Litvanın paytaxtı Vilnüs şəhərində rusca yazan və ya rus dilinə tərcümə olunan müəlliflər üçün “Baltiyskiy Qamayun” V Beynəlxalq Ədəbiyyat Festivalının birinci mərhələsi başa çatıb.
Litva Respublikası hökuməti yanında Milli Azlıqlar departamentinin dəstəyi ilə Yazıçı və Publisistlərinin Beynəlxalq Assosiasiyasının həyata keçirdiyi festival böyük rus yazıçısı Fyodr Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunub. Tədbir çərçivəsində “Baltiyskiy Qamayun - 2021” beynəlxalq ədəbiyyat müsabiqəsinin qaliblərinin adları açıqlanıb. Müsabiqədə “Nəsr” nominasiyası üzrə 5 ölkədən 18 müəllif iştirak edib. Beş müəllif qalib seçilib. Onların arasında azərbaycanlı yazıçı-dramaturq Ülviyyə Heydərova da var. Yazıçı bu beynəlxalq müsabiqəyə “Külək” hekayəsi ilə qatılıb.
Qaliblərin mükafatlandırılması mərasimi bu ilin noyabrın 20-də baş tutacaq. Həmin dövrdə festivalın ikinci mərhələsi keçiriləcək.