Ədəbiyyatımızın üfüqləri get-gedə genişlənməkdədir. Bu yöndə Dövlət Tərcümə Mərkəzinin müstəsna əməyini qeyd etməyə dəyər.
Bolqarıstanın populyar “Literaturen sviat” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Ən yeni Azərbaycan ədəbiyyatı” layihəsi çərçivəsində istedadlı şair Aqşin Yeniseyin “Ən yaxşı qadın” şeirinin yayımına başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı Tərcümə Mərkəzinə istinadən xəbər verir ki, şeirin bolqar dilinə tərcümə müəllifi – tanınmış bolqar şairi və tərcüməçisi Dimitr Xristovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Literaturen sviat” elektron jurnalı müntəzəm olaraq səhifələrində Edqar Po, Frans Fyuman, Kostas Kariotakis, Xulio Kortasar, Mario Benedetti, Viktor Xara kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Türkiyənin populyar “Detayhaberler.com” portalında isə həmin layihə çərçivəsində gənc, istedadlı şair, dünyasını vaxtsız dəyişmiş Fərhad Metenin türk dilinə uyğunlaşdırılmış “İstədiyin kimi” şeirinin yayımı başlanıb.
Şeiri türk dilinə Dövlət Tərcümə Mərkəzinin türk dili mütəxəssisi Sənan Nağıyev tərəfindən uyğunlaşdırılıb.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən sözügedən portal Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətini mütəmadi şəkildə işıqlandıran xüsusi səhifə yaradıb.