Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bugünki söhbətimin qəhrəmanı şair, publisist, jurnalist Südabə Sərvidir. Sərvi təxəllüsünü ona mərhum şair İlyas Tapdıq verib.
Bu gün Süqdabə xanımın növbəti ad günüdür...
Nəsib Abid onun haqqında yazır:- “İlham, ruhun həyat atəşindən yaranan sevgidir. İlham, insanın könül dünyasının odu, atəşidir. İlham, insanın qəlb evinin yanan çırağıdır. Şair Südabə Sərvinin şerlərində, insanın yaşam döngüsünün, həyati rəngarəngliyinin tablosu var...”
Südabə Sərvi Göyçayda dünyaya gəlib. ADPU-nun Filologiya fakültəsini bitirib. Bir müddət Göyçayda 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Eyni zamanda rayonda çıxan “Yeni həyat” qəzetinin əməkdaşı və rayon Gənc Müəllimlər Şurasının sədri olub. 1996-cı ildən Bakıda “Hürriyyət”, “525-ci qəzet”, “Respublika”, “Ekspress” qəzetlərində köşə yazarı kimi fəaliyyət göstərib. Yüzlərlə publisistik məqalənin, dəyərli şəxsiyyətlərdən götürdüyü müsahibələrin, mənəviyyatla bağlı yazıların müəllifidir. 2003-2005-ci illərdə Azərbaycan Dövlət Radiosunda, “Qərib axşamlar” proqramında ssenarist-redaktor kimi çalışıb. 2005-2010-cu illərdə İctimai Televiziyanın Ədəbi Verilişlər redaksiyasında ssenarist-redaktor kimi ədəbi verilişlər hazırlayıb. O, 2010-cu ildə ANS TV Şirkətlər Qrupuna, ölkədə çox populyar olan “EL” jurnalına şef-redaktor kimi dəvət olunub. Bir müddət bu vəzifədə işləyib. Hazırda isə AYB-də məsul vəzifədə çalışır. AYB-nin yaranmasının 75 illiyi münasibətilə ərsəyə gətirilən 30 dəqiqəlik filmin ssenari müəllifi və redaktorudur. Film bu gün də İctimai Televiziyanın fondunda saxlanılır...
Deyir ki:- “Bəzi adamları anlaya bilmirəm. Görəsən, klassik şair və yaıçılara qarşı bu qədər kin, nifrət hardandı onların içində? Hərəsi bir söz deyib, onları aşağılamağa çalışır. 37-ci il olsaydı, bu sözləri deyə bilərdilərmi? Xatırladım ki, 37-ci ilin qorxusu bütün sahələrdə uzun müddət insanların beyinlərdən getmədi. Hətta Stalinin ölümündən sonra çox illər ədəbiyyatda "bığ" sözü işlədilmədi. İnanmırlarsa, o illərin tarixini qaldırıb, baxa bilərlər. Və 90-cı illərə qədər bu qorxu bəzi yaşlı yazarlarda davam etdi. Yadımdadır, 1999-cu ildə yazıçı Manaf Süleymanovdan o illər haqqında müsahibə götürəndə çantamdan diktafonu çıxardım, dərhal sifəti ciddiləşdi və sərt şəkildə dedi ki, diktafonu söndürüm. Yoxsa heç nə deməyəcək. Sözüm bu gün ədəbi senzuranın olmadığı bir zamanda ağızları isti yerdə olub da söz azadlığından gen-bol istifadə edənlərədir! İndi kimisə "satqın", "xain" çıxartmağa nə var ki?”
Necə deyərlər, odlu-alovlu, cəsarətli xanımdır. İnadkar, iradəli və qətiyyətlidir. Sözü üzə deməyi, haqqı tələb etməyi bacarır. Yerində saymağı xoşlamır, hərəkət onun üçün çox vacib məsələdir…
“Mən Məhəmməd Əmin Rəsulzadıni Səməd Vurğunun şeiriylə tanıdım. "Millət rəhbəri Rəsulzadə" deməklə şair onun böyüklüyünü şüuraltı yeridirdi beynimizə. Acı da olsa, etiraf edəcəm, ermənilər tarix boyu öz yalanlarını dünyaya sırımaq üçün istedadı oldu olmadı, həmmillətlərini qabağa verirlər. Bu gün Rusiya televiziyalarında görün nə qədər erməni var? Biz isə doğru olanlarıımızı da tanıda bilmirik. Başımız qarışıb şər-böhtana, klassikləri, o cümlədən zəmanəmizin istedadlıarını daşlayırıq. Səd heyif!”- söyləyir.
Onun “Döz görüm” adlı ilk şeirlər kitabı 2003-cü ildə çap edilib. Daha sonra bəstəkar Emin Sabitoğlu haqqında “Bu dənizin gözü yaşlı sənsiz”, türk dünyasının böyük yazarı Çingiz Aytmatov haqqında “Mən Manasın oğluyam”, “Bəstəkar Qara Qarayev”, "Tarın məcnunu", "Tikdim ki izim qala", Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən “Anar fenomeni” publisistik, Qarabağ-Xocalı faciəsinə həsr olunan “Alyoşa əfsanəsi”, şəhid Milli Qəhrəman Çingiz Babayev haqqında “Əfsanəvi qəhrəman”, 1-ci Qarabağ şəhidlərinə həsr olunmuş "Açılmayan güllə" kitablarının müəllifidir. “Mən Manasın oğluyam” kitabı qırğız, rus, ingilis dillərinə tərcümə olunub və 17 ölkədə təqdimatı keçirilib...
Deyir ki:- “Gözəl xatirələr unudulmur. 15 il əvvəl ANS-in “EL” adlı bir jurnalı vardı. O vaxt arxivlərə girərək araşdırıcı yazılar hazırlayırdıq və inanın ki, jurnalın hər nömrəsini almaq üçün oxucular ANS-in həyətinə qədər gəlirdilər. Oxumağa maraq da güclüydü o vaxt. Həqiqətən ANS bir məktəb olub. Bunu danmaq olmaz! Heyif ki, o cür jurnal Azərbaycanda bir daha çıxmadı...”
2010 və 2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi vətənpərvərliklə bağlı hekayə müsabiqəsində onun “Mənim əsgərim” və “Qorxmaz” hekayələri xüsusi mükafata və Fəxri diplomlara layiq görülüb...
Çətinliklər onu ruhdan salmır, əksinə, həvəsləndirir, amma çox səbirsizdir. Qayğıkeş və insanpərvərdir. Hətta başqalarının hüquqları üçün mübarizə aparmaqdan çəkinmir. Nə qədər ki, inanır, o, bütün gücü və əzmi ilə bir məqsəd uğrunda mübarizə aparacaq. Sonsuz nikbindir, geriyə baxmağı xoşlamır, həmişə irəliyə baxır. Amma uşaq kimi saf və səmimidir. Fəqət kimsə onu tənqid etməyə cəsarətlənirsə, o insan özünü müdafiə etməyə hazır olmalıdır. Çünki bu xanım, cavab verməkdən qorxmur...
Bəli, biz Südabə Sərvini növbəti ad günü münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(10.04.2025)