İsinmiş zəhər – Nemət Tahirin detektiv hekayəsi Featured

 

Nemət Tahir pedaqoqdur, Ağdam rayonunda yaşayır. Ara-sıra qələmini də sınayır, hekayələr yazır. Bu dəfə o, psixoloji-detektiv janrında yazdığı hekayəsini redaksiyamıza göndərib. Düşünürük ki, maraqlı hekayədir, oxumağa dəyər.

Yeri gəlmişkən, Nemət Tahir bu günlərdə ADA Universitetində magistr təhsilinə yiyələnəcəyi ilə bağlı şad xəbər almışdır, onu “Ədəbiyyat və incəsənət” portalı adından təbrik edirik.

 

Lalə xanım kimsəsiz qadın idi.10 il olardı ki, Kəngərli ailəsində həm qulluqçu, həm də dayə kimi çalışırdı. Artıq Lalə bu ailənin bir üzvünə çevrilmişdi (Ailənin başçısı Gəray Kəngərli, onun həyat yoldaşı Taclı Kəngərli, övladları Oğuz və Aybəniz idi).

Oğuz və Aybəniz valideynlərinin işləri ilə bağlı vaxtlarının çoxunu «Şirin ana» dedikləri Lalə xanımla olurdular. Lalə də bu iki uşağı doğma bilirdi, bu ailəyə xidmətə gəldiyi gündən özünün birotaqlı evini kirayə verib burada yaşayrdı. O, ailədən, ailə isə ondan çox razı idi.
Bir gün kirayə haqqını almağa gedən Lalə axşamçağı evə zəng etdi. Dəstəyi Taclı  götürdü:
– Ay Lalə, hardasan, bacı? Axşam oldu, hələ gəlib çıxmamısan.
Lalə dedi:
– Taclı xanım, bir az işlərim var, əgər icazə versəniz, mən sabah gələrəm, həm də ki sizə bir sürprizim var ey!
– Xeyir ola, inşallah, ay Lalə?
– Xeyirdi, xanım.

 Lalə sevincək halda cavab verdi.
– Təki xeyir olsun. Nəsə
, səhər tezdən gəl. Uşaqlar da, özümüz də sənsiz çox darıxırıq doğrusu.
– Taclı xanım, hər şeyi
hazırlayıb soyuducuya yığmışam, axşam və səhər yeməyiniz var. Sabah da özüm gələcəm.

Lalə və Taclı sağollaşıb telefonlarını qapatdılar.
Axşam ailə şam etdikdən sonra uşaqlar öz otaqlarına dərs çalışmağa getdilər. Gəray və Taclı isə televizora baxdılar, keçən günlərini müzakirə etdilər, sabahkı planlarından danışdılar. Lalənin evdə olmamasının bir boşluq yaratdığını da diqqətə aldılar.
Səhər tezdən yuxudan oyanan Taclı isə gecikdiyini nəzərə alaraq (o, universitetdə biologiya müəllimi idi) özü nahar etmədən süfrəni hazırlayıb, həyat yoldaşını oyatmağa getdi.
– Sabahın xeyir, Gəray! Əzizim, hər şeyi süfrəyə düzmüşəm. Mən işə gecikirəm, uşaqları da oyat, yemək yeyin. Sizə qoşula bilmədiyim üçün məni bağışla.

Taclı tələskənliklə evdən çıxıb özünü universitetə çatdırdı. Auditoriyaya girəndə azacıq da olsa gecikmişdi. Mühazirəsini oxumağa başladı.

Az sonra telefonuna zəng gəldi. Zəng edən uşaqlarının sinif rəhbəri idi.
– Taclı xanım, bağışlayın, narahat edirəm, amma bunu deməliyəm. Dərs zamanı Oğuz və Aydəniz öyüdülər, tez təcili yardım çağırdıq, indi xəstəxanaya aparırıq.
Özünü itirmiş Taclı uşaqlardan üzr istəyib, çantasanı götürməyi belə unudaraq auditoriyadan çıxdı.
Yarım saatdan sonra Taclı xəstəxanaya çatanda uşaqları təzəcə gətirib mədələrini yumaq üçün xüsusi şöbəyə aparmışdılar. Taclı sinif rəhbərinin telefonda dediklərindən başqa onu öyrənə bildi ki, sinif rəhbəri Gəraya nə gədər zəng etsə də, Gəray cavab verməyib. Təlaş içində, göz yaşları axa-axa Taclı da Gərayın mobil telefonuna, sonra isə ev telefonlarına zəng etdi. Cavab verən olmadı.

Həm həyat yoldaşının qarasınca söylənir, həm də içərisində bir qorxu təlaş hiss edirdi. Nə baş verirdi axı?!
Bir saatdan sonra həkim göründü. Onun üzündə elə bir ifadə var idi ki, söz deməsə belə hər şey aydın olurdu. Baxışını yayındırmağı isə Taclını lap qaldırıb yerə çırpdı. Taclının ayaqları əsməyə başladı, titrəyən əllərini bir-birinə sıxaraq çətinliklə söylədi:
– Qadanızı alım, həkim, balalarıma nə olub?

Həkim təəssüf qarışıq qəhərli səslə dedi:
– Çox çalışdıq, Allah bilir ki, əlimizdən gələni etdik, lakin zəhərlənmədən çox vaxt keçdiyi üçün onları xilas edə bilmədik.
Bu sözlər Taclının eşitdiyi son söz oldu. Fəryadı göylərə qalxdı, bütün xəstəxana başına yığıldı. Ananı saxlaya bilməyən tibb işçiləri və sinif rəhbəri nə edəcəklərini bilmirdilər…

O bayıldı, birtəhər ayıltdılar.
– Taclı xanım, baxın, həyat yoldaşınız zəng edir.
İkinci zəngdən sonra sinif rəhbəri telefonu açıb Taclının qulağına tutdu. Taclı ağlaya-ağlaya: -Gəray, evimiz yıxıldı, – dedi.
Yox, telefondakı Gəray deyildi.
– Taclı xanım, mənəm Lalədir.

Lalə də hönkürüb ağlayırdı.

Taclı xanım qıyya çəkdi:
– Lalə, sənin də artıq xəbərin var başıma gələnlərdən?! Evim yıxıldı. Yıxıldı evim. Hanı Gəray? Gəray yoldadır? Telefonunu evdə qoyub? Can, ay Gəray, necə dözəcək bu dərdə???

Lalə key-key soruşdu:
– Taclı xanım, siz nədən danışırsınız? Mən demək istəyirdim ki...

Ağlamaq imkan vermirdi ki, Lalə danışsın. Onun susmasını görüb Taclı zarıyaraq soruşdu:
– Lalə, uşaqların başına gələni sizə kim xəbər verib?

Lalə tam caşqınlıq içində nə baş verdiyini soruşdu, Taclı nəfəsi kəsilə-kəsilə baş verənləri söyləyəndə Lalə:– Nəəə?! Aman Allah, belə də zülüm olar? – deyib səsini lap ucaltdı. Sonra da Taclını daha bir dəhşətli xəbərdən agah etdi:
– Taclı xanım, mən evə girəndə evdə heç kəs yox idi. Evləri yığışdırmaq üçün sizin otağa keçəndə ağzından gan gəlmiş şəkildə Gəray bəyi gördüm. Xanım, Gəray bəy ölüb.
Əlindən telefon sürüşüb düşən Taclı ruhən və mənən öldü, təkcə nəfəsi arada gəlib gedirdi…

***

Sabahı gün palatada üzünə gün işığı düşən Taclı ayılanda yanında tibb bacısını və ağlamadan gözləri şişmiş Laləni gördü. Xanımın ayıldığını görən Lalə özünü saxlaya bilməyib ağlayaraq onun boynunu qucaqladı:
– Allah başımıza daş saldı.
Lalə nə gədər ağlasa da, gözləri bir nöqtəyə dikilmiş Taclı ağlamadı. Tibb bacısı Laləni birtəhər Taclıdan qoparıb çölə çıxardı.
Xəstəxanaya gəlib Taclıdan izahat almaq istəyən polis işçilərinə həkimlər xəstənin psixoloji vəziyyəinin pis olduğunu söylədilər.

 

***
Mərhumları məsciddə yuduqdan sonra dəfn etdilər. Yas yerinə o gədər adam gəlmişdi ki, yas mərasiminin üçüncü gününə kimi hər gün mağar ən azından 5-6 dəfə dolub-boşalırdı. Qohum-gonşu, tanışlarla yanaşı Gərayın çalışdığı şirkətin, Taclının dərs dediyi universitetin kollektivi də gəlmişdi.
Üç mərasimini artıq yola vermişdilər. Bu üç gündə Taclı ortalıqda ruh kimi dolaşır, elə hey nəsə fikirləşirdi.
Axşam saat 9 olardı. Qapının zəngi çalındı. Qapını açan Lalə Taclıya polislərin gəldiyini söylədi.
– Qoy, gəlsinlər, – dedi Taclı.

İki polis nəfəri idi. Nisbətən yaşlı olanı (rəis idi) dilləndi:
– Taclı xanım, axşamınız xeyir. Bəlkə də vaxtsız gəlmişik, ancaq imkan varsa, sizinlə danışmalıyıq. Səhər süfrənizdən gütürdüyümüz nümunələr laboratoriyaya göndərilib. Ancaq tort atıldığı, boşqablar krantın altına yığıldığı üçün götürülən nümunələr kifayət etməyə bilər.

Lalə söhbətə qoşuldu:
– Allah mənim boynumu qırsın, bilsəydim lazım olacaq, tortu atmazdım, pişik kremini yediyi üçün atdım, – dedi.
Polis rəisi üzünü Taclıya tutub: – Kimdən şübhələnirsiz, sizinlə düşmənçilik edən elə bir adamınız varmı? – deyə soruşdu.
Taclı: – Yox, indiyə kimi heç kəslə işimiz olmayıb. Evimizə gəlib-gedənimiz də olmayıb. Lalə də artıq 10 ildir bizimlə yaşayır, -cavabını verdi.
Polislər bir neçə gün gəlib hər iki qadını sorğuya çəkdikdən sonra gəldikləri nəticəni – fərziyyəni Taclı xanıma təklikdə söyləməyi gərara aldılar.
– Taclı xanım, əlimizdəki bütün dəlillər Lalə xanımdan şübhələnməyə əsas verir.
– Yox, ola bilməz. Mən Lalədən heç vaxt şübhələnmərəm.
– Bilirsiz, xanım, şübhələnməyə əsas verən odur ki, Lalə xanım zəng edib sizə demişdi ki, kirayə haqqını almağa gedib. Birincisi, həmin gün Lalə xanım evinə getməyib. İkincisi, kirayə haqqının vaxtına hələ bir həftə varmış – bunu bizə kirayənişin dedi. Daha bir şübhəli məqam – Lalə telefonda deyib ki, sizə sabah sürprizim var. Bu sürpriz hələ də ortalığa çıxmadığı üçün onun səhər yeyilən torta qatılan zəhər ola bilməsi ehtimalı yüksəkdir. Qalmış tortun atılması bunu bir daha sübut edir.

Taclı dəhşət içində soruşdu:

-Siz nə danışırsız? Lalə bunu edə bilməz. Nə məqsədlə bunu etsin axı?

Polis rəisi aramla cavab verdi:

-Məqsədinin nə olduğunu bilmirik. Məqsəd sizin var-dövlətinizə yiyələnmək ola bilərdi, məsələn. Unutmayın ki, sizin işə gecikdiyiniz üçün tortdan yemədən evdən çıxmağınız təsadüfən sağ qalmağınıza səbəb olub. Hamı ölərdi, o da evə gəlib, məsələn, əgər varınızdırsa, yerini bildiyi gizli saxlançığınızdan pullarınızı, qır-qızılınzı aparardı. Bütün faktlar Lalənin əleyhinə işləyir, biləsiniz.
Rəis bir qədər də danışdı. Bu həqiqətə oxşar dəlillər Taclını da inandırmağa başladı. Səhəri gün Laləni şübhəli şəxs kimi gözaltına aldılar.
Bir həftə ərzində sübutları, araşdırmadan çıxan nəticələri Lalənin qarşısına qoyub cavab istədilər. Lalənin isə dediyi bir söz var idi, deyib üstündə də dururdu:
– Mən qatil deyiləm, yediyim çörəyə xəyanət etmərəm.

Ekspertizaya göndərilən qidanın hamısı təmiz çıxsa da, qalmış az qism tort  nümunəsini daha  dəqiq nəticə üçün xaricə ölkəyə göndərdilər (elə polislərin də şübhələndikləri tort idi).

 

***
Yuxudan qalxan Taclı xanımın axşamdan ağladığı və gec yatdığı üçün başı ağrıyırdı. Yataqdan qalxıb çırağını söndürən Laləyə qarğışlar yağdıra-yağdıra neçə gündür səliqəyə salmadığı mətbəxə keçdi. Evin hər yerində əzizlərinin xatirəsi dolaşırdı. Hıçqıra-hıçqıra «Tefal» çaydanı əlinə gütürdü, istədi şəbəkəyə taxsın, suyun az olduğunu görüb doldurmağı qərara aldı. Su kranının  qarşısında çaydanın qapağını açıb içərisinə baxanda, gördüyünə inanmadı, donub qaldı. Çaydanı yerə atıb zala qaçdı, bilmirdi nə etsin, ağlayırdı.
– Bilirdim, bunu Lalə etməyib, – deyə bir neçə dəfə təkrarladı.
Telefonun dəstəyini götürüb şöbəyə zəng etməyə çalışdı, əlləri əsirdi. Nömrəni yığana kimi qapının zəngi çalındı. Telefonu yerə qoyub qapıya qaçdı.
Gələn polis rəisi idi.
– Sabahınız xeyir, bağışlayın, sizi narahat edirəm, ancaq sizinlə vacib işim var.
– Yox, narahat etmirsiz. Elə mən də sizə zəng etmək istəyirdim.

Polis rəisi səsində peşmançılıq çalarlarını gizləyə bilməyərək söylədi:
– Bilirsiz, Taclı xanım, biz yanılmışıq. Lalə xanımın bu işdə heç bir günahı yox imiş.
– Mən artıq bilirəm.
– Sizə şöbədən xəbər veriblər?
– Nəyi?
– Xaricə gündərdiyimiz tort qalığı nümunəsinin təmiz çıxmasını.
– Xeyr, mən ailəmin ölüm səbəbini tapmışam.

Bir anda polis rəisini maraq götürdü. Yeganə şübhələndikləri şəxs – Lalə bəraət alırdısa, ölüm hallarının qida zəhərlənməsindən baş vermədiyi aşkar olunurdusa, onda cinayətkarı tapmaq tam bir müşkülə çevrilirdi. Buna nə qədər güc, enerji və vaxt gedəcəkdi. İndisə ev sahibəsi deyirdi ki, ölüm səbəbini tapıb.
– Necə tapmısız?
– Gəlin mənimlə mətbəxə keçək.
Taclı elektrik çaydanını gütürüb içərisindəki «spiral»ın altında ölmüş kərtənkələni göstərdi.

-Baxın, budur mənim ailəmin məhvinə səbəb.
– Necə yəni, Taclı xanım?

Polis rəisi hələ də bir şey anlamadı, xırda kərtənkələ üç insanı necə öldürə bilərdi axı?

Taclı göz yaşlarını birtəhər boğaraq söylədi:
– Mən biologiya müəllimiyəm. Bilirəm ki, zəhərli sürünənlər, eləcə də kərtənkələ isti suya salınarkən zəhərini buraxır. O gün axşamdan yazıq Gərayla (Taclı xanımın gözləri doldu) çay dəmləyib içdik. Hava bürküydü, istiləndiyimz üçün mətbəxin nəfəsliyini açdıq, yadımızdan çıxıb örtmədən yatmışıq. Səhər oyananda isə, Allah mənim canımı alsın, işə tələsdiyim üçün çaydanda qalmış suyu isitdim, çaydanın içinə baxmadım. Çox güman, kərtənkələ axşam nəfəslikdən keçib çaydanın lüləyindən içinə girib.

Bu yerdə Taclı hönkürtüsünü saxlaya bilmədi.

-Artıq mənə olan olub, Lalə yox, ailəmin ölümünə mən səbəbkaram. Gedək, azad edək Laləni, səhv etdiyimi deyim, ayağına düşüb yalvarım, məni bağışlasın.
Polis rəisi dərindən ah çəkdi.

– Daha gecdir, Taclı xanım.

Taclı donub qaldı.

-Necə yəni, gecdir?

-Lalə bacı bu gecə kameradan özünü asıb, bu məktubu da sizə yazıb.

Taclı səntirlədi, divara söykəndi.
– Aman Allah, daha bir zərbə.

Hönkürdü, polis rəisi mətbəxdən ona su gətirib içizdirdi. Taclı havalılar kimi öz-özünə danışırdı:

-Bu nə həyatdır, ikinci dəfə tələskənliyim ucbatından sevdiyim insanı itirdim...

Taclının ürəyi getdi.
Bir azdan mətbəxi ələk-vələk edib ürək dərmanı tapan polis rəisi Taclını birtəhər ayılda bildi.

Həm polislərin, həm də Taclının əsassız şübhələnmələrinə heyfsiləndilər, Lalənin ölümündən çox pis təsirləndiklərini büruzə verdilər.

Polis rəisi ev sahibəsinə bir daha başsağlığı verib getdi.
Taclı pəncərənin qarşısında dayanıb göz yaşları içində Lalənin son məktubunu oxumağa başladı:

 «Düz on il bundan əvəl, vaxtı ilə sevib evləndiyim həyat yoldaşım hər gün məni və oğlumu içib döydüyü üçün dolana bilmirdik. Bir dəfə içib məni döyəndə oğlum nə qədər çalışsa da, məni onun əlindən ala bilmədi. Keçib mətbəxdən bıçağı gətirib, atasını bıçaqlayıb öldürdü. Məhkəmə də cavanlığına, məni müdafiə etməyinə görə ona 10 il iş verdi. Sizin evdə işə düzələndə bütün bunları gizlətmişdim ki, heç bir ailə tanımadığı və başına bu cür hadisə gəlmiş insanı işə götürməz. Həmin gün – sizə yalan danışdığım gün oğlum həbsdən azad olacaqdı, o sürprizim isə övladımı sizin yanınıza gətirərək hər şeyi danışacağım olmalıydı. Bilirdim ki, məni qəbul edəcəksiniz. Lakin həmin axşam mən bəxti qarə oğlumun gəlişinə sevinmək əvəzinə onun qara xəbərinə göz yaşı axıdası oldum. Onu içəridə öldürmüşdülər. Artıq yaşamağın mənası yox idi. Gəlmişdim, sizinlə sağollaşıb ayrılım, gedib özümü öldürüm. Lakin gəlib sizin evdə gördüklərim məni fikrimi dəyişməyə məcbur etdi. Bu faciədən sonra sizə dəstək olmaq üçün yaşamağa məcbur idim. Axı siz mənə həyat vermişdiniz. Mən sizin ailənizi öldurməmişəm. Bilirəm, bəlkə fikirləşəcəksiniz ki, azadlığa çıxa bilməyəcəyini anlayıb özünü öldürdü, bu məktubla özünü quruya çıxardır. Lakin and olsun bizi yaradana, o on il dəmir barmaqlıqlarda qalıb öldürülən balamın goruna, mən sizin ailənizi öldürməmişəm. Haqqınızı halal edin. Sizi çox sevən Lalə».
Bu qədər acımasızmış həyat. Bu qədər qəddarmış.

Pəncərəyə düşən yağış damlaları şüşədə, göz yaşları isə Taclının solğun yanağında iz qoyurdu….

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.