Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlumat verir ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat “Məclisi-Üns” ədəbi məclisə həsr olunub.
XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir. Mənbələrdə ən çox adı çəkilən Şuşa məclisləri "Məclisi-üns" və "Məclisi-fəramuşan"dır.
“Məclisi-üns” ədəbi məclisi 1864-cü ildə Şuşada şairlər Mirzə Rəhim Fəna və Hacı Abbas Agahın təşəbbüsü ilə dövrün görkəmli ziyalısı Mirzə Əli Qazinin mədrəsəsində təşkil olunub. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırıb, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayılıb.
Otuzdan çox üzvü olan məclisin rəhbəri Xurşidbanu bəyim idi. Mirzə Rəhim Fəna, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Mirzə Həsən Yüzbaşov, İsgəndər bəy Rüstəmbəyov, Mirzə Sadiq Piran, Baxış bəy Səbur, İsmayıl bəy Daruğə, Məşədi Nəsir Lövhi və başqaları məclisin daimi və nüfuzlu üzvləri idilər. Qarabağın görkəmli xanəndə və sazəndələri də məclisin yığıncaqlarında fəal iştirak edirdilər.
Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü.
Qeyd edək ki, qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi.