“Bənövşə görəndə boynumu burdum...” – POETİK QİRAƏTDƏ Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Poetik qiraət uzun fasilədən sonra sizlərin görüşünə gəlir və yenidən qonağımız Əlizadə Nuridir.

Bu dəfə ustad şair yazdan, bənövşədən, insani münasibətlərdən, yerdən, göydən, vüsal və hicrandan – bir sözlə, bir şeirdə əksər mövzulardan söz açır. Və siz mükəmməlliyə baxın:

Gördüm yer qurtarır, bir azca durdum,

Bənövşə görəndə boynumu burdum.

...Bu gün yer üzünü göyə uçurdum-

Sən demə, bu yer də çərpələng imiş...

 

Xoş mütaliələr!

 

Yeddi min xalıya bəs edər bəlkə-

Göydə qövsi- qüzeh yeddi rəng imiş.

Min ildi şeytanı daşlayırıq biz

İlahi, bu şeytan nə nəhəng imiş?!

 

Bir qələm hönkürdü varaq başında,

Əlim saçındaydı, daraq başında.

Bir gün çıxıb getdin bulaq başından-

Səndən xatirə də bu səhəng imiş.

 

Ayrılıq yandırdı qışın qarında,

Əyri yozularmış düz ilqarın da.

...Öpdü bir- birini dodaqların da-

Sənin dodaqların bir ahəng imiş...

 

Gəl bölək qazancı, çıxarı başdan,

Buxar evdən çıxar, buxarı başdan.

Məni çağırdılar yuxarı başdan-

Bu dəfə gələn zəng başqa zəng imiş.

 

Gördüm yer qurtarır, bir azca durdum,

Bənövşə görəndə boynumu burdum.

...Bu gün yer üzünü göyə uçurdum-

Sən demə, bu yer də çərpələng imiş...

 

“Ədəbiyyat və incəsənət”

(24.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.