İntihar edən yazıçılar haqqında qələmə aldığım məqalələri 1997-ci ildən mətbuatda dərc etdirməyə başlamışdım. Sonradan – 2006-cı ildə Beynəlxalq Şahmar Ələkbərzadə adına mükafata layiq görüldüyüm üçün “Vektor” nəşriyyatında bu məqalələr kitab halında nəşr olundu. Maraqla qarşılandı, haqqında müxtəlif ziddiyyətli fikirlər səsləndi. Hətta plagiat adlandıranlar da oldu, çünki dünyada intihar faktını araşdıranlar az deyil. Halbuki bu məqalələr uzun illərin əməyinin nəticəsi idi və intihar etmiş yazıçılar, rəssamlar, yaradıcı insanlar haqqında yazılmışlardan fərqli olaraq, onlarda həyat və yaradıcılıq paralelləri aparılır, bədii mətnlər təhlil edilir, intiharın bir fakt olaraq yaradıcılıqda özünü necə göstərdiyi araşdırılırdı. Bundan başqa, bu yazılarda məni düşündürən bir suala cavab axtarışı da var idi: yaradıcılıqda və yazıçı şəxsiyyətində intihar amilinə maraq nə dərəcədə üst-üstə düşür? Yazıçının gələcək intiharı ilə “intihar müəmması” sualını daima beynində dolaşdırması arasında bir bağlılıq varmı?
Çoxsaylı yazılardan sonra bu əlaqənin labüdlüyü qərarına gəldim. O izləri də yaradıcılıqlarda, əsərlərdə, müsahibələrdə, həyat və yaşam faktlarında tapdım. Lakin bu gün belə tez-tez “Ədəbiyyatdan intihara” adlı kitabımın haqqında söz düşərkən, özümə “Bu yazıları yazmaq, bu faktı bu qədər araşdırmaq lazım idimi?” sualını vermədən keçə bilmirəm. Xüsusilə də gözəl şairimiz, rəhmətlik Vaqif Səmədoğlunun, bir də Vaqif Bayatlı Odərin hər dəfə o yazılar dərc ediləndən sonra zəng edərək, ya da elə qarşılaşarkən “Yazma bu yazıları, yazma!” deyə narahatlıq dolu səslərini yada saldıqca... Səbəbini o zaman da başa düşürdüm... Hətta Vaqif Səmədoğlu moskvalı bir xanım rejissorun taleyini misal da çəkmişdi mənə: intiharı araşdırıb film çəkən, sonda özü də intihar edən rejissor haqqında danışmışdı...
Dediyim kimi, o zaman da başa düşmüşdüm səbəbi... Amma bu gün daha bir aydınlıqla anlayıram: bu məsələnin araşdırılması sonu olmayan bir yola çıxmaq kimidir... Getdikcə gedərsən, çözələdikcə çözələyərsən, “dayanım” deyəndə belə dayana bilməzsən... Çünki bütün müəmmaların, sirrlərin, yaxandan yapışıb buraxmaq istəməyən cavabsız sualların, onsuz da, tam bir həqiqət olacaq cavabı yoxdur... Amma qəribə bir enerjisi, cazibə qüvvəsi var!
Yəni... Sirr elə sirrdir...
Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı üzümüzə gələn həftədən etibarən “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün intihar edən yazıçılar haqqında qələmə aldığı məqalələri yeni redaktədə təqdim edəcək. İlk olaraq oxucularımız Rünoske Akutaqavanın faciəli taleyi ilə tanış olacaqlar.