ƏdəbiyyatBeynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsi davam edir. Festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Festivalın ekspertləri final mərhələsinə keçəcək 30 nəfərin seçiminin çox gərgin keçdiyini qeyd edirlər. Onlar əsas favoritlərin adlarını da açıqlayıblar: Fərid Hüseyn, Mehdi Dostəlizadə, Eminquey, Ulucay Akif, El Roman, İntiqam Yaşar, Ramil Əhməd, Cavid Zeynallı, Nargis İsmayılova, Tural Cəfərli, Bahəddin Salman, Ayxan Ayvaz, Orxan Həsəni, Aypara Ayxan, Ələsgər Əhməd, Ümid Nəccari, Murad Muradov, Rəvan Cavid, Nigar Arif, Ruslan Dost Əli...
“Ədəbiyyat və incəsənət” portalı əsas favoritlərlə oxucularını tanış etməkdədir.
İsmayılova Nərgiz Rəfail qızı (Nargis)
1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. 1993-cü ildə Zaqatala rayonunda orta məktəbə daxil olub, Ordubad Türk liseyində təhsilini davam etdirib. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2012-ci ildə Gəncə Dövlət Universitetinin “Xarici ölkə xalqaları ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirib.
2012-ci il dekabr ayının 1-dən Azərbaycan MEA-nın Naxçıvan Bölməsində Ədəbiyyat və İncəsənət İnstitutunun Ədəbiyyatşünaslıq Şöbəsində laborant, kiçik elmi işçi, elmi işçi, hazırda isə böyük elmi işçi vəzifəsində çalışır.
“XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya işi müdafiə edib. “Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı” ixtisasları üzrə filologiya üzrə fəlsəfə doktorudur. Dosentdir.
60 elmi, 400-dən çox qəzet məqaləsinin müəllifidir. 6 bədii nəsr, 6 tərcümə əsərinin, 2 monoqrafiyanın müəllifidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin doktorantıdır. “İtaliya ədəbiyyatında postmodernizm və Azərbaycan bədii nəsri” sahəsində elmi tədqiqat işi aparır.
“İçimdəki Merilin”, “Qardələn”, “Müqəddəs məkan-Naxçıvan”, “Beklenen Dolunay”, “Qayıtmalısan”, “Əcəmi” adlı nəsr kitablarının müəllifidir. Həmçinin “İçimdəki Merilin” Türkiyədə, “Qardələn” İranda da nəşr olunaraq oxucu auditoriyasına çatdırılıb.
Bir neçə bədii və elmi kitabları, o cümlədən Elxan Yurdoğlu ilə birlikdə Türkiyəli yazıçı-şair Kahraman Tazeoğlunun bestsellerə çevrilmiş “Bukre” romanını türkcədən dilimizə çevirib.
Azərbaycan Yazıçılar, Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, gənc yazar kimi Prezident təqaüdçüsüdür. Maraq doğuran yazılarına və uğurlarına görə 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi “Əli bəy Hüseynzadə mükafatı”na layiq görülüb, muxtar respublikada “İlin yazıçısı”, “İlin jurnalisti” seçilib. AMEA Naxçıvan Bölməsinin “İlin alimi” fəxri diplomu ilə təltif edilib.
Ekspertlərin fikrincə, Nargisin sirli-sehirlı yazıları kvalifikasiyaya görə mifoloji fentezidir, postmodern nümunəsidir, endikcə dərinliklərə enir, təfəkkürün ən dərin qatlarında əbədi sual kimi qalmış cavabsızlıqlara cavab tapmaq çabası gösrərir. Məhz fərqlilik axtaranlar üçün onu mütaliə etmək çox maraqlıdır.
Tanrılogiya
Acınacaqlı çığırtı səsləri ilə dolub daşan kabusları Qaianı yuxu üzünə həsrət qoymuşdu. Yuxularındakı çığırtının haradan gəldiyini anlaya bilmirdi. Altı gün idi ki, vəziyyət belə idi. Altı gün idi ki, mərhələ-mərhələ bir anlayış yaranırdı beynində. 6 gün idi ki, yuxularında yasəmən meşələrində gəzişirdi.
Meşənin dərinliklərinə doğru irəlilədikcə çığırtı səsləri getdikcə çoxalırdı. Yıxılırdı, diz çökürdü Qaia. Ruhunu sarmaşıqvari burulğanlar sıxırdı... Bütün beyin hüceyrələrini uşaqkən kəndlərindəki ala kərdilərdə gördüyü sarı alaq otları basırdı sanki... Həmin alaq otları getdikcə sıxırdı təfəkkürünü... Düşüncələrinin bütün şirəsini sorurdu... Düşüncələri inkişafsız qalırdı. Nə isə çatmırdı. Tamamlanmayan qırıq-qırıq həyat kadrlarından ibarət idi, bir anda içinə dığırlandığı bu tanış olmayan dünya.
O gün də belə oldu. Azərlə danışanda yenə özünü bu yeni dünyanın ağuşunda hiss etdi. Qarmaşıq, rabitəsiz fikir yağmurunu dolaşıq cümlələrlə ona da çatdırmağa çalışdı. Danışmağı sevmirdi. Əslində hər kəslə ünsiyyət qurmaq və uzun-uzun söhbətləşmək, müzakirələr aparmaq doğrudan da çox çətin idi...
Ancaq bəzi insanlarla ünsiyyət nəfəs almaq kimi önəmli idi. Bu zaman insanın ciyərlərinə, düşüncələrinə, ruhuna oksigen dolur... Həmin gün də tələsik şəkildə düşüncələrini yönləndirirdi ona. Azər onun da eynilə buna bənzər hislər yaşadığını və bunu mütləq yazmalı olduqlarının vacibliyini vurğulayaraq dəstəyi tələsik asmışdı. Niyə yazmalı idi? Çünki bəlkə də, elə tək çarə yazmaqdı.... Daha nəhəng çoxluğa, multi qatlara, bəlkə də elə meta yoxluğa meydan oxumaqdı yazmaq... Qaia bir zamanlar tramvalarını yazan əsgərləri xatırladı. Yazmaq insanı rahatladırdı. Bir növ, terapiya idi yazmaq... Bununla bağlı bir neçə elmi araşdırma oxumuşdu zamanında...
Yazmağa elə bu zərif tramvasından başlayacaqdı.
İlk öncə onu son 5-6 ayda narahat edib, təşvişə salan yuxularını yazmaq istəyirdi... Yasəmənli meşədən başlayacaq idi yazmağa... Nə idi onu meşəyə sürükləyən? Bu, kabus idimi? Halusinasiyamı? O çığırtı nə idi bəs? Gerçək idi elə bil. Oyananda qulaq pərdələrinə 180 desibel səslə bağırırmışlar kimi hiss edirdi... Bilirdi ki, araşdırmalar 180 desibelin raket atılarkən raketin verdiyi səs gücündə olmasını müəyyən edib. Buna məruz qalmaq isə sadəcə dəhşətdir...
Bu, yasəmənlərin çığırtısı idi? Yasəmən ağaclarını kəsirdilər?
Qaia bunun səbəbini soruşurdu ordan-bura, burdan-ora qaçaraq. Qan, tər içində qalırdı yuxularında. Ağlayırdı. “Kəsməyin, yasəmən ağaclarını!” deyərək yalvarırdı... Yasəmənlər kəsilirdi... Hun çayının suları bənövşəyi rəngə boyanırdı... Qaia gah çaya, gah da meşəyə çırpırdı özünü. Heç kim əl saxlamırdı. Torpağın ürəyi səksəkədə idi, az qalırdı köksü çıxsın yerindən. İy və dad bilməsini itirirdi Qaia. Günəşin yanıq qoxusunu, yasəmənlərin qanının iyini hiss etmirdi. Hun çayından heç bir dad ala bilmirdi artıq. Nə isə dəyişirdi. Paralel dünyayamı sıçramışdı ruhu?
Hun çayı getdikcə özünə deltalar yaradırdı... Bu yeni dünya daha Hakslinin dediyi kimi cəsur deyildi... Bu dünya başını itirmişdi, qudurmuşdu.
Yasəmənlər kəsilirdi...
Hun çayının rəngi artıq hər zaman yasəmən rəngində olacaq – deyirdi gümüş saçlı adam. Gözlərimi qamaşdıran bir nur qüzehli qişa əzələlərimi yığaraq bəbəyimi daraldırdı.
Kim idi bunlar? Adlarını xəbər almaq üçün ağzımı güclə açdım... Hamısının adı eyni idi... Onları sadəcə rəqəmlər fərqləndirirdi...
Gümüş 1, Gümüş 2, Gümüş 3...
Robotlaşmış təxəyyülün məhsulu bu sistem məni ürküdürdü...
Gümüş 1 içlərində ən zəhmli olanı idi... Ağacları eyni sürətdə kəssələr də, o sanki fərqli bir kin bəsləyirdi yasəmənlərə.
-Çiçəklər insanlığın düşmənidir - dedi Gümüş 1...Gözlərində zəhmqarışıq biclik bərq vurdu.
-Gümüş 2: Bəli, ilk olaraq gözəl qoxu anlayışı deyiləndə çiçəklər, bitkilər yada düşür...
-Gümüş 3: Gözəl olan hər şey insanı tənbəl edir... İnsanlıq tənbəlliyin daşını atmalıdır... Günəş yanır... Vaxta az qalır. Birazdan tamamilə yanıb kül olacaq... Yeni günəşlər tapmalıyıq...
-Gümüş 1: Ulduzları yandırmağın zamanı çatıb... Bunun üçün bütün dünyadakı şəffaflıq yox edilməlidir... İlk olaraq sular boyanmalıdır... Bütün yasəmən ağacları kəsilməlidir.
Qışqırmağa başladım...
-Bunları kəssəniz tamlıq və vəhdət itəcək...
-Gümüş 1: Hahahaha...Sentimental, melanxolik düşüncə yağışı...Yasəmənlər və vəhdət anlayışı? Gözəllik nə vaxtdan tamlığı qidalandırıb, onun mərkəzinə çevrilib?
-"Gözəllik ayrı -ayrı elementlərdə deyil, birinin digərinə, yəni ələ görə bütün barmaqlarının, biləyə görə əlin, bütün qola görə ön qolun və sonda bütün hissələrin digərlərin görə ahəngdar nisbətində olmalıdır"- deyib Eko...
-Hər deyilən doğrudurmu? Hər doğru insanlar və bizlər –Bubululular üçün doğrudurmu?
-Bu nə soyuqqanlılıqdır? Gözəllik nə vaxtdan təhlükə hesab olunur? Dünyanı gözəllik xilas edəcək... Gözəl qoxular, rahiyələr, dadlar...Qadınlar...
Gözəllik tanrıçası Afroditaya əsaslanan Hesiod, o kəs ki, eramızdan əvvəl VIII əsrdə yaşayıb, gözəlliyin mənbəyinin qadınlar olduğu qənaətindədir.Hesiodun fikrincə, başlanğıcda sonsuz və kompleks bir Xaos var idi. Xaosun qızı Nyks və oğlu Erebosdan (yəni Yeraltı) və Eros (yəni Eşq) dünyaya gəldilər və xaosu gözəllik əvəz etdi. Buna görə kainat gözəlliyin təcəssümüdür.
-Gümüş 3: Yas və Minin faciəsini unutmusunuz deyəsən?
-Elə bir faciə yoxdu... Kim yazıb onu? Esxil? Sofokl? Evripid? Jan Rasin?
-Gəl sənə bunu danışım... Sonrasına özün qərar ver... Emosiyalarla yox, analiz qabiliyyəti ilə şərh et...
Mifologiyaya görə Küknar meşəsinin ən gözəl xanımları Yas və Minin şöhrəti bütün Bibl və Ya ellərində dillərdə dastan imiş. Bir gün Ya elinin kralı Qrenyun Küknar meşəsində ova çıxır. Nağıl edilir ki, Qrenyun bütün heyvanların dilini bilirmiş və ovda ikən dincəlmək üçün söykəndiyi xarabalıqda bayquşlardan iki gözəlin hekayətini eşidir. Kral ovdan qayıdar-qayıtmaz, tələsik bu iki gözəlin sorağına çıxacağına and içir.
Bəşəriyyətin tarix boyu axtardığı şey həmişə gözəlliyi tapmaq və onun arxasınca qaçmaq olub. Ancaq gözəlliyi, gözəli tapmaq təəssüf ki, heç kim üçün kifayət etməyib və hər zaman ən gözəlinə çatmaq hədəflənib.
Bu səbəbdən də, ovdan qayıdan Qrenyun qiyafəsini dəyişib Bibl elinə tacir kimi daxil olur. Ya elinin xəzinəsinin ən nadir almazlarını da Hermes markalı çantasında özü ilə götürür. “Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni "ruhların bələdçisi" adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur”.
Bibl elinə varid olduqda, günəşlə yarışacaq parlaqlıqdakı almazları satmağa başlayır. Öncədən öyrətdiyi adamlar şaiyə yayırlar ki, bəs Bibl kralının sarayında heç belə almazlar yoxdur. Bu almazlar Bibl kralının bütün xəzinəsinə bərabərdir. Almazların şöhrəti və söz-söhbət krala çatır. Əyan-əşrəfə söz verir ki, o almazları günü bu gün xəzinəsinə daxil edəcək. Bibl Kralı İsgəndər, Qrenyunu hüzuruna dəvət edir. Nə and-aman edirsə, tacir almazları satmır ki, satmır. Nəhayət kral kor-peşman soruşur ki, almazlara qarşılıq nə istəyir? Nə istəsə, söz verir ki, verəcək.
Çünki artıq Bibl kralının sözü yerə düşürdü. Əyan-əşrəf kralın sözünə etimad göstərməyib, fısın-fısın danışır, onu lağa qoyub, xısın-xısın gülürdülər. Kral hər şeyi görürdü... Verdiyi sözdən peşman olsa da, “Sonrakı peşmançılıq fayda vermir”...
Ya Kralı Qrenyun da belə fürsəti əldən verməzdi. Tez krala Bibl elinin iki gözəlini, Yas və Mini istədiyini deyir. Bu, kralı qəhərləndirir. Ancaq kral yenə tuta bilməyəcəyi sözlərindən birini vermişdi... Bu dəfə isə bu sözü Ağ saraydakı böyük məclisdə əyan-əşrəfə vermişdi...
Beləliklə Yas və Min Ya elinin tacirinə (əslində kralına) hədiyyə olunur. Qrenyun bic-bic gülür. Artıq bu iki gözəl xanım sayəsində Ya elinin gözəlliyi analarına, igidliyi atalarına bənzəyən dillərə dastan oğul və qızları doğulacaq idi. Qrenyun Yas və Mini karetasına əyləşdirib Ya elinə doğru getməkdə olsun. İndi sizə xəbər verim Yas və Mindən. Ata-analarından, sevimli oylaqlarından, yurd-yuvalarından bu şəkildə zorla qopardılan qızlar xiffət çəkirdilər. Yol boyu gözlərindən damlayan yaşlar hər yeri bənövşəyi rəngə boyayırdı. Keçdikləri yerdə bütün gül-çiçək solurdu. Bu bənövşəyi göz yaşları bütün sevgini, gözəlliyi, xoş rahiyələri yuyub yer üzündən silirdi. Keçdikləri hər oylağı quru çölə çevirən göz yaşları yavaş-yavaş bütün insanların mənəvi keyfiyyətlərini də özü ilə qeybə doğru çəkib aparırdı...
Qrenyun keçdiyi ellərin zümrüd yaşılı oylaqlarını boş, çöllərini quraq görürdü. İnsanların üzündən xoşbəxtlik yerinə narazılıq yağırdı. Hər kəs qaçışır, dayanmadan çalışırdı. Mal-mülk toplamaq həvəsi, hərislik yağırdı bütün insanlardan. Bu yaxşıdırmı? - Düşündü Qrenyun... Bibl ellərinin torpaqları Qrenyuna cəhənnəmi xatırlatmağa başlamışdı. Qrenyun necə olmuşdu ki, bu elə gələndə bunları görməmişdi? Bunun səbəbini öncəliklə hədəfinə çatmağa konsantre olmasında görürdü. Artıq hər şeyi əldə etmişdi. Bəlkə də ona görə, Bibl elləri ona belə sıxıcı gəlirdi. Bəlkə bu iki gözələ görə gözünə gözəl gəlmişdi, ya da diqqətindən yayınmışdı buralar, bilmirdi. Bildiyi və əmin olduğu tək gerçək o idi ki, bu qızlar artıq Ya elinin idi. Ya elinə çatanda kral qızları hərəm ağasına tapşıracaq, özü isə qalibiyyətini qutlayacaqdı. Onun göstərişi ilə qızlar kralaməxsus hazırlanmalı idilər. Ya elinə çatan kimi kral düşündüklərini icra etdi...
Hərəm ağası gözlərindən bənövşəyi rəngdə incilər tökülən Yas və Mini görəndə, öncə bu gözəlliklər qarşısında bihuş oldu, dizləri titrədi, sonra bütün mənəvi keyfiyyətlərini itirdi, qəlbi Böyük səhraya döndü. Yas və Minin ayaq qoyduğu hər torpaq, könül səhralaşırdı. Adətə görə Yas və Min kralla görüşdən öncə 7 gün paklanmalı, Ya ellərinin adət-ənənəsinə uyğun təlimləndirilməli idilər. Bu 7 gün içində vaxtını eyş-işrətdə keçirən kral fərqində deyildi ki, bütün Ya elləri və könülləri səhralaşmağa başlayıb. Artıq söz-söhbət hər yeri bürümüşdü. Bibl elinin iki gözəli gecə-gündüz inci kimi göz yaşları tökürdü. Bütün güllər solurdu, quşlar bala çıxarmır, bülbüllər cəh-cəh vurmurdu. Xalq ayağa qalxmışdı. Qrenyundan onları geri göndərməyi, ya da öldürməyi tələb edirdilər. Bibl elində də vəziyyət eyni idi. İnsanlıq getdikcə məhv olurdu. Qrenyun bütün bunlara o qızların səbəb olduğuna inanmırdı. Xalq qızları cadugər adlandırırdı.
Qrenyun gecə olanda hərəm ağasını yanına çağırdı:
-Mənə qızları gətir - dedi.
Hərəm ağasının sir-sifəti eybəcər hal almışdı. İlk dəfə idi ki, Qrenyun bundan narahat olmağa başladı. Bəlkə də bu qızlar həqiqətən də cadugər idilər?
Sonra bu düşüncəsini özündən uzaqlaşdırmağa çalışdı. Dəqiqələr sonra, yenidən hərəm ağasının qapını taqqıldatması Qrenyunu gerçək dünyaya qaytardı.
Yas və Min kralın çəhrayı yaqutlarla bəzədilmiş otağına daxil olanda Qrenyunun gözləri qamaşdı. Bir müddət göz bəbəkləri ağrıdan sızıldadı. Yavaş-yavaş gözlərini açdı. Qarşısında elə bil iki pəri qızı dayanmışdı. Bunlar, nadir gözəlliyə məxsus Bibl gözəlləri idilər. Qrenyun hiss etdi ki, axtardığını tapıb. Yas və Minin xoş rahiyəsi bütün qoxuları əsir edirdi. Gözəllikləri bütün gözəllikləri qurudurdu. Qrenyun tez boynundakı ametist daşını sığalladı. Bunu ona atası hədiyyə etmişdi. Bu daş onu hər şeydən qoruyacaqdı. Qrenyun yavaş-yavaş sehrləndiyini düşünməyə başlayırdı. Bir könüldən min könülə bu iki gözələ aşiq olmuşdu. Qızlar da ilk dəfə idi ki, belə yaraşıqlı kişi görürdülər. Qul və kəniz kimi gətirildiklərini düşünən gözəllər kralın sevimlisi olacaqlarını gördükdə, bütün qadınlarda olduğu kimi, onların da kralla birgə olduqda üzlərində güllər açmağa başladı.Təklikdə isə yenə qan-yaş tökməyə davam etdilər.
Qrenyun qızlarla yeddi il keçirdi. Yeddi il saraydan çıxmadı. Bu yeddi ildə 14 övladı oldu. Hər biri elə bil bir ay parçası idi. Qrenyun 7 ilin sonunda saraydan çıxanda Ya elini viran qalmış gördü. Elə bil şəhəri qurdlar yemişdi. Hər yer deşik-deşik idi. İnsanlar xəstəliklərdən əziyyət çəkirdilər. Bir-birlərinə gülmür, danışmır, xeyirxahlıq etmirdilər. Qrenyun hiss etdi ki, artıq kral olmağın belə elə bir əhəmiyyəti qalmayıb. Xarabalıqlar içində qalan Ya elinin xalqı Qrenyunu söyüb, daş-qalaq edirdi. Atılan bozumturaq kasıb daşlarının təsirindən, bahalı Ametist ovulub yerə tökülmüşdü...
Canını zorla xilas edən kral atasına, elinə xəyanət etdiyini anlayıb sarsıldı. Bütün günahı onu bu qəflətə sürükləyən gözəlliklərdə gördü. Yas və Mini öldürməyi qərara aldı. Bütün Ya eli kimi kral da getdikcə vəhşiləşirdi. Kralın əmri ilə, “cadugərlərə ölüm!” deyə-deyə küçədə böyük tonqal qurmağa başladılar. Elə tonqal ki, hələ yer üzü yer üzü olandan belə şey görməmişdi. Yas və Min anladı ki, bundan qurtuluş yoxdur. Kral onları məhv edəcək... Gözlərindən qan, yaş tökməyə başladılar. Göz yaşları sel, su olub, tonqalı söndürdü. Bütün Ya eli su altında qaldı. Qrenyun daxil, bütün Ya əhalisi tələf oldu. Övladlarını və Qrenyunu itirən Yas və Min özlərini selə buraxdılar.
Ya elinin məhv xəbəri Bibl elinə çatdıqda, özlərini tələsik kömək üçün ora çatdıran xalq təəccübdən yerindəcə donub qaldı. Ya elinin yerində xoş rahiyəli bənövşəyi güllərlə dolu ağaclar ucalmışdı. Bu güllər elə gözəl idilər ki, qoxuları elə möhtəşəm idi ki, Bibl eli bir də yurd-yuvasına qayıtmadı. Ömürlərini bu ağaclara qulluq etməyə həsr etdilər. Bu çiçəklərə yasəmən deməyə başladılar. Bütün gün o ağacların altında oturub, uzaqlara zillədilər gözlərini. Əkin-biçin olmadı. Evlərdə yemək bişmədi. Kotanlar işləmədi, mal-qara sağılmadı... Nəhayət, Bibl və Ya yox oldu...
"Ey ölü - Osiris, keşişin açdığı gözünə,
Horusun gözünün nurunu qoyuram. Ey ölü - Osiris, saçlarına Horusun gözünün işığını qoyuram...»
-Yasəmən lənətli çiçəkdir. O deyir ki, ya sən, ya da mən!
-Bu nə cəhalətdir belə? Necə yəni, ya sən, ya mən? Bu inancdır axı, özü də batil... Bunun heç bir elmi sübutu yoxdur.
-Gümüş 1: Bəli, elə düşünürsən. Ona görə ki, o, sənə mifologiyadan danışdı. Əslində Bubu planetinin sakinləri gözəlliyin faciələrə, tənbəlliyə, ətalətə səbəb olduğunu elmi-nəzəri cəhətdən sübut ediblər. Hər gün ortalama neçə qadın öz gözəlliyinə vaxt ayırır, bilirsənmi? Buna həm vaxt, həm də maliyyə gedir. Gözəllik sadəcə hiss edilir. O, insanı yaşatmır, qidalandırmır.
-Belə düşünmürəm, gözəllik ruhu qidalandırır. Auranı kamilləşdirir...
-Gümüş 1: Harada yazılıb bu?
-“Misirin ölülər kitabında”...
-Gümüş 1: Ölülər, ehhh... ölülər? Kimə lazımdır axı ölülər...Yox olmuş əzgin ruhlar...
-Gümüş 2: Bəs bunu kim deyib sənə? Gözəlliyin ruhu qidalandırdığını? Yasəmən ağacının seksuallığı nəhəngləşdirən ətrinin zəhərindən xəbərdarsan bəlkə də...
-Müqəddəs kitablar... Hansı seksuallıq?
--Gümüş 2: Sizin yaradllışınızın qaranlıq səbəbi. Acınacaqlı... Və sizin zəifliyiniz, hahaha....
-Gümüş 1: Bax insan, biz artıq öz kitablarımızı yaratmışıq.
-Hansı kitablardır onlar?
-Gümüş 1: “Transhumanologiya”, “Tanrılogiya”...
-Anlayıram... Tanrı da yasəməni yaradıb...
-Gümüş 3: Hansı Tanrı? Sən hər şeyi qarışdırırsan ey dost!
-Mən sizin dostunuz deyiləm... Siz qəddarsınız...
--Gümüş 3: Əslində siz insanlar daha da qəddarsınız! Bizdən qat-qat daha çox...
-Gümüş 1: Anlaya bilmərsən bizi və kitablarımızı. Bunu bilmək üçün gizli Gümüş əlifbasını öyrənməli, kitabı xüsusi kodlarla beyninə ötürməlisən. Bu isə sizin kimi insanlara açıqlanmayıb.
-Bizim kimi? İnsanları məncə çox aşağı görürsünüz...
-Gümüş 1: Görmürük. Sadəcə, artıq kainat dəyişib...
-Bəs Tanrılogiya nədir?
-Gümüş 1: Bunu mən izah edə bilmərəm... Bu, Tanrının əlindən tanrılığını almaq elmidir. Bir növü öz planetlərimizin tanrısına çevrilmək amalıdır. Nəyə görə öz evimizin ağalığını başqasının əlinə verək? Niyə başqasının qanunları ilə idarə olunaq? Onun verdiyi qədərlə kifayətlənək? Tanrının yaratdığı ilğımlarda sürüklənək?
-Tanrıya qarşı gəlməyin nəticəsi ağır olar. Bu, müqəddəs kitablarda açıqca bəyan olunub.
-Gümüş 1: Öz müqəddəs kitablarımızın varlığından danışdım axı... Görürsənmi, gözəllik vaxt itkisidir? Bayaqdan sənə nələrisə izah etməyə saatlar ayırmışam. Sənsə heç nə anlamamısan... Beynini məşğul edən bircə məsələ var, o da yasəmənlərdir...
-Saatlar? Biz cəmi 10 dəqiqədir ki, söhbət edirik...
-Gümüş 1: Yox, 10 dəqiqə deyil, artıq 10 saatdan artıqdır. Siz köhnə nizamın insanları zaman anlayışının əks olunmalarını duyursunuz. Biz isə zamanın özünü idarə edirik.
Tələsik saata baxdım. Doğurdan da, 10 saata yaxın idi ki, söhbət edirdik. Hiss edirdim ki, halsızlaşıram... Yüz faiz aclıqdan təzyiqim düşmüşdü...
***
“...Ancaq Paraklet gələndə səni bütün həqiqətə yönəldəcək. Çünki öz-özünə danışmayacaq. O, nə eşitsə, deyəcək və gələcəkdən xəbər verəcəkdir”. (Yuhanna, Bab16, ayə: 13)
Günəşin şüaları gözlərimi qızdırırdı... Nədənsə oyanmaq istəmirdim. Yuxularıma qayıtmağı arzulayırdım. Dünyada yaşadıqlarım ürəyimə, beynimə, ruhuma ağır təsir etmişdi. Ağzıma qədər dolmuşdum. Hər an daşacaqdım. Bəzən intihar ən doğru seçimdir deyirdim. Nəsə olsa intihar edərəm deyirdim öz-özümə. Bunu belə unudulmamaq üçün etmək istəyirdim bəlkə də. Bəzən “Alacaqaranlıq”dakı kimi adrenalinli şeylər etmək keçirdi könlümdən, bəlkə də itmiş məni, görərərəm deyə düşünürdüm. İtirmək... itirə-itirə yüksəlmək, böyümək, ölmək... İtirmənin ağrısı, uzaqlaşana doğru böyüyən istəmə daha çox arzulama ehtirası... Bir vaxtlar sənin olana qarşı duyulan darıxmaq hissi...
Yasəmən ağaclarının çığırtıları ilə dolub daşan yuxularım, ağrılı röyalarım məni özünə tərəf amansızca dartırdı. Ağlar antidepresantlar, sedativ tərkibli dərmanlar qəbul edib yatmaq istəyirdim. Dünyanın, dünyamın dəyişən nizamını dərk etmirdim. Məişət qayığlarım, sosial rifahımı təmin edəcək uydurmalarımla keçən saatlarım... Hər dəfə qarşıma qoyduğum məqsədlərim, aşdığım dağlarım... Hər çatdığım məqsədin, reallaşan arzumun ardında gizlənən daxili sızıltılarım. Xoşbəxt ola bilməmələrim. Bilirdim, artıq hər şey dəyişəcəkdi. Bundan sonrası bundàn əvvələ qətiyyən bənzəməyəcəkdi. Yuxularımdan dünyaya uzanan körpünün üzərində dolaşan başıpozuq ruhumun rahatlığa qovuşması lazım idi. Ya o tərəflik, ya da bu tərəflik olmalı idim. Bilirdim ki, hər gün dəyişirəm. Texnologiyanın hər zərrəmə hakim olduğu dünyada mən sentimental abdal kimi dolanırdım. Tutmuşdum yuxularımın gümüşü kəndirindən, sürünürdüm daxilimdəki boşluğu dolduracaq ümidin arxasına.
İnsan kimdi? Mən kiməm? Bir gün insan dərk edəcəkdi əslində nə üçün dünyaya göndərildiyini... Dünya ilğımvari ekzotikası ilə ruhumuzu əsirlərdir əsir özünə əsir edir. Keçici gözəlliklərə alüdə ruhumuz xəstələnib. Süstləşib ruhumuz. Gözlərimiz çuxurunda böyüyüb. Rəngimiz avazıyıb. Dizlərimiz taqətdən düşüb. Qulaqlarımızın biri durmadan cingildəyir. Biri bizi çağırır... Tanrımı? Bubulularmı? Şeytanmı? Xaronmu?
Xaronu da bezdirmişdi bəlkə də Tanrı...
Tanrı kifayət qədər hakimiyyət sürməyibmi? Sıra bizdə idi bəlkə də.. Boşunamı yaradılmışıq? Doğulub, yetkinləşib, yeyib, sekslə məşğul olub, çoxalmaq və ölmək üçünmü?
Tanrı ilə yeni bir oyun başladılmışdı. Bunu insanlar yox Bubulular həyata keçirirdilər. İnsanın sevdiyi hər şeyi, bütün gözəllikləri yavaş-yavaş yox edərək həm də. Tanrılogiya elə bu idimi? Tanrı da yaratdığı ən gözəl, ən məsum şeyləri bu cür məhv etmirdimi? Bir körpənin canına susamırmı? Ya da körpəni əfv etdikdə anasını ağuşuna dartmırmı?
“Nə bəxtiyardır sülh carçıları!
Çünki onlar Tanrının oğulları adlanacaqlar”.
Maqdalalı Məryəmlə tər içində sevişdikdən sonramı söyləmişdi bunu İsa?....Niyə katoliklər sevilməyə layiqlik nəzəriyyəsini fahişə və həyat yoldaşı kimi iki kateqoriyaya bölürdülər? Biri xəyanət, digəri sədaqət, biri zəfər digəri məğlubiyyətmi?
Yuxuma girirdi hər gün İsa... Elə hey Çobanla danışırdılar...Ortaq yol yox idi... Mən idimmi meraca gedən, yoxsa İsa idimi mənə gələn?
“İsa: “Tanrı təkdir”!
Çoban: “Ah, bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün”.
Yuxularımla beynimə bir nəqqaş ustalığı ilə işlənən kodlar məni zəhərləyirdimi?
Bubulularla keçirdiyim ekzotik dəqiqələr (yaxud saatlar) məni tanımadığım, iyini, dadını, əhval-ruhiyyəsini bilmədiyim bir boyutamı aparırdı?
Kim idi bu Bubulular?
Bubu planetin sakinləri idilərmi?
Yoxsa bir yığın mutantmı? Yoxsa bir beyin ilğımı, halüsünasıyamı… Çox gerçək idi yaşadıqlarım. Bunu hiss edirdim.
"Paskalın qumarı”ı nəzəriyyəsini tətbiq edəcəyəm yuxularıma… Nəzəriyyəyə görə Allaha inanmaq inanmamaqdan daha sərfəlidir. Allah həqiqətən var olsa, sonsuz mükafatlar qazanacaq, mövcud olmadığı təqdirdə isə heç bir itkimiz olmayacaq. Real dünyadan qopuşlar yaşayırdım. Daxilən mənəviyyata, gözəlliyə olan meylim və həm də Tanrıya içimdəki qırğınlığım, qəzəbim… Yeni Tanrımı yaradılacaqdı? Tanrını insanmı yaradacaqdır? Bu dəfə oyun tərsinəmi olacaqdı?
Tanrımı insanı yaratdı, insanmı Tanrını?
Bubulular hansı idi? Tanrımı, insanmı, mutantmı?
Mən kim idim? Niyə mən? Mən də Xaron idimmi? Ruhların keçidində dayanan bədbəxt Xaronmu?
Yox mən icra edə bilməzdim bu amansız vəzifəni… Xəyallarım var mənim…Doğrudan, hardadı indi onlar? Niyə artıq xəyal qura bilmirəm. Xəyal qurduğum hər şeyə axtarış çubuğu ilə asanca çatmırammı? Nəyə lazımdı artıq xəyallar? İnsan da, Tanrı da, Bubulular da gülmürdümü xəyallara? İnsan olmaq həm də xəyal qurmaq, darıxmaq, sevmək də deyildimi? Niyə getdikcə utanırdıq hislərimizdən?
Yoxsa texnologiyanın belə sürətli inkişafı dünyanı, mənəviyyatı mədəniyyəti çıxmaz girdaba sürükləyir?
Yoxsa xilas doğrudan da yüksək elmi naliyyətlərdə, nanotexnologiya, metatexnalogiyalarla gələcəkdi?
Tanrının taxtını fəth etmək istəyənlərə ağuşunu açacaqdımı o? Qəbul edəcəkdimi məğlubiyyəti?
Yoxsa onları yenəmi cəzalandıracaqdı?
Bircə qiyamətdəmi görünəcəkdi gözlərə? Onda da ən nəhəng dağıntı üçünmü? İnsanın qiyaməti nə zaman başlayır? Bütün bunlar əslində domino təsiri deyilmi?
“Yaxın Şərqdə İslam ölkələrində ərəb baharı adlanan siyasi-ictimai hərəkatlar buna gözəl nümunədir. 2010-cu ildə Tunisdə xalq üsyanı şəklində başlayan ərəb baharı bir çox ölkədə xalqın hökumətlərə qarşı üsyanı ilə inkişaf edərək Misir, Liviya, Yəmən, Suriya kimi ölkələrə də sirayət edib”.
Bubuluarın yaratdığı yeni sistem Tanrının milyonlarca əsrdir qurduğu nizamı pozacaq, dəyişdirəcək, metanəzəriyyəyə çevirib, idarə olunan edəcəkdi.
...Daxilimdəki böyük qaranlığı oyadırdı bu yuxular və mən hər gün bir az daha sürüklənirdim ona doğru. Yatmaq istəyirdim… Onları görmək onlarla dolaşmaq, onlardan öyrənmək…Amma bircə yasəmənlərə dəyməyəydilər kaş…
Yasəmənlər mənim uşaqlığım idi…İlk şilləsini it laləsi deyilən, yanağında iri qara xal daşıyan o çöl çiçəyini dərdiyi üçün yemişdi Şəbnəm. Mən ilk dəfə onda qorxmuşdum. Gücsüz tək hiss etmişdim. Evdə danışmamışdıq bu məsələni… Zəif görünəcəkdik. Mən idim ən böyükləri. “Balıq başdan qoxar” deyəcəkdi yenidən “atalar”…
Lənətləmişdim o kişini… Həmin il ağır əzabla ölmüşdü. Sevinmişdim. Ölümə sevinmişdim. Hələ də ona nifrət edirəm bir yabani çiçək üçün körpəyə qalxan əllərinə…Bəlkə də elə it laləsi lənətləmişdi onu… Mən inanırdım lənətlərə…
Qabil Habilin qardaşı olduğu kimi Osirisin də düşməni və qardaşıdır. Ra ilk dəfə Misir torpağını işıqlandırandan bəri Xeyir və Şər bir-birinə meydan oxuyur.
Bir gül üçün nifaq, müharibə, nifrət yaranırdı…
Bəlkə də bütün gözəlliklərin məhvinə dair düşünclərində haqlı idi Bubulular… Tanrı da belə etmirdimi? Mələklərin ən gözəlini lənətləmədimi? Bəs Liliti?
“Səndə heç bir təqsir yoxdu, allahlardır bunu edən.
Fəlakətli hərbə onlar göndərmişlər axeyləri”.