Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri vəfat edib

 

Əli Kərim adına Sumaqayıt Poeziya Klubunda Aşıqlar Birliyinin Sumqayıt bölməsi qərarlaşmışdı, onun rəhbəri Qənirə xanım Mehdixanlı həvəslə, coşğu ilə işə gəlirdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xalqına, ulusuna fayda verməyə çalışan Qənirə xanım təcrübəli pedaqoq idi, neçə nəsil sumqayıtlı yetişdirmişdi. Qənirə xanım həm də şair idi, aşıq şeiri nümunələri yazıb yaradırdı. 84 yaşlı Qənirə xanım 

Azərbaycan Yazışılar Birliyinin üzvü, tanınmış pedaqoq, əmək veteranı idi, o, Qazax Pedaqoji Texnikumunun - Qazax Müəllimlər Seminariyasının bəlkə də yaşayan sonuncu məzunu idi. 

2018-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi birliyin üzvü olan Qənirə  xanımın 80 illik yubileyini təntənə ilə qeyd də etmişdi.

Acı xəbər aldıq. Demək nə qədər ağır olsa da, Qənirə xanım sıralarımızı tərk elədi.

Allah rəhmət eləsin, ruhu şad olsun. 

Özündən sonra qalan yadıgarları sırasında, şübhəsiz, şeirləri də başda duracaq. 

 

 

BU YOLDAN

 

Bürüyüb dünyanı yol damar-damar,

Yolçular yollardan rahatlıq umar,

Kimiyə daş-kəsək, kimiyə hamar,

Keçir namərdlər də, mərd də bu yoldan.

 

Biri toy-düyünlə gəlindir köçür,

Biri dərdlərini götürüb qaçır,

Hamı son mənzilə bu yolla köçür,

Keçir məhəbbət də, dərd də bu yoldan.

 

Mehdixanlı, uzun-kəsədi yollar,

Qıyarmı yolçular küsə bu yollar,

Fərq qoymaz yaxşıya, pisə bu yollar,

Keçir qoyunlar da, qurd da bu yoldan.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.