Folknerdən bədii əsər yazmaq sənətinə dair yeddi maraqlı sitat Featured

 

“…Çünki oxuduğunuz, eşitdiyiniz, hiss etdiyiniz, təsəvvür etdiyiniz hər şey sizin təcrübənizdir" - Vilyam Folkner

 

Nobel mükafatı laureatı Vilyam Folkner 1958-ci ildə "Paris Review" ("Paris İcmalı") jurnalına verdiyi müsahibədə belə deyib: "Gənc yazıçının nəzəriyyələrə əməl etməyi axmaqlıq olardı. Özünüz öz səhvlərinizdən öyrənin; insanlar ancaq öz səhvlərindən dərs alırlar. Yaxşı sənətkar inanır ki, heç kim ona məsləhət verəcək qədər yaxşı deyil".

Eyni zamanda, Folkner 1957-1958-ci illərdə Virciniya Universitetində rezidenturada yazıçı kimi çalışarkən gənc yazıçılara çoxlu məsləhətlər verib. Bu illərdə onun müxtəlif mühazirələri və çıxışları - təxminən, 28 saatlıq müzakirələr - lentə alınıb və indi həmin mətnləri universitetin Folkner audio arxivində dinləmək olar. Həmin transkriptlərin içindən Folknerdən bədii əsər yazmaq sənətinə dair yeddi maraqlı sitat seçilib. Həmin stenoqramlar içindən seçilmiş 7 məsləhəti təqdim edirik.

 

1. Lazım olanı digər yazıçılardan götürün

 Folkner özü də başqa bir müəllifin istifadə etdiyi, onun üçün faydalı ola biləcəyini düşündüyü texnika və ya metodu götürməkdən çəkinmirdi. 1957-ci il, fevralın 25-də yazı dərsində deyir: " Əvvəllər də dediyim kimi, düşünürəm ki, yaxşı yazıçı tamamilə əxlaqsızdır. O, ehtiyac duyduğu hər şeyi, harada lazımdırsa, götürür və bunu açıq, dürüst edir, çünki o, aldığının, başqalarının da ondan almaq istəyəcəkləri qədər  yaxşı olacağına və bununla o da xoşbəxt olacağına ümid edir".

 

2. Üslubdan narahat olmayın

Əsl yazıçı - Folknerin ifadəsi ilə desək, "şeytanlar tərəfindən idarə olunan biri" - üslub mövzusuna həddindən çox fikir verir. 1958-ci il aprelin 24-də bakalavr pilləsində keçdiyi yazı dərsində deyir: "Düşünürəm ki, hər hekayənin öz üslubu var, ona görə də yazıçıların üslubla bağlı çox narahat olmasına ehtiyac yoxdur. Yazıçı üslubdan narahat olsa, boş-boş mətnlər yazacaq, tam cəfəngiyyat olmasa da... Yazdıqları qulağa olduqca gözəl və xoş gələcək, amma mətndə məzmun olmayacaq".

 

3. Təcrübələrinizdən yazın - lakin "təcrübə"nin tərifini bir az geniş mənada yadda saxlayın

Folkner öz təcrübələrindən yazmaq haqqında köhnə məsəllə razılaşır, hətta təcrübədən kənar heç nə yazmağın mümkün olmadığını deyir. O, olduqca əhatəli "təcrübə" anlayışına malik idi. 1958-ci il, fevralın 28-də Amerika bədii ədəbiyyatı üzrə son sinifdə təhsil alan tələbələrə deyir: "Mənə görə təcrübə sizin dərk etdiyiniz hər şeydir. Bu, kitablardan qaynaqlana bilər, bir kitab, bir hekayə sizi hərəkətə keçirəcək qədər yaxşı və doğru ola bilər. Bu, mənim fikrimcə, sizin təcrübələrinizdən biridir. O kitabdakı insanların etdiyi hərəkətləri etmək məcburiyyətində deyilsiniz, amma əgər onlar sizdə haqlı olma təəssüratı yaradırsa, onların insanların edəcəyi şeylər olduğunu, onları bunu etməyə məcbur edən hissləri anlaya bilirsinizsə, mənə görə bu da bir təcrübədir. Deməli, mənim təcrübəyə verdiyim tərifə görə, təcrübəniz olmayan bir şeyi yazmaq mümkün deyil, çünki oxuduğunuz, eşitdiyiniz, hiss etdiyiniz, təsəvvür etdiyiniz hər şey sizin təcrübənizdir".

 

4. Xarakterlərinizi yaxşı tanıyın və hekayə özü özünü yazacaq

Bir xarakter haqqında aydın təsəvvürünüz varsa, Folknerin dediyinə görə, hekayədəki hadisələr personajların xüsusiyyətlərinə uyğun olaraq cərəyan edəcək. Folkner, "Personajlar hekayəni mənimlə birlikdə yaradır", - deyir. 1958-ci il, fevralın 21-də yuxarıdakı kimi, Amerika bədii ədəbiyyatı dərsində bir şagird Folknerdən soruşub ki, personajları beynində yaratmaq, yoxsa təsəvvür edəndən sonra onu kağıza köçürmək daha çətindir? Folkner belə cavab verib: "Deyə bilərəm ki, personajları beynində canlandırmaq daha çətindi. Xarakter ağlınızda olanda və o haqlıdırsa, doğrudursa, öz işini özü görür. Bundan sonra sizə lazım olan tək şey onun arxasınca qaçmaq, etdiklərini və dediklərini yazıya köçürməkdir. Bu mayalanma və sonra hamiləlikdir. Siz öz xarakterinizi yaxşı tanımalısınız. Ona inanmalısınız. Onun sağ olduğunu hiss etməlisən və sonra təbii ki, onun hərəkətlərinin inandığın xarakterə uyğun olması üçün onun bəzi hərəkətlərini seçməli olacaqsan. Seçdiyiniz hərəkətlər inandığınız xarakterə uyğun olmalıdır. Bu seçimi etdikdən sonra xarakterinizi kağıza köçürmək mexaniki bir iş olacaq".

 

5. Dialektdən az istifadə edin

 Virciniya Universitetinin audio arxivinə daxil edilmiş bir neçə yerli radio proqramında Folkner Missisipidəki müxtəlif etnik və sosial qrupların danışdıqları müxtəlif dialektlərdəki nüansları haqqında maraqlı fikirlər söyləyir. 1958-ci il, mayın 6-da "Yaxşı söz nədir"? verilişində Folkner xəbərdaqlıq edir ki, bu mövzunun başqa yazıçıların da diqqətindən yayınmaması vacibdir: "Düşünürəm ki, dialektdən mümkün qədər az istifadə etmək daha yaxşıdır, çünki bu, həmin dialektlə tanış olmayan insanların çaşqınlığına səbəb olur. Hər kəs personajın öz xalq dilində danışmasına imkan verməməlidir. Ən yaxşı halda dialekt fərqini bir neçə fərqli nümunə ilə vurğulamaq olar".

 

6. Xəyallarınızı tükətməyin

 Folkner deyir ki, "Bir fəslin və ya bir fikrin sonuna heç vaxt özünüzü yazmayın". 1957-ci il, fevralın 25-də yazı dərsində belə deyir: "Mənim yeganə qaydam isti-isti mətndən çıxmaqdır. Heç vaxt özünüzü yazmayın. Yazı yaxşı gedəndə həmişə yazmağı dayandırın. Sonra yenidən işə başlamaq daha asan olacaq. Özünüzü yorsanız, ölü bir sehrə düşəcəksiniz və bununla bağlı problem yaşayacaqsınız".

 

7. Bəhanə gətirməyin

 6-cı bənddə qeyd edilən dərsdə (1957-ci il, fevralın 25-də yazı dərsində) Folkner öz taleyini, yaşadığı dövrü, şəraiti günahlandıran bəzi əsəbi yazıçılar haqqında ağır sözlər söyləyib: "Mənim dilsiz, ağızsız, şərəfsiz Miltonlara qarşı dözümlü olmağa səbrim yoxdur. Düşünürəm ki, qeyd etdikləri kimi pis şeylər yaşayırlarsa, bunu yazmalıdırlar. Yaza bilmədiklərinə görə bir çoxlarını günahlandırırlar. "Evli olmasaydım, uşaqlarım olmasaydı, yazıçı olardım", deyənləri var. Hətta "Əgər bu işi bitirsəydim, yazıçı olardım", deyənlər belə var. Buna inana bilmirəm. Düşünürəm ki, yazacaqsansa yazacaqsan, heç nə sənə mane ola bilməz".

 

Hazırladı: Nilufər Hacılı

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.