“Ədəbiyyat və incəsənət” portalının REDAKSİYANIN POÇTUNDAN rubrikasında Ələsgər Əlioğlunun şeirləri təqdim edilir
QARIŞQA YUVALARI
("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)
Qarışqa yuvaları böyür-böyürə,
Qırtək qara-qara qarışqaların
Hərəsi öz iş-gücündə..,
Əmin-arxayınca yaşayırlar,
Dünyanın hər bir küncündə...
Allah yaratdığı
Bu qarışqalar
Başını aşağı salıb işləyir,
Gəlmir bir-biriylə kəllə-kəlləyə...
Biri yedəkləmir başqa birini,
Çəkmir fitnə-felə,
Çəkmir kələyə...
Hər biri də bilir öz iş-gücünü,
Qışı gözü altda alıb işləyir...
Biri apardığı dənə-
Bir baxın,
Burda başqasının nəfsi düşməyir...
Qarışqa yuvaları
Bu təbiətin
Həyat dərsliyidir bəşərə bəlkə...
Burda yuvaların hər biri də,
Bir məmləkət...
Bir ölkə...
Burda nə embarqo qoyulur,
Nə də nota verilir,
Yuvalar hərəsi də öz işindədir.
Hərəsi də öz yolunu-izini yaxşı bilir...
Kaş ki, qan axıdan prezidentlər,
Görə bu qarışqa yuvalarını...
Bir az dərs alalar bu təbiətdən,
Bir az dəyişələr havalarını...
25.10.2024
QARA YAĞIŞ
Odla ki, oynayır bu qədər məmləkətlər,
Tüstülər qıvrıla-qıvrıla üzü göyə qalxar.
Xəritəyə düşməyən
İrili-xırdalı tüstü çayları,
Üzü yuxarı axar...
Axar bu tüstü çayları
Xəritəyə düşməyən
Nəhəng Tüstü okeanına...
Hopar bir ucdan
Yerə bərəkət gətirən
Buludların canına...
Buludlar da nəfəs alar
Ağır-ağır...
Hələ sinoptiklər bir yana,
Heç yağışların özləri də bilməz
Hara düşür,
Hara yağır...
Yağar qara yağışlar,
Qara günə qoyar təbiəti...
Əsrimiz qalar
Bu dünyaya yas tuta-tuta...
Qara yağışdan
Yer dönər özü boyda bir qara tabuta...
Olmaz üstündə bir ağlayanı da,
Bir saç yolanı da!..
Tapılmaz
Bir matəm marşı çalanı da!..
2024
GÖYƏRÇİNLƏR
Havaya qalxın, uçun, uçun göyərçinlər,
Qanadlarınızı geniş açın göyərçinlər.
Alnınıza SÜLH yazılıb,
Bilir bunu bütün bəşər;
Gəlib qarşı-qarşıya dayanıb
Bu gün Xeyirlə Şər...
Uçun!.. Uçun!..
Bir dəstəniz qonsun
Kremlin divarlarına,
Bir dəstəniz də
Ağ evin dəmir barmaqlqlarına...
Qanadlarınızı yelləyə-yelləyə
Elçi düşün sülhdən ötrü.
(Bir az da qanadlı olun,-
Ləngiməyin vaxt ötürüb!..)
Hardan alım indi axı Pikassonu,
Əlində fırça
Meydana atıla.
Bu dünyamızda
Sizin sayınlzı bir az da artra!..
Havaya qalxın, uçun, uçun göyərçinlər,
Qanadlarınızı geniş açın göyərçinlər!..
15.10.2024
PROTEZ QUYRUQLU TÜLKÜLƏR
("Böyüklər üçün uşaq şeirləri" silsiləsindən)
Protez quyruqlu tülkülərin
Sayı yamanca artıb
Bu məmləkətdə.
Onlar nə hin güdür, nə toyuq-cücə,
Qabaqlarına hazır gəlir hər cür ət də!..
Güddükləri kiməsə yarınmaqdır,
Kiməsə sarınmaqdır...
Bu yolda itiriblər öz quyruqlarını,
İndi qalıblar protezə möhtac...
(Bircə məqsədləri var,
Heç vaxt qalmasınlar ac!..)
Düşdükləri məclisi
Havasından alırlar;
Əyri işləri də
Hiyləylə yöndəmə salırlar...
Lazım gəlsə deyirlər
Qaradır qatıq.
Lazım gəlsə deyirlər,
Filan şey əskikdir,
Filan şey artıq...
Nədənsə Ovçular Cəmiyyəti də
Kəsmir bunların kökünü...
Axırda biz çəkirik,
Belələrinin yükünü...
Ancaq tez-tez irtməyindən çıxır,
Bu tülkülərin protezi.
Təmiz silib-süpürə bilmirlər,
Arxalarınca düşən izi!..
13.12.2024
DİL MÜƏLLİMİ
("Xatirələrim" silsiləsindən)
Haradansa azıb-təzib
Bir rus dili müəllimi
Gəlib çıxmışdı kəndimizə.
Adı da Saşaydı,
Yaxşı dərs verirdi bizə...
Özü də keçəliydi,
Qısqanclıqdan
Həm saçımızı,
Həm də dilimizi
Qoymurdu uzanmağa...
Hansı uşaq onun dərsində
Ana dilində danışsaydı,
Tezcə onu
Götürərdi tozanağa...
İş o yerə çatmışdı ki,
Kəndin ağsaqqalını da,
Ağbirçəyini də rusca
Qım-qımıya alışdırmışdı.
Satıcı da çörək budqasının
Qabağına
"XLEB" yazıb yapışdırmışdı...
Daha nə deyim...
Bu zalımoğlu Saşa
Götürmürdü bizim dili,
Sözləri bir-birinə qarışdırırdı.
O, lap barmağına dolamışdı
bu boyda kəndi,
Hamını da rusca danışdırırdı...
Bir neçə ildən sonra,
Saşa kənddən yoxa çıxdı,
Bilmədik getdi
Hansı diyara, hansı obaya, oymağa...
Kənd yavaş-yavaş özünə qayıtdı,
Başladı öz dilimizdə
Rahat-rahat danışmağa...
03.02.2025
“Ədəbiyyat və incəsənət”
(22.04.2025)