Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə bu gün start verilir.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.
Zeynallı Həsən Hakim oğlu (Həsən Kür)
1996-cı il 17 mart tarixində Salyan rayon, Sarvan kəndində dünyaya gəlib.
Şeir yazmağa 15-16 yaşlarında başlayıb.
Şeirləri mütəmadi olaraq antologiyalarda, qəzet, jurnal və saytlarda dərc olunur. Türkiyə, İran, Türkmənistan və Qazaxıstanda bəzi şeirləri çap olunub.
"Xalqın şairi" telelayihəsinin, "Nəsimi ili" və "Nizami ili" şeir müsabiqələrinin qaliblərindəndir.
2019-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
2020-ci ildə 30 illik qisasımızın alındığı Böyük Vətən müharibəsinə könüllü olaraq yollanıb.
"Boyat dərdin üstündə" , "Tikanlı məftillər" və "Döyüş və Dönüş" kitablarının müəllifidir.
Vətən müharibəsi iştirakçıları - qazi şairlər. Poeziyamızda yeni status. Onların şeirləri qan-qada görüb deyə sərtdir, mübarizdir. Onların şeirləri ağlatmır, sısqamır, nifrətə kökləyir, mətinləşdirir.
Son döyüş
İsmayılov Raqil Rafiq oğlu və Əzizov Sübhan Elşad oğlu Salyan rayon, Dayıkənd kənd orta məktəbinin məzunlarıdır. Hər ikisi könüllü olaraq yollandıqları 2-ci Qarabağ müharibəsində birlikdə şəhid olublar. Şeir onlara həsr olunur.
-Raqil eşidirsən? Mənə cavab ver!
-Sübhan, mən deyəsən yaralanmışam.
Tərpədə bilmirəm heç bir yerimi,
Elə bil ölmüşəm, cansız bir daşam.
-Yox , ölməyəcəksən, yaşayacaqsan
İndi harda olsa gələr uşaqlar.
Qardaş, ürəyini buz kimi saxla
Onlar gəlib bizi aparacaqlar.
-Sübhan, sən necəsən? Yaran dərindi?
-Bilmirəm, amma bərk ağrıyır başım.
-Özünü qorxutma, bir az möhkəm ol
Sən sağ qalacaqsan, əziz qardaşım.
-Komandir! Komandir! Yoldaş leytenant!
-Dayan Sübhan, dayan yorma özünü.
Deyəsən komandir şəhid olubdur
Həyata əbədi yumub gözünü.
-Yazıq... yetim qoydu uşaqlarını
Canını tapşırdı Ana Vətənə.
Dünən gecə yarı bir az dərdləşdik
Qızının şəklini göstərdi mənə.
-Danışma qardaşım, taqətdən düşmə
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama açıb, oxuyar.
Bilsin ki, içimdən nə hisslər keçib,
Bilsin ki, Vətəni necə sevirdim.
Təsəlli tapsın ki, mən şəhid oldum,
Sevinə-sevinə məzara girdim.
-Sən ölməyəcəksən, belə danışma!
Anan qalmayacaq gözləri ağlar.
Bütün qohumların, bütün dostların,
Gələn il toyuna yığılacaqlar.
Birlikdə gəlmişik cəbhəyə, Raqil
Kəndə də, birlikdə qayıdaydıq kaş.
Əgər yolumuzu ölüm kəsdisə
Sən ölmə, yerinə mən ölüm, qardaş.
-Ay Sübhan, bədənim oldu buz kimi,
Gözüm heç bir yeri görmür elə bil...
-Dayan... bir az dayan, ölmə qardaşım
Raqil... ölmə Raqil... cavab ver Raqil...
Xəzan səsi
Gözümün işığı, burda payızdı
Hər kəs yığışıb öz gödəkcəsinə
Bircə sevincini görəydin onun
Günəş gülə-gülə sovuşub getdi
Bahar tətilinə gedərcəsinə
Gözümün işığı, burda payızdı
Burdakı yarpaqlar payıza kölə
Zavallı ağaclar payıza əsir
Baxçanın sonuncu bənövşələri
Bir saxsı dibçəkçün evə tələsir
Mən indi payızın çiyinlərində
Yazın gəlişini gözləyən bağam
Mən indi səngərdən boylanan əsgər
Ayaq səslərindən qorxan torpağam
Dişimi dişimə sıxıb dözürəm
Olur belə şeylər, olur, qadası
Tək qalan adamlar özündən küsür
Getməyə bir qucaq yer tapmayanda
Yıxılır bir küncdə qalır, qadası
Bəs ora necədi? Havası, suyu?
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
Neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?
Yox, sən dəyişilmə, özünü qoru
Aldanma küçənin xəzan səsinə.
Kaş ki, illər sonra bir yaz səhəri
Birgə oyanaydıq azan səsinə.
Xəmiri Əllər
Bir səhərin sübh çağı
Hamı əl-ələ verib
yuxuna haram qatar-
Katibə zəng vurar ki,
İşdən çıxarılmısan.
Nişanlın, mesaj-mesaj
Başının ətin yeyər:
-Səninləyəm, cavab ver!
Axşam harda olmusan?
Anan girər otağa,
Pəncərəni açar ki,
boğulmasın tüstüdən..
Araq şüşəsi tapar
Döşəyinin üstündən.
Cırıldayan yatağı
Əsəblə silkələyər-
"Ay alkaş oğlu, alkaş
yenə içmisən?" deyər..
Qışqırar əsəbindən,
Xəmirli əlləriylə
Sinəni yumruqlayar.
İçini çəkə-çəkə,
Uşaq kimi ağlayar.
Qaçasan otağından,
Hirs soyutmaqdan ötrü
Qapını bərk vurasan,
Küçənizdə can verən
itə təpik vurasan.
Qaçasan, sən qaçdıqca
Uzaqlaşa yol hələ.
Aclıq vurar təpənə
Dönərçiyə deyəsən-
"Zəhərini bol elə".
Bədbəxtlikdən içindən
İynə çıxmaz çörəyin.
Kredit şöbəsindən
Bahar xanım zəng edər:
"Müəllim, sağsınızsa,
Borcunuzu ödəyin!"
İri-iri addımlar
Ata səni sahilə.
Yerdən bir daş götürüb
Keçirəsən boynuna,
Qulağına səs gələ...
Bu yaşlı kişi kimdir?
Kövrək səslə qışqırır:
"Etmə, qurbanın olum
Əgər pulun yoxdursa,
Gəl, mən sənə verim, var.
Əgər evin yoxdursa,
Bir nəfərlik yerim var.
İş də taparam sənə
Köhnə bir tanışım var,
hamıya iş düzəldir.
Ölmə, qurbanın olum,
Axı həyat gözəldir!"
O yaşında adamın
Yaşamaq məhəbbəti
Sanki güc verər sənə.
Çıxarıb boynundakı
yarım kiloluq daşı
Qayıdasan evinə.
Anan qaça qapıya
Daş izi qalan yerdən
Boynunu qucaqlayıb
Deyər: "yaxşı ki, varsan.
mən səni bağışladım,
sən də bağışlayarsan..."
Qadın
Haçansa hardasa görmüşəm səni,
Amma ki, üzündə ləkən yox idi.
Sən ki, çiçək kimi təravətliydin,
Üstündə bir dənə tikan yox idi .
Sən həmin qadınsan, sən o qadınsan
Yuxudan hamıdan əvvəl oyanıb,
Hamıdan axırda yuxuya gedən.
Namərd sərvətinə boyun əyməyib,
Bir tikə çörəkçün qonşuya gedən.
Hər gün döyülmüsən, tapdalanmısan,
Nişan üzüyünə əsir düşmüsən.
Uşaq qucağında evdən qovulub,
Hərənin dilinə bir cür düşmüsən.
Sən həmin qadınsan, ağlın kəsəndən,
Belini bükmüsən qar, qış demədən.
Bütün küçələri təmizləmisən,
Bir sarı yarpağa qarğış demədən.
Sənin zərifliyin, qadın olmağın
Doğmanın, ogeyin yadından çıxıb.
Süpürgə çəkmisən bütün yollara,
Bircə öz taleyin yadından çıxıb.
Gizlətmə üzünü, utanma məndən
Qoy dünya utansın, bəşər utansın!
Sənə qalxan yerdə əllər qırılsın,
Sənə qalxdığına əllər utansın!