Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
Bir oxucu ilə ədəbiyyatın iki zavallı obrazından danışdıq bir gün... Axı ədəbi əsərin qarşısına qoyduğu əsas məqsədlərdən biri də yazıldığı dövrün mədəniyyətini, fərdlərin daxili dünyasını, başqalarıyla münasibətini əks etdirməkdir. Ədəbiyyat tarixinə baxarkən onu fərq edirik ki, dövrün sosial və tarixi həqiqətləri də sözün cilasından yan keçmir...
Bəs oxucu üçün konkret bir obrazdan danışmaq nə deməkdir? Hər oxucu obrazla özünü eyniləşdirirmi? Yoxsa oxucu ilə obraz arasındakı sərhəd müəllifin toxunulmazlığıdır? Bu suallara cavab axtardım həmsöhbətimin fikirləri içərisində...
Həmsöhbətim Şirəliyeva Şəfiqə 17 aprel 2006-cı ildə Hacıqabul rayonunda dünyaya gəlib. Bakı Slavyan Universitetinin II kurs tələbəsidir. Asudə vaxtlarında şeir oxumağı sevir... Musiqi ruh dənizini ləpələndirən küləkdir onun üçün. Yaxşı oxucudur... Xüsusən, klassik ədəbiyyat nümunələrinə üstünlük verir. Nikolay Karamzinin “Zavallı Liza” əsərinin yaddaşına həkk olunduğunu deyir:
-Liza obrazını sevirəm. Bəlkə də, “sevirəm” demək təəssüratımı tam ifadə etmir. Ona yazığımmı gəlir? Hə... Özümü onun iztirablarını duyarkən tapırammı? Hə... Bəlkə də, Liza obrazı ilə aramızdakı duyğu bağının möhkəmlənməsində bir dəfə açıq dərsdə o obrazı canlandırmağımın da payı var.
Karamzin “Zavallı Liza”nı 1792-ci ildə qələmə alıb, eyni ildə əsər “Moskva jurnalı”nda ( “Московский журнал”) çap olunur. Dövrün oxucuları üçün realist əsər olaraq qəbul edilir.
Atatürk Universiteti Ədəbiyyat Fakültəsinin “Sosial elmlər dərgisi”ndə Ersin Çetinkaya və Rahman Özdemirin birgə hazırladığı məqalədə maraqlı bir məlumat var. Müəlliflər əsərin qəbul edilməsindəki reallığın səviyyəsini belə ifadə edirlər: “Əsər yayımlandıqdan sonra N.M.Karamzinin xarakterlərini gəzdirdiyi Simonov monastrına və ətrafındakı əraziyə, Lizanın bədənini ölümə tərk etdiyi göl kənarına insanların gəldiyi, buraları ziyarət etdiyi məlumdur”.
Oxucular üçün o da sirr deyil ki, XVIII əsr rus ədəbiyyatında irihəcmli romanlar yazmaq, bir növ, dəb idi. Lakin Karamzinin “Zavallı Liza”sı povestdir. Özəlliyi isə obrazın duyğularına, düşüncələrinə hadisələrdən daha çox yer verilməsi, arada da müəllifin oxucuya ünvanlanmış cümlələrin olmasıdır.
Həmsöhbətim Şəfiqə xanım “Zavallı Liza”nın rus ədəbiyyatının sentimentalist nəsr növünün ilk nümunələrindən olduğunu da vurğuladı:
-Məhz buna görə, “Rusiyada sentimentalist axın” deyərkən ilk yada düşən müəllif Karamzindir. Məlumdur ki, sentimentalizm Avropa ədəbiyyatında XVIII əsrin 20-80-ci illəri arasında, rus ədəbiyyatında isə XVIII əsrin sonları-XIX əsrin əvvəllərində mövcud olub. Həddən artıq duyğusallıq, hisslərin önə çəkilməsi-sentimentalizmin əsas meyarı idi. Ədəbi qəhrəmanlar özünə qapanır, duyğularına yenilir, oxucunu da bu duyğuların əsirinə çevirə bilir... Oxucu Lizanın zavallılığını anlamaq üçün əsəri sonadək oxumalıdır.
Haqqında danışdığımız ikinci obraz isə Anna Karenina oldu. Annanın çarəsizliyinə diqqət çəkən Şəfiqə xanım dedi:
-Oxucuların əksəriyyəti bu əsəri oxuduqda Anna Kareninanı çox qınayırlar. Düşünürəm ki, hər bir əsərin qəhrəmanı bizə nəyisə öyrədir; biz obrazları qınamaq yerinə, onlarla empatiya qurmağı bacarmalıyıq, özümüzü onların yerinə qoyub “mən olsam nə edərdim?” sualını özümüzə verməyi bacarmalıyıq. Məsələn, siz Levini Annadan daha üstün obraz sayırsınız, Şəfa xanım. Razılaşmaq olar... Lakin gəlin reallıqla hesablaşaq: Anna ilə empatiya qurmaq daha asandır, nəinki Levin ilə. Üstəlik, alışmadığımız, fərqli obrazla empatiya qurmaq bizə-oxucuya daha çox şey öyrədir, fikrimcə...
Bəli, Anna hələ də dünya ədəbiyyat müstəvisində mübahisə mövzusudur: “Anna müsbət obrazdır, yoxsa mənfi obraz?” sualının cavabı oxucunun düşüncə sistemindən asılıdır. Mənfi obrazların qəbul edilməsi məsələsinə də həmsöhbətimin fərqli yanaşması var:
-Oxuduğum əsərlərdə obrazları yaxından tanıyıb onları anlamağa çalışıram. Təbii, mənfi obrazlar çox da sevilmir, lakin onlar da insandır və hər bir insanın həyatında problemlər olur, bu problemlər onların xarakterlərinin formalaşmasına da, davranışlarına da təsirsiz qalmır. Məsələn, Anna romantikdir; o, romantika olmadan yaşaya bilməz. Bu istiqamətdə onu romantik axtarışlar üçün qınaya bilmirsən... Lakin əxlaqi normalar baxımından o, mənfi sayıla bilər. Bu baxımdan da, ona haqq qazandırmaq çətin olur. Və Annanın mənfiliyi ilə müsbətliyi arasında sərhəd yoxdur... Oxucu o sərhədsizliyə məhkumdur.
...Müasir dövrdə bir oxucu ilə həmsöhbət olmaq da xoşbəxtlikdir... Kitab müzakirələrinin azaldığı, obrazların yanımızdan keçib gedənlər kimi zehnimizdən keçib getdiyi bir dövrdə bu söhbətlərə ehtiyacımız var... Varmı?
“Ədəbiyyat və incəsənət”
(22.04.2025)