İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Dünya gözəldir, həyatsa şirin. Bu gözəl dünyada narahat, həm də sevgi ruhlu bir şair ürəyi çırpınır. Oxucu məhəbbəti qazanan, səmimi duyğuları ilə qəlblərə yol tapan bu şairin poeziyası dərin hisslərdən doğulub desəm, heç də səhv etmərəm. İnsanların dəyişdiyi, zövqlərin yeniləşdiyi zəmanədə əksər yeniliklərdən, dəyişmələrdən tez xəbərdar olan və peşəkar yazan Namiq Dəlidağlıdır haqqında söhbət açdığım. Onun poeziya aləminə ayna tutaraq barəsində düşüncələrimi oxucularla bölüşmək istəyirəm.
Namiq Dəlidağlı gənc yaşlarımdan, otuz ildən çoxdur tanıyıram. Sumqayıta yurdu viran olmuş məcburi köçkün kimi pənah gətirmişdi. Çox sadə və səmimi idi. Zəhmətə qatılıb yaradıcılıq yollarında pillə-pillə addımlamağa başlamışdı.
Çox şükürlər olsun ki, şair uzun illərin həsrətindən sonra, 2020-ci il noyabrın 20-də hədsiz sevinclə qələmə aldığı “Kəlbəcərə dönürük” şeirində yaza bildi:
...Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
...Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...
...Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...
Kəlbəcər torpağı təbiətin bir möcüzəsidir. Bu torpağın suyunu içənlər, havasını udanlar şair olmaya bilmirlər. Sanki anadan şair doğulurlar. Bəli, şairlik Allah vergisidir. Şair olmaq üçün istedadlı doğulmalısan. Onun üçün heç nə edə bilməzsən. Sadəcə, mütaliə lazımdır. Təbin rəvan olmalıdır. Öz üzərində çalışmalısan. Namiqi də poeziyanın sehri çoxdan ağuşuna alıb. Sənətə böyük məsuliyyətlə yanaşır.
Kitablarını dönə-dönə vərəqləyir, oxuyur, onun söz dünyasna, şeir aləminə, duyğular dənizinə dalıram... Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini, yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib. Və görürəm ki, hər bəndində, misralarında deyilən mətləb onun poetik amalı, bədii-estetik kredosudur. O, ölümsüz söz eşqilə yaşayır, yaradır...
Yaradıcılığının özəyində bütöv TURAN var, əslində bütün soytürk ruhu şeirlərində cəm olubdur. Belə ki,:
İndi bütün dualar
üzü qibləyə Turan
eşqinə oxunur.
Tanrı hüzurunda
səcdədədi Türk.
Turan sevdası sınır tanımır-
dünyanın yaxası əlimizdədi.
Ulu bir tarixin silinməz
rəqəmləri üstə ayaqdadı Türk:
zaman Tezliklə, məkan Cahan.
Anaların bətnində qan
yaddaşı yetişir,
qan yaddaşı doğulur.
Yaddaş bağları təzələnir
aşiqlərin könlündə...
Sevinc nəməri paylayırıq,
Turan eşqinə.
Bütün aydın sabahlar
QURD üzünə açılsın.
...İçimdə Türk sevdası var,
bütün sevdalardan öncə... -
deyir şair.
Namiq Dəlidağlının şeirlərində kənd saflığı, dağ vüqarı, bulaq sərinliyi, çay harayı var. Yazılarında bəzən publisistik yön ifratlanır. Bu da onun jurnalist fəaliyyəti ilə bağlıdır. Bu isə təbiidir. İki üslubun qovuşuğunda gerçəkləşir onun fikirləri, duyğuları. Həmkarım "Manevr.az", “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədri, Prezident mükafatçısıdır. Ədəbiyyatımızın, jurnalistikamızın uğurlu təbliğatçısıdır.
Namiq Dəlidağlı qələminin səsini ruhunda, təbində eşidir. O, daim axtarışda olan, günbəgün, ilbəil böyüyən şairdir. Saf duyğularla yazdığı sözlər oxucunu sehrləyir. Özü də torpağa, Vətənə, insana qədir-qiymət yükü daşıyır... Şairin şeirləri doğma yurdu Kəlbəcərin mənzərələrinə çox oxşayır, düşüncələri sanki ayna sularda durulub. Həyati məna yükü ilə doludur, uyumludur, duyumludur. Rəvan və oxunaqlıdır, lirizmdən süzülür, mətləb dərinliyinə varır. Duyğuları sənə doğma gəlir, sənin öz duyğuna çevrilir:
... Bu dərd çəkdikcə azalmır,
Çəkdikcə gördüm böyüyür.
Çölümdə mən kiçilirəm,
İçimdə dərdim böyüyür.
Dön geriyə bax, demədim,
Bu qismətə baxt, demədim.
Nə istədi yox, demədim,
Nəyim var, verdim, böyüyür.
Güvəndim sənin gücünə,
Ürəyim, məndən incimə.
“Bəxtəvərəm”, nə vecimə,
Böyüyür dərdim, böyüyür.
Mənim qənaətimə görə, şair öz şeirinə, şeiri isə şairin özünə oxşayır. O şair ki, ürəklə yazır, ürəkdən yazır, demək bu ürək həm sevinc, həm qəm oylağıdır. Qəm üstünlük təşkil edəndə isə, şairin ürəyi, sözün əsl mənasında, dözümsüz olur, onu sınağa çəkir. Özünün yazdığı kimi,: “Ürəyimlə dil tapa bilmədim. Məni əməliyyat masasına qədər apardı”.
...Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
...Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim-
qənimim oldular illər - yaşadım.
…Ağrı yetişdikcə göynəyir sinə,
kədər şirin-şirin yeyir ürəyi.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ürəyi.
Sevgi şeirlərinə gəldikdə isə, şair üçün eşq dərin bir ümmandır. Bu ümmanda onun baş vurduğu çox nəsnələr var. Yəni, eşqin çalarları onun üçün rəngarəngdir. Həmin rəngarəngliyin içində isə özünəməxsus yaradıcı tapıntılar oxucusunu heyran edir:
...Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısın çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin...
Bir halda ki,:
... “Özü yıxılan ağlamaz”,
dur çırp üstünü-başını,
sil gözlərinin yaşını.
Yaşamağa “öyrənginən”,
bu dövran sevmir “naşını”. –
misralarını yazan şair - “Mən daha ölməkdən qorxmuram, yaşamaqdan qorxuram.” – deyirsə, oxucu üçün dərindən düşünməyə dəyər. Çünki müəllif özü də yaxşı bilir ki, qorxmazlıq – özümlükdür, ona görə sevilir. Qorxaqlıq – özgəlikdir, ona görə sevilmir...
Bütün qələmə aldıqlarından belə nəticəyə gəlib Namiq Dəlidağlıya üz tutub deyirəm: “Yaz, yarat, qəlbini boşalt. Faydan ürək rahatlığındır, insanlara qalansa yaratdığındır. Sənin öz cığırın, öz yolun var. Bu, səni uca zirvəyə səmt edir. Özünü və yerini möhkəm tut!”
Sonda vurğulayım ki, usanmadan, məhsuldar çalışan həmkarımın bu ilin payızında yubileyidir. İnanıram ki, 55 yaşının dolaylarında gərdiş edən Namiq Dəlidağlının yaradıcılığı daima inkişaf edəcək, oxucularını sevindirəcək, poeziyamızı zənginləşdirəcək, gur alovlanacaqdır...
Ona sağlam can, yaradıcılıq və ömür yolunda bolluca uğur və sevinc arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(16.04.2025)