SilkWay beynəlxalq ədəbiyyat festivalının Azərbaycan turunun daha bir finalçısı Ayxan Ayvaz olub. “Ədəbiyyat və incəsənət” portal bu gün sizə Ayxanı finala çıxarmış “Sarı göyərçinlər” hekayəsini təqdim edir.
Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Gürcüstanın paytaxtı Tiflis şəhərində anadan olub. Atası, yazıçı Eyvaz Əlləzoğlu 1996-1998-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində ikinci katib kimi fəaliyyət göstərib. 1998-ci ildə ailə Bakıya gəlir və Ayxan da ilk təhsilini burada alıb. 2009-ci ildə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin rus dili ixtisasına qəbul olunub, 2014-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.
2011-ci ildə atası Eyvaz Əlləzoğlu insultdan dünyasını dəyişib. Həmin il yazıçının anası da vəfat edib. Və bu tale zərbəsi Ayxanın bütün yaradıcılığında kədər və nisgil izi qoyubdur.
Ayxan 2008-ci ildə Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki Gənc Ədiblər Məktəbindəki fəallığına görə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Əmək fəaliyyətinə jurnalistika ilə başlayıb, yazdığı yazıları, aldığı müsahibələri ilə jurnalist kimi tanınıb.
2018-ci ildə sosial şəbəkələrdə başlamış və tez bir zamanda trendə çevrilmiş “Hər yer ədəbiyyat” hərəkatının ideya müəllifi və rəhbəri olub. Bir çox yazıçının da qoşulduğu bu hərəkatın əsas məqsədi Azərbaycanın yerli müəlliflərini tanıtmaq və ölkədəki kitab bazarını dirçəltmək idi.
Çox erkən yaşda “Ulduz” jurnalında ilk hekayəsi çap olunur. Daha sonra tez-tez Kiçikbəy, sonra isə Ayxan Ayvaz imzası ilə hekayələri “Ulduz”,” Azərbaycan”, “Alatoran” jurnallarında, “Ədəbiyyat qəzeti”, Kulis.az, qaynar.info kimi qəzet və saytlarda dərc olunub. 2011-ci ildə çap edilən “Mən necə Polat Alemdar” oldum komik romanı yazıçının ilk qələm təcrübəsi hesab olunur. 2017-ci ildə “Buri” adlı hekayələr kitabı “Qanun” nəşriyyatı tərəfindən çap olunmuş və ciddi müzakirələrə səbəb olub. Buri (gürc. პური) gürcücə çörək deməkdir. Yazıçı təqdimat günü kitabla bərabər oxuculara bir dilim çörək də verərək maraqlı bir performans sərgiləyib. Kitabın tirajı həmin ili satılıb qurtarıb.
Hekayələri haqqında yazıçı Əlibala Hacızadə, Əkrəm Əylisli, Seyran Səxavət, Səfər Alışarlı, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Kənan Hacı, Qismət Rüstəmov, Qan Turalı, Mina Rəşid, Orxan Həsəni, Tural Cəfərli, tənqidçi Əsəd Cahangir, Elnarə Akimova, Nərmin Cahangirova və başqa tanınmış qələm adamları yazılar yazıb, fikirlər söyləyib. Yazıçının hekayələri türk, rus, ingilis, gürcü dillərinə çevrilib, bir çox xarici ölkənin almanaxlarında dərc olunub. Eyni zamanda yazıçı tərcümə fəaliyyəti ilə də məşğul olub. Onun tərcüməsində məşhur Nobel mükafatlı yazıçı Fransua Moriakın Qurbanlıq quzu romanı və məşhur yəhudi əslli yazıçı Stefan Sveyqın novellalarından ibarət “Bir ürəyin qürubu” kitabı çap edilib.
2009-cu ildə Ayxan Ayvaz Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi şeir və hekayə müsabiqəsində nəsr nominasiyasına, 2010-cu ildə Nəsimi Milli Mükafatında hekayəsinə görə ilk üçlükdə yer alıb. “Monoton” hekayəsinə görə 2013-cü ildə Azadlıq Radiosunun təşkil etdiyi Ədəbi Azadlıq şeir-hekayə müsabiqəsində üçüncü yerə layiq görülüb. 2016-cı ildə isə Yaradıcılıq Fondunun təşkil etdiyi Quran motivləri əsasında hekayələr müsabiqəsində “Qaranlıq və işıq” hekayəsi mükafat qazanan hekayələrdən olub.
Sarı göyərçinlər
Uşaq vaxtı ona elə gəlirdi ki, bütün təyyarələrin içində atası var. Hər gün təpənin üstünə çıxıb əlini alnında günlük eləyir, uzun-uzadı göy üzünə baxırdı. Lal-tərpənməz buludlar həmişəki yerində durub uşağa gülümsünürdü. Onun gözləri isə ət uman pişiklərin gözləri kimi ümidlə göy üzünə tuşlanırdı.
- Göyərçin! – görən kimi sevincək dillənir və dabana tüpürüb arxasınca yüyürürdü. Elə bu vaxt namərd daşlardan birinə ayağı ilişir, üzü üstə yerə dəyirdi. Burnunda torpağın qoxusu təəssüflə göy üzündəki nazik tüstüyə baxırdı...
İş yerinə gedəndə də yolboyu göydə təyyarə axtarmaq adətini itirməmişdi. İndi “Göyərçin”in arxasınca qaçan uşaq deyildi, böyümüşdü, boyu iki metr olmuşdu. Qolları təyyarə qanadları kimi uzanmışdı. Göy üzü elə bil daha yaxına gəlmişdi. Aşağıdan baxanda göy üzünü çiynində daşıyan adama bənzədərdiniz onu. Başının üstündə buludlar, uçan quşlar.
Onun danışdığı bircə lətifə vardı, o da təyyarəylə bağlıydı:
“İki nəfər gedirlər aeroporta. Biri deyir ki, a kişi, bu terroristlər bu boyda təyyarəni necə qaçırdırlar. O birisi də deyir, səndə heç ağıl yoxmuş, təyyarə göydə bapbalaca olandan sonra oğurlayırlar”.
İş yoldaşları lətifəyə yalandan hırıldayırdılar. Bezsələr də, gülməliydilər. Mısmırıqlarını sallayan və yalandan üzünə təbəssüm qonduran iş yoldaşları hiss edirdilər ki, bu lətifə onu ayaqda saxlayır.
- Mən daha təyyarəyə minə bilmərəm. – keçən il bu sözləri rəhbərə güc-bəla demişdi. – Həkim deyib ki, bir də təyyarəyə minsən öləcəksən.
Rəhbərin qalın qaşları bir dırnaq boyu qalxmışdı:
- Əsas sağlıqdır. Siz gözəl jurnalistsiz. Heyf. Sizin kimi xaricdən reportaj hazırlayacaq jurnalisti tapmaq çətin olacaq.
O gündən göylərdə keçən iş həyatı yerə enmişdi. İndi sevimli təyyarələrinə ancaq aşağıdan yuxarı baxa bilirdi. Eynən uşaqlıqdakı kimi.
Əvvəl həftə səkkiz, mən doqquz səyahətlərdə olur, təyyarədən aşağıya baxanda əlini günlük eləyib göyə baxan uşaqla qarşılaşırdı. Uşaq iki əlini də qaldırıb bayraq tək yelləyir, tez də yoxa çıxırdı. Təpə qalırdı gözünün qabağında, bir də konserva qutusunu şillələyən küləklər...
“Ata! Gözlə məni!” – təzədən peyda olurdu uşaq.
Sonra o təpə evə çevrilirdi, o uşaq anasının qucağında mızıldanırdı:
“Atam başımın üstündən keçdi, görmədi məni”.
Hər dəfə də anası onun bu sözlərinə uğunub gedir, sonra da gözlərini tavana zilləyib susurdu.
“Atam gələcək, hə, mama?”
“Gələcək... Sən yat...”
- “Göyərçin”ə bax. – iş yoldaşına göstərib gülümsündü.
- Yaman sürətlə gedir e...
- Keçən il onun içində idim.
- Həkimlərə çox inanma. Onlar hər şeyi böyüdürlər. Bəlkə qorxusu yoxdur...
Susdu. Həkim bəhanəydi. Onun təyyarəyə minməyə ürəyi gəlmirdi artıq.
Qəmli səmada süzən təyyarə boş vərəqə qoyulmuş nöqtəyə bənzəyirdi. O nöqtə yavaş-yavaş irəli gəlirdi və yaxınlaşdıqca onu həyəcanlandırırdı. Qulağına səs gəlirdi: “Ata, burdayam, düş aşağı da”. Daha yaxşı görməsi üçün gözlərini qıyırdı. Amma təyyarə gözündə heç cür böyümürdü, uşaq vaxtındakı kimi bapbalaca qalırdı. Uzaqdan baxanda inana bilmirdi ki, atası ora yerləşər. Ora heç siqaret qutusu da yerləşməzdi.
- Atam yekədi, ya göyərçin?
- Atan – anası gülə-gülə cavab verirdi.
- Eee, onda göyərçinə necə minəcək?
- Qanadında gələcək... Yat bala...
Gözünə yuxu gedəndə təyyarənin qanadının üstündə bardaş qurub buludların arası ilə gedirdi. O biri qanadın üstündə də atası görünürdü. Sonra təyyarə növbəti böyük buludun içində yoxa çıxırdı...
“Oğlum, - anasının səsi gəlirdi buludların arasından, - qorxma, yuxudu. Özünə gəl”.
Gözünü açmağı ilə qaranlıq da yoxa çıxırdı, qaranlıqdakı təyyarə də, işıq da, buludlar da... Bircə anası olurdu qabağında.
“Atam nə vaxt gələcək, mama?”
“Gələcək, darıxma. İşləməyə gedib.”
“Mənə göyərçin alacaq gələndə?”
“Hə, alacaq.”
Yuxularına girən təyyarələr həmişə qəzaya uğrayırdı. Qırıq-sökük “göyərçin”in içində anasını tapırdı. Sevincək yerində tullanır, ardınca təyyarə sayaq qollarını açıb anasının üstünə gedirdi. Uzaqdan atası əl eləyirdi, ona tərəf yüyürmək istəyəndə ayaqları yerə yapışırdı...
- Atam biznən niyə gəlmədi? – anası səs-küyə özünü yetirəndə sual güllə kimi açılırdı.
- Gələcək. İşi çıxdı. Gələcək...
Günlər uzanırdı, atasının şəklinə baxa-baxa böyüyürdü. Hərdən o fotodakı adama bığ qoyurdu, saçını ağardırdı. Atasının boş qalmış yerinə özünü çəkirdi. İstəyirdi şəkildə atasının əlindən tutsun, amma o fotodakı adamın əlləri cibində olurdu.
- Mən böyüyəndə çoxlu göyərçinim olacaq, hə?
- Hə, gözəl balam, hə.
- Atam da orda olacaq?
- Göyərçinlərin birində olacaq. Atan sənnən gizlənqaç oynayır. Tapa biləcəksən onu?
- Hansı göyərçindədir bəs?
- Sarı göyərçində.
İşdə boş vaxt tapan kimi yeni kəşfinin həzzini yaşayırdı. Yeni kəşf nə olasıdır? İnternetdən dünyanın üstündə uçan təyyarələri tapmışdı. Təyyarələr sapsarı idi, dünya da yaşıl.
- Bax bu Romaya gedir... – iş yoldaşından birinə göstərirdi. – o birisi Moskvaya.
- Bakıya gələn var?
- Baxaq bir... Biri gəlir. De ha...
- Qəza olanda da bilirsən?
- Bəd danışma!
Başqa günkü dialoq:
- Gəl bura... Bu təyyarəyə bax, Nyu-Yorka uçur. Bu reysnən getmişdim mən.
- Neçə saata çatmaq olur?
- Baxır da, bir xeyli çəkir. Siqaret də qoymurlar çəkməyə.
Növbəti dəfə:
- İndi azdılar. Bir azdan çoxalacaq. Buna bax, Türkiyəyə gedən çoxdu.
- Suriyaya bax!
- Heç təyyarə yoxdu.
- Biz tərəf bəs?
- Gələn yoxdu.
Danışdığı adam ürəyincə olmayanda başından eləyirdi, təkrar gözünü ekrana zilləyirdi. Qızıl rəngində təyyarələr çoxala-çoxala ekranda uçurdular. Stula yayxanır, əllərini başında çarpazlayıb gülümsəyərək dünyanın müxtəlif istiqamətlərinə gedən təyyarələrə baxıb özünü onların içində hiss edirdi. Kofesini udumlayaraq pəncərədən aşağı, nöqtə boyda dünyaya tamaşa etdiyini xatırlayıb məmnun-məmnun gülümsəyirdi. Həyat nə gözəl idi onda! Bircə o uşaq... Əlləri qaşlarının üstündə göy üzünə baxan o uşaq... Bircə o uşaq gözünə görünəndə ürəyi bulanırdı.
“Ala, bax, atan göyərçin göndərib” – ad günündə anası tortun şamlarını üfürəndən sonra masanın üstünə qoyub təbəssümlə oğluna baxdı.
Böyük “Göyərçin” idi, qırmızı qanadları vardı. O təyyarə həyatında aldığı ən gözəl hədiyyə olmuşdu. Bütün gününü onunla keçirirdi. Təpənin başına çıxıb uçurdurdu, gecələr onu qucaqlayıb yatırdı.
Təyyarələrin uçuşuna baxa-baxa öz xəyallarının arxasınca təyyarə göndərirdi. O təyyarə gedib bir yerdə ilişirdi, dumana bürünürdü, ətrafda göz-gözü görmürdü.
İş yoldaşları onun heyranlıqla baxdığını görəndə uğunub gedir, arada zarafatlarından da qalmırdılar:
“Arxasınca su at”
“Təyyərələrinə dən səp”
Onun heç vecinə deyildi. Zarafat eləyirlər, eləsinlər. Bircə onu “Göyərçin”lərindən ayrı salmasınlar.
- Təyyarəni niyə bu qədər sevirsən? – işdən çıxmışdılar, dostu ilə metroya düşürdülər.
- Nə bilim...
- Həqiqi, maraqlıdır mənə.
- Atamı görürəm orda.
- Pilot olub atan?
- Yox.
- Bəs nə?
- Elə bilirdim ki, atam ancaq təyyarəylə qayıdacaq.
Sükut çökdü.
- Həkim nə deyir?
- Nə həkim?
- Təyyarəyə minə bilməzsən demişdi e...
- Əşşi, özüm uydurmuşam.
- Necə ki?
- Boş ver.
Göy üzü bayram xonçası kimi qıp-qırmızıydı.
Ürəyindən keçdi ki, təyyarənin içində olsun, əlini pəncərədən çıxarıb o qırmızı səmaya toxunsun.