Sabah Beynəlxalq Uşaq Kitabı günüdür. Bu münasibətlə Bakı şəhərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, #kitablaböyüyək haştaqı altında təşkil olunacaq festivalda müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edərək uşaqlara aid kitablarını sata biləcəklər.
Festivalda müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor, eləcə də uşaqlara aid çoxlu kitablar yazan Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun təqdimat və imza mərasimləri təşkil ediləcək.
Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində gerçəkləşəcək.
Onu da bildirək ki, “Passaj”da baş tutacaq festival gün ərzində saat 10:00-dan 20:00-dək açıq olacaq, 2 gün davam edəcək, aprelin 3-də yekunlaşacaq.
Kitabsevərlər, uşaqlarınıza kitab bayramı yaşadın!