Yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" adlı kitabın Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ziyalıların çıxışları, müəlliflərin və digər ədəbiyyat nümayəndələrinin səsləndirdikləri maraqlı nümunələrlə zəngin keçib. Layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar layihənin önəmindən, gənc yazarlarla oxucular arasında bu cür tədbirlərin vacibliyindən söz açıb. Qarşıdakı təqvimlərdə təşkilatın Sumqayıt şəhərində bir çox ədəbi layihələrin həyata keçirilməsində maraqlı olduğunu ifadə edib. Tədbirin sonunda təşkilatçılara Dünya Gənc Türk Yazarlar Birliyinin diplomları təqdim olunub.
Qeyd edək ki, "Gəncliyin sözü" kitabı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi "Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi" layihəsi çərçivəsində nəşr edilib.