əgər mənim, məsəlçün, yaxşı rəssamlıq qabiliyyətim olsaydı, yaxşı saz ifa edə bilsəydim, mən orda da şeirdə ifadə etdiyim duyğuları ifadə edərdim. Heykəltəraş olsam orda da şeirlə ifadə etmək istədiyim duyğuları ifadə edərdim. Ümumiyyətlə, o fikirə şərikəm ki, mən burda konkret öz fikrimi demirəm, ümumi dəyərləndirmə aparıram, “İstedadın təzahürü vahiddir”. Hərəmizdə bir cür təzahür edir. Məsəlçün çox istedadlı bir kulinar, çox istedadlı bir sürücü, çox istedadlı bir şair və ya mühəndis o nüvəyə  istinadən öz əsərini yaradır, öz işini görür, öz yoluna gedir. O mənada mən fərdiləşdirmədən, ikiləşdirmədən, üçləşdirmədən elə bilirəm ki, yazdıqlarımız bizim taleyimizdir.

 

- İllərin o tayına boylandıqda bir şairin itirdikləri, yoxsa qazandıqları yaddaşınızda dərin izlər buraxıb?

 

-İllərin o tayında həsrət var, illərin o tayında özləm var, illərin o tayında bəlkələr var. Amma bütün hallarda keçmiş keçmişdir, keçmiş gələcək deyil, məlumunuz. Ona görə də mən, itirdiklərimə, etmədiklərimə peşiman olmaqdan ziyadə, peşiman olmamaq düşüncəsində cavab vermək istərdim və bu düşüncəyə hakim olmaq istərdim. Bütün hallarda, bilirsinizmi, peşimançılıq da, düşünmək də, daşınmaq da, keşkə də, bu bizim dilimizdə, leksikonumuzda olan sözlərdir. Bu sözlər havayı yaranmayıb. Bu sözlər varsa, demək bu sözlərin ifadə etdiyi hisslər də var, həyəcanlar da var. Hər şeyin bir dərəcəsi var, hər şeyin istər-istəməz çərçivəsi demək istəməzdim, hər şeyin dövlətin sınırları kimi və yaxud hər insanın məhlədə öz evinin sınırı kimi sınırları da var. Hətta, evdə hərəmizin öz köşəmizin olduğu kimi yəqin ki, bu hisslərin də bir sınırı var. Bizim cavanlığımız elə dövrə düşdü ki, torpaqlarımız işğal altında idi. Birinci sualın cavabında da qeyd etdiyim kimi. Bu bizim istər-istəməz ömrümüzə və yazdıqlarımıza hopdu. O illərdə hadisələrin gedişi başqa cür olsaydı, bəlkə də bizim həyat yolumuz da başqa cür olardı. Amma bu, məndən və mənim zamandaşlarımdan asılı bir məsələ deyildi. Belə oldu, belə alındı. Keçmiş olsun.

 

- Bir zamanlar Əkbər bəyə doğulduğu Qoşa kəndindən Bakı çox uzaq görünürdü, yoxsa sonralar  Bakıdan Türk dünyası?

 

-Bakı da, Qoşa da, Kərkük də, Təbriz də, Urumçi də, bunlar hamısı bizim könlümüzün məntəqələridir, könlümüzün yaşayış yerləridir. Məsələn, mənim əlimdə belə bir imkan olsaydı ki, dünyanın ən məhşur şəhərlərinə getmək, deyək ki,  Parisə,  Nyu-Yorka, Londona, Mexikoya, Pekinə yox, mən seçim olaraq Ərdəbili seçərdim, Təbrizi seçərdim əlbəttə. Ərdəbildə, Təbrizdə yerləşən ən ucqar bir yerdə yerləşən evi seçərdim. Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda, Türkmənistanda, İraqda ən ucqar bir kənd evini seçərdim. Bu mənada Qoşadan Tovuza, Tovuzdan Bakıya, Bakıdan Türk dünyasına, bu  mənim yalnız könlümün yox, doğrudan da fiziki yolçuluğumun xəritəsidir. Bu xəritəni mənə qismət edən Tanrıma çox şükürlər olsun deyirəm.

 

-Əkbər bəy, 20 il əvvəlin Türk dünyası ölkə və topluluqları arasındakı istər ədəbi-mədəni münasibətləri, istərsə də  ictimai-siyasi münasibətləri müqayisə edəndə fərqlər?

 

-O dövrlərdə ki, biz başlamışdıq ortaq platforma düzəltməyə, Türk dünyasının yazarlarını bir araya gətirməyə, o dövrdə buna çox ehtiyac var idi. Ortaq Türk qurumları ya bu işlə məşğul olmurdu, ya da gərəyincə məşğul olmurdu və ya ümumiyyətlə ortaq Türk qurumları yox idi. İndi şükür Allaha, bu gün Türksoy çox böyük fəaliyyəti ilə seçilir, artıq 30 illiyini qeyd edir. Türk akademiyası var Nursultan şəhərində, maşallah olsun, Türk Mədəniyyət Fondu var Bakıda, Türk PA var, Türkiyə dövlət başcılarının daimi başçılarının katibliyi var İstanbulda. Bunlardan pərvazlanan, çiçəklənən qurumlar var, dövlət qurumlarının yanında. Bizim Dünya Gənc Türk Yazarlar Birliyi 20 ildən artıqdır ki, fəaliyyəti dövründə bəlli bir sistem yaradıbdır, təşkilat özkeçmişi yaradıbdır. Buna görə, əlbəttə illər öncəsi ilə bu günü müqayisə etdikdə Türk dünyasında çox fərqli bir yerə gəlib çıxmışıq. Bu gün mən sizə deyə bilərəm ki, Qarabağda zəfər qazanərkən bizim gənclərimizin xüsusi vətənpərvərliklə, məhz xüsusi deyirəm, əlbəttə vətənpərvərlik xüsusi hadisədir, Qarabağda qazandığımız zəfər də xüsusi hadisədir, amma o xüsusilərin içindəki xüsusiləri də fərqləndirərək, qeyd edərək, habelə, Türkiyədəki meşə yanğınlarında azərbaycanlı gənclərin xüsusi kateqoriyadaki şərh edəcəyimiz davranışı, bunların hamısı bəlkə bir xeyli də mədəniyyətimizdən, ədəbiyyatımızdan hələ-hələ onilliklər ərzində də yazılmışlardan, təşkil olunmuş işlərdən qaynaqlanır, bunları yanaşı qoymaqla türk sevgisini izhar etmək olar. Bilirsinizmi, bəlkə də burda biləvasitə həmin  gənclər bizim hansısa toplantımızda iştirak etməyib, biləvasitə biz onların bir çoxu ilə təmasda olmamışıq, amma bu ünsiyyət yalnız fiziki ünsiyyət deyil, dalğa-dalğa yayılan bir enerjidən danışırıq, bir yerdə başlayıb, bir yerdə bitən enerjidən danışırıq. Yazılan əsərlərdən, kitablardan süzülənlərdən danışırıq, televiziya çıxışlarından, mətbuatın tirajlanmalarından danışırıq. Və nəticə etibarı ilə çox şadıq ki, bu gün Türk dünyasında çox fərqli yerlərə gəlmişik və çox fərqli yerlərə getməyə də yalnız  ümidimiz yox, böyük inamımız var. Bu inamı bizə dövlətimiz, dövlət başçımız, bizə böyük mənada Türk dünyasına xitab edən qərarlar verir. Azərbaycan və Türkiyə dövlət başçılarının imzaladıqları Şuşa Bəyannaməsi. Azərbaycan, Türkiyə və Pakistan parlament başçılarının birgə  imzaladıqları Bakı Bəyannaməsi. Bilirsinizmi, bunların hər birindən hər bir vətəndaşımızın ömrünə işıq düşür. Biz bu işığın hər kəsin ömründəki zərrəciklərini çox da uzaq olmayan gələcəkdə görəcəyik inşallah.

 

-Türk dünyası  ədəbi gəncliyini birləşdirən xeyli layihələrin müəllifi olmusunuz. Uzun illərin təcrübəsi bundan sonra bu yöndə gənclərin hansı işləri ön planda tutmasını söyləməyə əsas verir?

 

-İndi əlbəttə yeni dönəm yaranıb. Onu çox düz vurğulayırsınız. İndiyə qədər görülən işlər bəlli bir dönəm yaratdı, indi isə bir qədər öncə qeyd etdiyim Şuşa Bəyannaməsi olsun, Bakı bəyannaməsi olsun, bunlardan sonra bu rəsmiyyətin bir də ədəbiyyatda, mədəniyyətdə, gənclik dünyasında inşası var. Mən elə başa düşürəm ki, ictimai fikirlərdən dövləti qərarlara, hüquqi qərarlara, dövlət qərarlarından, dövlət zirvəsinin aldığı qərarlardan da ictimai qərarlara  gələn xəttlər ki var, o xəttlər bir-birini tamamlamalıdır. İctimai fikir belə yaranır, belə böyüyür, belə qidalanır, belə dalğalanır, belə genişlənir və ömürlərə belə səpələnir. Nələri qeyd etmək olar? Məsələn, qabaqlar Türk dünyası coğrafiyası olaraq  cızdığımız bəlli bir  coğrafiya ki var idi, bunu artıq ortaq Türk xalqlarının siyahısına daxil olmaqla Macarıstan, Pakistan (adını çəkdiyim o bəyannamələri nəzərə alaraq təbii ki, Pakistanı qeyd edirəm) böyütdü. Gələcəkdə (baxmayın,  orda hakimiyyət dəyişikliyi olub) Əfqanıstan da bu sıraya qoşula bilər. Digər dövlətlərin də daxil olmasını və daha da genişlənməsini istərdim. Biz əslində ədəbiyyatdan danışırıqsa dünyanın özündən, bütövlükdə bütün xalqlardan, bütün coğrafiyalardan danışırıq. Burda sərhəd yoxdur. Burda qucaqlama var, burda könül var. Günəş kimi yanaşırıq, üfüq kimi yanaşırıq. Bu bizim xalqın xarakteridir. Kimlər ki bizim masanın ətrafında oturmağı, kimlər ki bizimlə bir kitabda olmağı, kimlər ki bizimlə bir könüldə olmağı qəbul eləmir, demək onlar hələ buna hazır deyillər. Bizim könlümüz də, masamız da, kitabımız da, bizim üfüqümüz də itələyici deyil, qucaqlayandır. Məqsəd sınır dışına buraxmaq deyil, sınırın, könülün  içinə almaq xəttindədir, üfüqündədir, çiçəyindədir. Bu mənada mən Türk dünyası gəncliyinə, hərçənd ki, gənclərə ən böyük tövsiyyəm odur ki, heç kimin məsləhətinə qulaq asmasınlar, amma hər halda bu sual verilibsə deməliyəm ki, qoy yeni dövrün çağırışlarına qulaq versinlər. Sadəcə qulaq yox, həm də könül versinlər. Yeni dünyanın çağırışları onlara çox böyük mövzular verir və çox böyük meydan vəd edir. Bu meydanda mən Türk dünyası gəncliyinə böyük uğurlar arzu edirəm.

 

-Qarabağın azad olunması bir ədib kimi sizi Türk dünyasının gələcəyi ilə bağlı hansı düşüncələrə daşıyır?

 

-Qarabağın azad olunması bizim yalnız arzumuz deyildi, inamımız idi. Bu inamı şükürlər olsun ki, yazdıqlarımızla, fəaliyyətimizlə əks elətdirmişdik. Çox Şükürlər, bu gün o arzular, o istəklər, o inam çin oldu. “Əziz Şuşa” şeirində bəlkə gücümüz yetdiyi qədər onu ifadə eləməyə çalışmışıq. Qismət olar, bu günlərdə Şuşaya gedərik, bilavasitə gözümüzlə, könlümüzlə görərik. İndiyə qədər arzumuzda, inamımızda olub, həm də bilavasitə ayağımız dəyər. Havasınını udarıq. Bəlkə hələ illər öncə, hələ çox gənc yaşlarında yazdığım bir misra vardı onu xatırlatmaq istərdim: “Mən Şuşada olmamışam, məndən şair olmaz, qardaş.” Mənim doğulduğum kəndin adı Qoşadır, bilirsiniz. Və qoşa ilə Şuşa yalnız həmqafiyə deyil. Dağlarının ucalığı ilə, təbiəti ilə və ruhu ilə bir-birinə çox yaxındır. Mən buna inanıram və o inam yalnız fərdi planda deyil. Mən Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı statusunun təsadüfi olmadığını, onun bir qanunauyğunluq olduğunu dərindən bilirəm, dərindən inanıram. Və bilirəm ki, Şuşa yalnız Azərbaycanın  mədəniyyət paytaxtı olmayıb, yalnız Qafqazın konservatoriyası olmayıb, yalnız Türk dünyasının və İslam dünyasının mənəvi paytaxtlarından biri olmayıb. Doğrudan-doğruya dünyadakı bütün ədalətsevər, bütün haqsevər bütün sülhsevər insanların da könlünün paytaxtı olacaqdır.

 

-44 günlük savaşımız ədəbi-mədəni sektor qarşısında hansı öhdəlikləri qoyur?

 

-Sizin təbirinizcə desək, bütün ədəbi-mədəni sektorumuz  44 günlük Vətən müharibəsində də, ondan öncəki Tovuz hadisələrində də, müharibəsonrası dönəmdə də əsasən özünü sağlam tərəfdən göstərdi. Amma düşünürəm ki, daha böyük potensial vardı. Könül istərdi ki, biz o böyük potensialı barı bundan sonrakı hədəflərimizdə, Göyçə, İrəvan, Zəngəzur hədəflərimizdə meydanda görək. Çünki, dövlətin, dövlət başçısının etdiklərinə müqabil davranmaq mənəvi öhdəliyi var ədəbiyyatımızın, ədəbiyyatçılarımızın, mədəniyyət və incəsənət xadimlərimizin qarşısında. Mənim rəsmi iş yerim olaraq da, mənim bu yaxınlarda seçildiyim Mədəniyyət Nazirliyi yanında İctima Şuranın rəhbər heyətində olmaq etibarı ilə də mədəniyyət dünyasında baş verən hadisələrə bəlkə bir köynək daha yaxından vaqif olmaq, daha çox mənəvi məsuliyyət hiss eləmək gerçəkliyi də var. O mənada belə başa düşürəm ki, yalnız siyasətçilərimiz, yalnız hərbçilərimiz, diplomatlarımız deyil, ədəbiyyatçılarımız, mədəniyyət xadimlərimiz, gənc istdedadlarımız, xüsusilə də bunu əldə silah şəklində demirəm, elə qələmləri ilə, klaviaturaları ilə üzv olduqları sosial şəbəkələri ilə virtual olaraq da hər gün öz fəaliyyətlərinə, öz həyatlarında hiss elətdirməlidirlər. Öz ömürlərini Qarabağa, Qarabağı öz ömürlərinə köçürməlidirlər. Köçürərlər də inşallah. Bilirsinizmi, hamıdan eyni dərəcədə iş gözləmək düzgün deyil. Hamı eyni dərəcədə fəliyyət göstərsə elə onda monoton bir ədəbiyyat mənzərəsi olardı. Hamı eyni şeyi yazardı. Ancaq görürsünüzmü, ədəbiyyatımızda oxşar şeirlər var. Məsələn, Vaqifin, Vidadinin, Zakirin “Durnalar” şeirlərində bir bənddən çox oxşarlıq görə bilmirsən. Oxşarlıq ola bilər, tamamilə oxşarlıq olsa isə monoton bir mənzərə ilə qarşılaşardıq. Mən bu mənada vətənpərvərliyi də, vətəncanlılığı da, vətənə, millətə bağlılığı da bu prizmadan baxmağı və şərh etməyi daha düzgün sayıram. Elə başa düşürəm ki, ədəbiyyatımızı da, mədəniyyətimizi də istər əlində silah, istər əlində qələm xilas etməyə cəhd edən insanlarımız oldu. Və bu cəhd hansısa plan-proqramla olmadı. Cəhdin özü də çox təbii şəkildə meydana çıxdı. İnşallah ki, bundan sonrakı hədəflərimizdə indiyə qədər buraxdığımz səhvləri buraxmadan daha böyük nəticələr əldə etmək inamına da sahibik. Şuşasız bizim işimiz yarımçıq qalar deyən və bizim Şuşasız işimizi yarımçıq qoymayan dövlət başçımız artıq İrəvanla, Zəngəzurla, Göyçə ilə bağlı hədəfləri müyyənləşdiribdir və bizim qarşımızda duran hədəflərimizdə biz də öz şair borcumuzu, yazıçı borcumuzu, vətəndaş borcumuzu yerinə yetirməliyik.

 

-Bu günlərdə Şuşaya həsr etdiyiniz şeiriniz mətbuatda yayımlandı. Şuşa sevgisi, uzun işğal illəri və bu gün... Fikirləriniz maraqlı olar.

 

-Təşəkkür edirəm “Şuşa” şeirini xatırlatdığınız üçün. O şeiri mən yazmamışam. Sadəcə olaraq, könlümdən ekrana köçürmuşəm. Və açığı, gözlədiyimdən artıq ictimai, ədəbi münasibət görməyin də məmnunluğunu yaşamaqdayam. Şeir ümumiyyətlə qurama olmamalıdır. Hər nə qədər quramanın özünü də naxışlarda əks elətdirənlər var. Mən bunlara qarşı çıxmıram. Ancaq, hələ-hələ Şuşa mövzusunda… Şuşa bizdən ötəri müqəddəs mövzudur. Quramaçılıq əlbəttə yolverilməzdir. Ola bilər ki, mənim o şeirimdə heca bölgüsü, şeirin hansısa akademik tələbləri pozulmuş olsun, amma orda ruhun tələbləri yerindədir. Mən məhz o şeirlə bağlı bu cümləni işlətmək istərdim, bu sözü demək istərdim. Fürsətdən istifadə edib bu şeiri öz platformalarında, öz səhifələrində paylaşan bütün könül dostlarına, bütün Şuşa və böyük Azərbaycan sevdalılarına, o cümlədən “Ədəbiyyat və incəsənət” portalına çox təşəkkür edirəm. Həmişə qalibiyyətin və uğurun şeirini yazmaq nəsibimiz olsun.

 

-Daim ədəbi gəncliyin  yaşlı nəsli inkarçılığı və yaşlı nəslin gənclikdən narazılığı özünü göstərib. Bu nəsillərarası mədəni "savaş" ümumi prosesə necə təsir esir, sizcə?

 

-Nəsillər arasında anlaşılmazlıq, oğullar və atalar arasındakı problemlər, bizdən əvvəl də olub, bizim dövrdə də var, bizdən sonra da olmayacaq deyə bir şey yoxdu. Ancaq belə başa düşürəm ki, zəki insanlar, ədəbiyyatın, mədəniyyətin, ümumiyyətlə bu işlərin materiyasına bələd olan adamlar bilirlər ki, bu işlər əgər qaydasında gedirsə cəmiyyətin xeyrinədir. Yox burda süniçilik, qondarmaçılıq, intriqa, əsilsiz barışmazlıqlar olursa, bu, ilk növbədə həmin yaramaz prosesləri aparanların özlərinə ziyan edir və əlbəttə ədəbiyyatda da proseslər ziyan çəkmiş olar, nələrsə ləngimiş olar bilər, nələrsə itirilmiş enerji ilə, belə demək olarsa, əlbəttə enerji itmir bunu bilirik, itirilmiş vaxtla yüklənmiş ola bilər . Ona görə də, nəsillərarası savaş kimi yox, nəsillər arası rəqabət kimi, mükalimə kimi qəbul etmənin tərəfdarı olardım. Azərbaycanda, ədəbi nəsillər anlamında daha çox 20-ci əsrdə repressiya dövrünün ədəbiyyatı və ədəbiyyatçıları, sonra 60-cı illərin ədəbiyyatı, nəsli və nəhayət 90-cı illərin nəsli daha çox deyilir, daha çox təhlil olunur. Birincisi, repressiya dövrü adı üstündə repressiya dövrüdür. İnsanlar günahsız yerə sürgün edilir, güllələnir, elə yalnız Mikayıl Müşfiqin adını çəkmək kifayətdir ki, o məhşum günlərin gərginliyini gözlərimizin önündə canlandıra bilək. 60-cı illər isə, artıq Stalinizmin çökdüyü, Xruşov yumşalması dövrünün  başladığı dövr idi. Bir dövr  başa çatmışdı, başqa bir dönəm gəlməkdə idi, o istər-istəməz bütün əməli fəaliyyət sahələrində, münasibətlər sistemində və yaradıcılıq müstəvisində, ədəbiyyat təsərrüfatında da özünü göstərirdi. Və nəhayət 60-cı illərdə dünya iki qütblü dünyaya tərəf gedirdi, Sosializm və Kapitalizm. Bizim aid olduğumuz coğrafiya sosializmlə hökmlü idi, ədəbiyyatda da görürsünüz, sosializm realizmi aparıcı xətt idi. Biz bunu qəbul etsək də, etməsək də o dövrün gerçəkliyi bundan ibarət idi. İki qütblü dünyada istər- istəməz, dəyərlərin də savaşı gedirdi, ideologiyaların da savaşı gedirdi, bu da ədəbiyyatda da, ədəbiyyatçılar arasında da bir qahmarçılıq hissi yaradırdı. Qaldı ki 90-cı illərə, 90-cı illərdə bu iki sistemdən biri çökdü, biri özünü doğrultmadı. Eyni zamanda Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi, habelə Azərbaycan dövlət müstəqilliyini əldə etməklə bərabər, çox böyük bir hadisə ilə də üzləşdi. Çox təəssüflər olsun ki, müstəqilliyin dadını çıxarmayacaq qədər erkəndən torpaqlarımızın işğalı başladı. Ona görə də 90-cı illərin ədəbi nəsli həm talesiz nəsil sayıla bilər, həm də taleli, bəxtli nəsil sayıla bilər. Burda da ikililik var. Çünki həm dövlət müstəqilliyimizi əldə etmişdik, müstəqilliyimizə qovuşmuşduq, digər tərəfdən də torpaqlarımız işğal olunmuşdu. Xocalı soyqırımını yaşamış nəslin nümayəndəsiyik bizlər. Bax bu ikili hisslər istər-istəməz ədəbi nəsillər arasında da, ədəbiyyatın materiyasında da, bu və digər dərəcədə öz şəkillənməsində çıxış edir. Artıq, bir qədər öncə də dediyimiz kimi, fərqli bir dönəmə daxil olmaqdayıq. Uzun illər ərzində arzuladığımız hadisələr cərəyan edir. Azərbaycan dövlətinin müstəqilliyinin nemətini, sərvətini görməkdəyik. Qürurluyuq, sevincliyik, fəxr edirik, başımız dikdir. Böyük hədəflərlə çıxış edirik və bu hədəflər yalnız sözdə qalmır, realda da özünü göstərəcəyinə inamımız sabitdir.

 

-Zamanın şeirə bugünkü ev sahibliyi qənaətbəxşdirmi? Eləcə də şeirin zamana ev sahibliyi.

 

-Bu suala bir qədər öncə müəyyən qədər cavab vermişdim. Bilirsinizmi, zaman, məkan şeirdə, şeir zaman və məkanda tamamilə qopuq deyildir. Bir-birinin içindədir və ya bir-birinin yanındadır. Hər nə qədər zamanlararası, zamanüstü, zamanyanı, zamansızlıq, çərçivəsizlik anlayışı mövcüddur və biz buna da qarşı deyilik. Bir qədər öncə dediyimiz kimi. Bununla belə zaman axı ilk növbədə, həmin zamandaşların zamanının özündə əbədiyyatda və ya digər yaradıcılıq sahələrində inikas olmalarla özünü göstərir. Yaradıcı insan həm də salnaməçidir, belə demək mümkün olarsa. Doğrudur, o, birbaşa salnamə ilə məşğul deyil, amma on illər sonra, yüz illər sonra, onun yazdıqları qiymətli bir mənbəyə çevrilir. Səməd Vurğunun o məhşur sözləri ki var, deyir, "Hər saxsı parçası hər məzar daşı, nəsildən-nəsilə bir yadigardır". Saxsı daşı və məzar daşı da bir yaradıcılıq nümunəsidir, elə deyilmi? Bəlkə onların üstündə bir söz qalır, bəlkə də onu yaradanın əlinin həniri qalır, amma nəticə etibari ilə o yadigar olur. Nəticə etibarı ilə öz dövrünün texnologiyası, hansı imkanları var idi, hansı mədəniyyət səviyyəsi var idi, hansı ilmə var idi, naxış var idi,  hansı rəng var idi, çeşid var idi, baxış var idi, nə var idi, nə var idi... Bəzən bir saxsı parçasında, məzar daşında onu görə bilirsənsə, sənə zaval yoxdur.  Bir də var ki, 12-ci əsrdə bütöv yaradıcılığı bu günə qədər gəldiyinə inandığımız Nizami Gəncəvi var idi, Xəmsə var idi və istər-istəməz Nizami Gəncəvi dövründə Nizami Gəncəvidən daha artıq dərəcədə başqasını xatırlamırıq. Bu da ədəbiyyatın kəramətidir, ədəbiyyatın qüdsiyyətidir.

 

- Türk dünyası ədəbi gəncliyinə səslənsəniz...

 

-Türk dünyası özünün həm qürurlu günlərini, həm də məsuliyyətli günlərini yaşayır. Əfqanıstanda baş verənlər, Çində baş verənlər, o cümlədən İraqda baş verənlər, o cümlədən hələ də öz dövlət müstəqilliyini əldə edə bilməmiş, habelə öz yaşadığı dədə-baba torpaqlarında dilində məktəbə, qəzetə, televiziyaya malik olmayan elə bizim güneyli qardaşlarımızın timsalında çox da uzağa getmədən, elə türk topluluqları var, xalqlar var, cəmiyyətlər var, o mənada türk gəncliyinin qarşısında hansı vəzifə durur?! Vəzifənin birincisi vəzifələrin dəqiq müəyyyənləşdirilməsindən ibarədir. İkincisi,əməkdaşlıqdan keçir. Türk gəncliyi bütün parametrləri üzrə bir-birini yaxşı tanımalıdır, yaxşı bilməlidir. İstər 44 günlük Vətən savaşında, istər Türkiyədə bu günlərdəki meşə yanğınlarında biz Türk dünyasını arzuladığımız səviyyədə görmədik yanımızda. Amma belə olmamalıdır. Və yaxud da Qırğızıstan-Tacikistan sınırında hadisələr yaşanarkən türk dünyası gəncliyini arzuladığımız səviyyədə gördükmü?! Müsbət cavab vermək xeyli cəsarət tələb edir. Biz Türk dünyasının hər yanında baş verən hadisələrə,  həmin hadisələrin və Türk dünyasının, tariximizin və əcdadımızın arzularının və fəaliyyətinin zirvəsindən baxmalıyıq. Yenə mən Şuşa Bəyənnaməsinə qayıtmaq istərdim. Cənab prezident qiymətli bir söz də dedi orada. Xatırlayırsınızsa, dedi ki, biz bu bəyənnamə ilə əcdadlarımızın arzusunu yerinə yetiririk, onların ruhunu şad edirik və gələcək nəsillər üçün yol cızırıq, yol xəritəsi qoyuruq. Bax mən türk gəncliyini öz  gələcək yol xəritələrini, könül xəritələrini bir an öncə bəlirləməyə dəvət edərdim.

 

-Təşəkkür edirəm maraqlı söhbət üçün.

 

-Mən də təşəkkür edirəm, var olun!

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.