Bu gün saat 14-də ölkənin ən elitar kitab məkanı olan Bakı Kitab Mərkəzində Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, olduqca maraqlı süjet xətti olan - xəyali bir dünyada 17 erməniyə məhşər divanı qurulmasından bəhs edən sənədli romanda eramızdan əvvəldən ta ki bu günədək bütün erməni cinayətlərinə güzgü tutulur. Kitabın məhz martın 31-də - azərbaycanlıların soyqırımı günündə istimaiyyətə təqdim olunması lap yerinə düşür. Belə ki, 1918-ci ilin mart qırğınları barədə kitabda müfəssəl məlumat var.
Yazıçı romanının təqdimat dəvətnaməsində yazır: “Azərbaycan xalqının ədalət axtarışına töhfə vermək və faktların üzə çıxarılması üçün öz üzərimə düşən vəzifəni icra etmək fikri ilə qələmə aldım.”
Bəli, vətənpərvər yazıçı öz üzərinə düşən vəzifəni şərəflə icra edib. “Məhşər Divanı: Yalanın 17 anı” zamanında üzə çıxan, düşməni faktlarla və sübutlarla yerində oturdacaq çox qiymətli kitabdır. Bu kitabın əcnəbi dillərə çevrilərək xaricdə yayılması, düşünürük ki, faydalı olar. Çünki, ədəbiyyat çox güclü silahdır.