Yazıçı Rövşən Yerfinin “Məhbəs” adlı yeni kitabı “Mücrü” nəşriyyatında işıq üzü görüb. Amma yazıçı buna sevinmək istədiyi halda qayğılar əsla macal vermir. Nə qayğılarıdır bunlar? “Ədəbiyyat və incəsənət” portalı yazıçının sosial şəbəkədə açıqladığı gileyini sizə çatdırır.
“Dostlar, “Məhbəs” adlı yeni kitabım çap olundu. Fikirləşirdim ki, Təqdimat adı ilə çoxdan görüşmədiyim sizləri görüm və mənimlə birlikdə çap xərci çəkən yoldaşlar üçün bir az kitab satılsın. Lakin görürəm ki, heç yerdə bir saatlıq havayı yer vermirlər. Bu səbəbdən təqdimat fikrindən daşınıram.
Mən ömrüm boyu ədəbiyyatdan maddi xeyir güdməmişəm və bu kitabı da artıq pul qazanmağa görə çıxarmamışam. Əsl oxucu üçün, ədəbiyyat üçün çapına çalışmışam.
Və əminəm ki, əsl oxucular təqdimatsız da onu gec, ya tez alıb oxuyacaqlar. Qaldı görüşüb şəkil çəkdirmək, gələn ay nəzərdə tutulan kitab sərgisində İMZA SAATI elan edib görüşərik.
312 səhifəlik kitab 10 manata baha deyil, almaq istəyənlər Bookzone, Kitabıstan, Libraf mağazalarından soruşa bilərlər”.