Şuşaya tələsən gənc
1926-cı ilin yayıdır. Azərbaycanın müxtəlif guşələrindən istirahətlərini səmərəli keçirmək üçün adamlar dəstə-dəstə Şuşaya axışır. Ağdamdan Şuşaya qalxan faytonların birində 20-21 yaşlarında bir gənc də oturub. Uzun və pərişan saçlı bu oğlan keçib getdiyi yerləri xüsusi bir maraqla seyr edir, yol boyu gördüyü gözəllikləri gözlərinə köçürür, yaddaşına yazırdı. Tez-tez faytonçuya sual verir, gördüyü yerlərin adını və mənzil başına nə vaxt çatacaqlarını soruşurdu. Faytonçu isə cavabında irəliləri göstərərək: - Darıxma, bala, az qalıb, bax, o axırıncı dolamanı aşandan sonra Şuşaya çatırıq, - deyə bu səbirsiz sərnişini sakitləşdirməyə çalışırdı...
Səməd Şuşanı görməmişdi. Ancaq bu ərlər, ərənlər oylağı haqqında kitablardan çox məlumatlar əldə etmiş, böyüklərdən, xüsusən də, Qazax Müəllimlər Seminariyasında vaxtilə ona dərs demiş Firidun bəy Köçərlidən çox şeylər eşidib-öyrənmişdi. Dolamaları qalxdıqca sərin meh Səmədi vurur, onu xoşhallandırır, xəyala daldırır, Firidun bəy Köçərli ilə tanış olduğu o unudulmaz günləri gözləri önündə canlandırırdı.
...Seminariyaya qəbul vaxtı idi. Səməd qardaşı Mehdixanla birlikdə qəbula gəlmişdi. Böyük qardaşı ilk yoxlamadan sonra seminariyaya götürüldü. Əynində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayaqlarında çəkələk, balacaboylu, zəif və cılız bədənli bu uşağı isə Firidun bəy imtahanı buraxmaq istəmirdi. O, üzünü Səmədin yanınca gələn nənəsi Ayişə xanıma tutub:
- Ay bajı, bu uşağı lət basıb öldürür ki! Belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz. Həm də iki qardaş birdən qəbul etmək düz çıxmaz! - dedi.
-Firidun bəy, üzüm ayağının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir. Anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb. Badisəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir, - deyə Ayişə xanım yalvarıcı baxışla gözlərini Firidun bəyə zillədi.
Firidun bəy isə heç bir güzəştə getmək istəmir. Birdən “eh, Ay Firidun bəy, haradan biləsən ki, bu ürəkdə nələr var?!” sözlərini eşitdi. O, cəld səs gələn tərəfə döndü. Təcrübəli pedaqoq bu səs sahibinin Səməd olduğunu bilib, bir anlığa fikrə daldı, sonra “bu uşağı bir yoxla görək!”, - deyə üzünü yanında lal-dinməz dayanan müəllim İbrahim Əfəndi Qayıbova tutdu. İbrahim müəllim əlindəki Quranı açıb, Səmədə “Əmma” surəsini oxumağı buyurdu. Səməd həmin surəni oxumadı, kitabı vərəqlədi, başqa bir səhifədən bir-iki sətir oxuyandan sonra kitabı örtüb, gözünü yumaraq ayənin ardını gözəl avazla əzbərdən dedi. Hamının üzünə heyrət ifadələri qondu, səssizcə onu dinləməyə başladılar. Firidun bəy gözlərindən od parlayan bu uşağa yaxınlaşdı, əlini onun çiyninə qoyub “bu ki, od parçasıymış!”,- deyə başını sığalladı, uşağı imtahana buraxmağı tapşırdı. Səməd imtahanlarını uğurla verib, Seminariyaya daxil oldu. .. Firidun bəy iki il ona dərs dedi və bu müddət ərzində özünü də, doğulub boya-başa çatdığı Şuşanı da şagirdinə sevdirdi, özü də çox sevdirdi.
Vaqifin məzarı başında
Təxminən saat yarımlıq yoldan sonra fayton Şuşa qalasına çatıb, “Bazarbaşı meydanı”nda dayandı.
-Bu da Şuşa qalası, buyurub düşə bilərsən, bajıoğlu!- deyə faytonçu üzünü gənc sərnişinə tutub əlavə elədi: - Görürəm ki, bura adamı deyilsən, müsafirsən, ürəkdən deyirəm, gedək qonağımız ol.
Lakin Səməd qoca faytonçuya təşəkkür edib burada işləyən qardaşının yanına gedəcəyini bildirdi və xudahafizləşib, “Bazar meydanı”na tərəf yollandı. Qarşısına çıxan nurani bir qocaya salam verərək “Cıdır düzü”nün yolunu və Vaqifin qəbrinin yerini soruşdu. Qoca bu uşağa nəzər salıb, onun sualına sualla cavab verdi:
-Bala, deyəsən, nabələd adama oxşayırsan. De görüm, haradan gəlib, hara gedirsən?
-Baba, qardaşım Mehdixanın yanına gəlmişəm. O, burada müəllimlər kursunun müdiri işləyir. –Birdən qocadan soruşdu:- Vaqif adında şair eşitmisənmi, baba? Deyirlər, qəbiri “Cıdır düzü”ndədir. Bax, o kişi həm mənim qohumum, həm də həmkəndlimdir. Deyirəm əvvəlcə bir ona baş çəkim, qardaşımın yanına sonra gedərəm.
Az qala əsr yarımı haqlamış Qabil baba çox pərişan, uzunsaçlı, nimdaş geyimli, məcnunanə görkəmi olan bu gənci yenidən başdan ayağa süzüb:
-Niyə eşitməmişəm, bala, hətta görmüşəm də. Şairi oğlu ilə birlikdə elə mənim gözlərimin qabağındaca öldürmədilərmi? Gedək, oğul, gedək Vaqifin məzarını göstərim sənə! - deyə Qabil baba onunla birlikdə “Bazar meydanı”ndan keçib, “Cıdır düzü”nə tərəf getməyə başladı. Yolda o, vaxtilə Vaqifin yaşadığı, indi isə quru divarları qalmış evini göstərdi. Səməd uçuq evin yanında bir anlıq ayaq saxladı, əllərini onun divarına, sonra isə üzünə sürtdü, gözlərindən axan yaşı qocadan gizlədə bilmədi. Qabil baba onun bu qəribə hərəkətinə məəttəl qalmışdı. Nəhayət, onlar yollarına davam edib, “Cıdır düzü”nə qalxmağa başladılar. Başdaşı qabağa əyilmiş bir qəbirin önündə dayandılar. Qabil baba:
-Budur, bu da Vaqif! - deyə əli ilə qarşılarındakı məzarı göstərdi. Elə sözünün ardını demək istəyirdi ki, gənc oğlan ətrafında kimin olub-olmadığının fərqinə varmadan dəli kimi məzarı qucaqlayaraq başını daşa döyə-döyə hönkürməyə başladı. Dünyagörmüş Qabil baba onun hərəkətlərini səbirlə izləyirdi. Fikirləşirdi ki, qoy ağlayıb, ürəyini boşaltsın. Ancaq bir neçə dəqiqə idi ki, gənc körpə uşaq kimi ağlamağında idi. Nəhayət, Qabil baba əyilib, ehmalca onun qolundan tutaraq məzardan ayırdı. Gənc oğlan pəjmürdə halda qoca ilə birlikdə şəhərə tərəf getməyə başladı.
İki qardaşın Şuşada görüşü
Səməd Qabil babadan ayrılanda “baba, səninlə yenə işim olacaq, səninlə mütləq görüşəcəyik”,- deyə minnətdarlığını bildirib, ondan ayrıldı və Mehdixanın yaşadığı evi soraqlayıb tapdı... İki qardaş bütün gecəni söhbətləşdilər. Gecə yarıdan keçmişdi. Şuşanın məlhəm havası yuxusu ərşə çəkilən qonağa layla çalıb, onu yuxuya verdi. Səhər tezdən yerindən qalxan Səməd özünü başqa bir aləmdə hiss elədi. Sanki o, cənnətin ən gözəl bir bucağına düşmüşdü. Bu evdən göz işlədikcə uzanan dağları, meşələri, düzəngahları seyr etməyə başladı, külli Qarabağın panoramı gözləri önündə açıldı. Qardaşından xahiş etdi ki, elə indi, bu dəqiqə onu götürüb, Şuşanın gəzməli, görməli yerlərinə aparsın. Səmədin inadkarlığına yaxşı bələd olan Mehdixan qardaşı ilə şəhərə çıxdı, tarixi hadisələrin şahidi, başı qovğalar görən meydanları, tikililəri, məscidləri, Vaqifin vaxtilə dərs dediyi mədrəsəni göstərdi. Sonra “Cıdır düzü”nə qalxdılar, Qaya başında oldular, İsa bulağında dincəldilər, yaylaqlara, dağlara çıxdılar, meşələrdə bulaq başında oturdular. “Qarabağın damı”ndan üzüaşağıda Əsgəran qalasınadək əl içi kimi görünən yerləri seyr etdilər...
Bir neçə gün şuşalıların qonağı olan Səməd Vaqifə həsr etdiyi ilk şeirini, məşhur “Şuşa” və “Zeynal” şeirlərini də burada qələmə aldı.
Mehdixan Vəkilov həmin günləri belə yada salırdı: “...Səmədin Vaqifə həsr elədiyi ilk şeiri o günlərdə Şuşada olan Bülbül bir müsamirədə oxudu, dinləyicilər alqışladılar. Bülbül isə “müəllifin adını deməyəcəyəm, maraqlanan tapar”, - dedi. “Onsuz da bilənlər çoxdur”. Səməd Vurğun məclisdə idi, onu səhnəyə çıxardılar və bu balaca kasıb geyimli oğlanı gurultulu surətdə alqışladılar”.
Səməd Vurğunla Bülbülün tanışlığı belə başladı və bu dostluq ömürləri boyu davam etdi. Çox-çox sonralar dahi müğənni həmin unudulmaz günləri xatırlayaraq yazırdı: “... Səmədlə otuz il idi ki, dost idik. İndiki kimi yadımdadır, 1926-cı ilin yay aylarında o, Şuşaya istirahətə gəlmişdi. İlk dəfə burada tanış olduq. O, məndən xahiş etdi ki, axşamkı konsertdə yeni yazdığı şeirlərdən birini oxuyum. Bu şeir məni tutdu və konsertdə dinləyicilərin böyük rəğbətini qazandı. O vaxtdan bizim dostluğumuzun xəmiri yoğruldu. Otuzillik eşqin bədii yaradıcılıq yolunda –şeirdə, musiqidə, teatr sənəti sahəsində biz, incəsənət işçiləri həmişə Səmədlə əl-ələ verib, birgə addımlamışıq. O, həmişə bədii yaradıcılığın ön sırasında getmişdir”.
Səməd Vurğun Şuşaya, onun adamlarına elə vurulmuşdu ki, buradan heç yerə getmək fikri yox idi, elə “ölüb, burda qalmaq” istəyirdi. Amma ... amma getməliydi. Hansısa dahi bir qüvvə - sevgilisi Dürrənin eşqi onu harasa çəkib aparırdı. Bir neçə gündən sonra o, “dağlar, salamat qal, el salamat qal”,- deyib bir də görüşmək arzusu ilə qəlbinin bir parçası olan Dürrə qədər sevib-əzizlədiyi Şuşadan ayrıldı. Ancaq gənc şairə elə gəlirdi ki, ürəyinin yarısını burada qoyub gedir, onun bu şəhərdə nəyisə qalıb, burada nəsə itirib və nə vaxtsa o itkinin dalınca bura yenə də üz tutacaq...
Nəhayət, onillik ayrılıqdan sonra Səməd Vurğun yenidən “öz sevgilisi”nə qovuşdu, ikinci dəfə “Vaqif” pyesini yazarkən, 1936-cı ilin yayında Şuşaya gəldi. Qabil baba ilə (1780-1939) yenidən görüşdü, ondan Vaqif haqqında, Qarabağda o dövrdə baş vermiş hadisələr barədə çoxlu şeylər öyrəndi, əsəri üçün qiymətli materiallar topladı. Bakıya qayıdandan sonra Qarabağ tarixinin bilicisi, görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli ilə dəfələrlə görüşdü. Sonralar yazıçının oğlu Orxan Vəzirov atası haqqında qələmə aldığı xatirələrində yazırdı: “... O vaxtlar Səməd Vurğun da bizim qonşuluğumuzdakı Lermontov küçəsində yaşayırdı. O, “Vaqif” pyesini yazarkən Qarabağ xanlığına aid tarixi materiallar toplamaq üçün 1935-1936-cı illərdə bizə tez-tez gəlib, atamdan müəyyən məsləhətlər alardı və hörmət əlaməti olaraq atama “Mirzə” deyə müraciət edirdi.
Mehdixan Vəkilov 1976-cı ildə “Azərbaycan” jurnalında çap etdirdiyi “Mənim qardaşım” adlı xatirələrində bu barədə yazmışdı: “...1936-cı ildə Vaqif dövrünə, onun həyatına, bütünlüklə Qarabağ xanlığına dair Səmədin Yusif Vəzirlə saatlarla söhbət etdiyi mənim yaxşı yadımdadır”.