Sabah Abşeronda böyük kitab bayramı başlayacaq

23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü-8” sərgi-festivalı keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı  xəbər verir ki, festivalın təşkilatçıları Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyidir.

Festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.

“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edəcək.

Tədbirin proqramı aşağıdakı kimidir:

- “Gəlin birgə oxuyaq” fləşmobuna qatılıb minlərlə oxucu ilə eyni anda kütləvi mütaliə həyəcanı yaşamaq;

- sosial şəbəkə hesablarında oxuduqları kitabla birlikdə şəkillərini #gelinbirgeoxuyaq haştaqı ilə paylaşaraq “Oxu Günü”nün mütaliə ulduzları siyahısına düşmək;

- “Gəlin birgə oxuyaq” şüarı ilə əllərində kitabla çağırış edərək video çəkib sosial şəbəkə hesablarında paylaşmaq;

- tanınmış yazıçılar, elm adamları, ictimaiyyət nümayəndələri ilə görüş;

- oxuduğu kitabı özü ilə gətirib, imzalayıb seçdiyiniz iştirakçıya hədiyyə etmək;

- məxsusi qurulmuş səhnədə iştirakçılara öz istedadını nümayiş etdirmək;

- “face-art” vasitəsilə məşhur yazıçıların simasına bürünmək;

- seçilmiş kitabları alaraq rəssamdan öz karikaturanı əldə etmək;

- balaca oxucuların hədəf atışı edərək kitab hədiyyə qazanması;

- balaca oxucular üçün mütaliə və nağıl saatları;

- şahmat həvəskarlarının oyunda qalib gələrək kitab hədiyyəsi alması;

- “Kitabı ağaca çevirək!” stendindən “Özün al, özün ödə” formatında kitab alıb texnobağın salınmasına dəstək vermək;

- rəsmilərin uşaqlara kitab oxuma saatları;

- kukla teatr tamaşalarının qonağı olmaq;

- tanınmış əsərlərdəki monoloqlardan teatral parçalar səsləndirmək;

- “Sürətli oxu” yarışında iştirak edib kitab qazanmaq kimi maraqlı və əyləncəli aksiyalara şahid olmaq.

Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.

Builki sərgi iki gün müddətində saat 10:00-dan 20:00-dək davam edəcək.

Qeyd edək ki, sərgi-festivalın baş sponsoru “Hedef Group”dur.

Tədbirin informasiya dəstəkçiləri AzTV, “525-ci qəzet”, “Senet.az” və “Azedu.az” saytları, eləcə də “Ustad” dərgisidir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.