Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Azadə Novruzova “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə bildirib.

Şair-publisist Azadə Novruzovanın əsasən vətən mövzusundan, Qarabağ həqiqətlərindən, Xocalı faciəsindən bəhs edən bədii yaradıcılıq nümunələri rus, ingilis, türk, yapon, ərəb, fars dillərinə tərcümə edilərək Türkiyə, Rusiya, Ukrayna, İraq, İran, Misir və digər xarici ölkələrdə geniş yayılıb. 

O, “Nəsimi”, “ЛИФФТ” Festivallar Festivalının və “Nizami Gəncəvi Forumu”nun iştirakçısı olub.

Avrasiya Ədəbiyyat Hərəkatının, 2021-ci ildə İstanbulda keçirilən “ЛИФФТ” Festivallar Festivalının TOP 10 nominasiyası üzrə və Festivalın diplomları ilə təltif edilib. 

Azadə Novruzovanın 2020-ci ildə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünyaya çatdırmaqda, günahsız uşaqların qətlinə etiraz əlaməti olaraq yazdığı və ingilis, rus dillərinə tərcümə edilmiş “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında Ombudsman Aparatında videoçarx hazırlanıb. Videoçarx Ombudsman Aparatının sosial şəbəkələrində və respublikanın, xarici ölkələrin informasiya mənbələrində geniş yayılıb. Bu layihəyə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Layihəyə müvəkkilin 2020-ci il illik məruzəsində də yer verilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.