Oslo şəhərində 28 May – Müstəqillik Günü çərçivəsində Azərbaycanın əməkdar incəsənət xadimi, şair, tərcüməçi və kinodramaturq Baba Vəziroğlu ilə görüşlər keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Norveç Azərbaycan Evi və Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə paytaxtın “Deichman Bjørvika” mərkəzi kitabxanasında baş tutan görüşdə soydaşlarımızla yanaşı, yerli sakinlər və əcnəbi qonaqlar iştirak ediblər.
Tədbirdə azərbaycanlı şairin “Qalanı xatirədir...” kitabının təqdimat mərasimi keçirilib.
Görüşdə çıxış edən Toriil Stokland Norveç dilinə tərcümə etdiyi “Qalanı xatirədir...” şeirini səsləndirib. Baba Vəziroğlu poeziyasının sadə, rəngarəng, axıcı olduğunu vurğulayan Toriil Stokland şeiri tərcümə edərkən zövq aldığını və şairin yaradıcılığına yenidən müraciət edəcəyini bildirib. “Şeirin dili sadə, duyğulu və mənalı idi. Bu baxımdan düşünürəm ki, sizin uşaqlar üçün də şeirlər yazmağınız çox maraqlı olardı”, - deyə tərcüməçi təklif edib.
Tədbirdə çıxış edən müəllif “Qalanı xatirədir...” şeirinin yazılması, kitabın üzərində işləməsi, gələcək planları barədə müfəssəl məlumat verib, Norveçdə qatıldığı tədbirlərdən təəssüratlarını bölüşüb və şeirlərini oxuyub.
Sonra Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında şairin şeirləri Azərbaycan dilində səsləndirilib.
Sonda müəllifin imzası ilə oxuculara kitablar təqdim edilib. Görüş çərçivəsində həftəsonu məktəbi şagirdlərinin 28 May – Müstəqillik Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
Qeyd edək ki, “Qalanı xatirədir..." adlı şeir kitabı Norveçin Milli Kitabxanasına hədiyyə edilib.
Oslodakı Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbindəki görüşdə isə Azərbaycan Evinin İdarə Heyətinin üzvləri, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Görüş zamanı B.Vəziroğlu şeirlərini oxuyub, yaradıcılığı ilə bağlı sualları cavablandırıb, eləcə də ədəbi dilimizin tədrisinin təkmilləşdirilməsi və dərs vəsaitləri ilə bağlı müəllimlərə tövsiyələrini verib.
Məktəb şagirdlərinin ifasında şairin şeirləri səsləndirilib. Tədbir şairin imzaladığı kitabların müəllim, valideyn və şagirdlərə hədiyyə olunması ilə başa çatıb.