Nəzakət Məmmədovanın sevdiyi şeir Tofiq Bayramın “Qadın ürəyi”dir Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Əziz izləyicilərimiz, bu dəfə qonağımız şair - publisist AYB və AJB- nin üzvü, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, "Yada düşdü" ədəbi-bədii jurnalın təsisçisi, baş redaktoru, "Ömrüm", "Ömrün qatarı", "Saralmış yaprağa bənzəyir ömrüm", "Yurd dediyim bu torpaq" kitablarının müəllifi Nəzakət Məmmədovadır.

 

-Xoş gördük, əziz Nəzakət xanım. Daxili dünyanızın çox kövrək olduğunu bilirik. Ədəbiyyata- poeziyaya olan sonsuz sevginizi yazılarınızdan duyuruq. Şeir Sizin üçün sadəcə obrazlı sözlər deyil, bir dünyadır, bir sirdir. Elə bu an üçün Nəzakət xanıma söyləsək ki: " Gəl mənə sevdiyin şeiri söylə." O bizə - izləyicilərə  hansı şeiri söyləyər?

 

- Salam Ülviyyə xanım, xoş gördük. Rubrikanız davamlı olsun.  Elə bu an üçün ağlıma  "Qadın ürəyi" şeiri gəldi. Mərhum şairimiz Tofiq Bayramın “Qadın ürəyi” şeirini çox sevirəm. Mənə elə gəlir ki, hər qadın bu şeirə görə şairi alqışlamalıdır.

Bilmirəm niyə..? Amma hər dəfə kədərlənəndə və ya qadın olduğuma görə qürurlananda bu şeir misra-misra keçir ürəyimdən. Elə bu an üçün bu şeiri söyləyirəm.

 

 

TOFİQ BAYRAM: 

 

QADIN ÜRƏYİ  

 

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

 

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğındır, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

 

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

 

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi.

 

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

 

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdən

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi.

 

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

 

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz-sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi...

 

 

“Ədəbiyyat və incəsənət”

(22.05.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.