BİRİ İKİSİNDƏ – Mətanət Teymurlunun “İçimdəki yaddaş” hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində sıra gənc nasirlərindir. Bu gün sizlərə Mətanət Teymurlunun “İçimdəki yaddaş” hekayəsini təqdim edirik.

 

 

Dənizin səma ilə qovuşduğu üfüqdə uzanan və sonu görünməyən dalğaları izləyərək həyatına mənalar axtarırdı. İşdən yorulanda ara-sıra sahilə gəlirdi. Kim bilir, bu dəniz, bu sahil nə qədər insanın xəyalı olmuşdu. İztirablı ayrılıqlara, saysız qovuşmalara şahidlik etmişdi. Havası çirklənmiş boz şəhəri seyr etməyə sövq edən yalnız işıqlar idi. Onun səthi, günəşin şüalarına qarışaraq gümüşü bir işıqla oyanır, dalğalar isə həmişəlik özünü təkrarlayır. Dənizin səsi, hələ əsəbləri oyandıran bir ahənglə qulaqlarımızda çalır, bir zamanlar itirdiklərimizi xatırladır. Amma dəniz o qədər güclüdür ki, ən sakit anında belə, tünd-mavi suları ilə öz hökmünü göstərir. Dalğalar qəflətən yüksələrək sahilə çırpılır, sanki ruhunun təzələnməsini istəyir. Ləpələrin sükutla daşların üzərində döyündüyü anlarda bu sözlər içimdən bir incə səs kimi keçirdi. Beyninin arxa fonunda isə həmişə bir melodiya var idi. Onu ilhamlandıran səs-küy dənizin özü idi. Bəlkə də, saatlarla səssiz oturmaqdan və düşünməkdən əl çəkib evə getmək qərarını aldı.

Yaşıl ağacları gözləyən binalar kimi, hər şeyin üst-üstə düşməyi bir yana, xoşbəxt davranmaq ayrı bir uğur idi. Avtobusun pəncərəsindən görünən mənzərələr bunlar idi. Hər gün eyni səmtlərdən keçirdi, lakin gizlənmiş balaca evlər, gülən uşaqlar, pişiklər və o “kiçik insanlar” bəzən gözündən qaçırdı. Evə qayıdanda artıq onu qarşılayan, qapı açılan kimi qaçıb gələn pişikləri – Mussy və Kisya yox idi. Səssizcə getmişdilər. Əslində, bu dünyadakı balaca ömürləri sona çatmışdı.

Əbədi olmayan bu dünyada insanları axtarırıq.  Halbuki, sadəcə, sənət və elm əbədi qalacaq.

O, böyük bir tablo üzərində işləyirdi, lakin hər fırça toxunuşunda daxili səsinin ziddiyyətli çağırışları arasında qarışıqlıq hiss edirdi. Bir tərəf onu öz arzularını izləməyə, sənətini təkmilləşdirməyə sövq edir, digər tərəf isə real həyatın tələblərinə uyğunlaşmağı və cəmiyyətə cavab verməyi tələb edirdi. Bu daxili mübarizə sanki rəsmin üzərindəki rənglərdə əks olunurdu. Bəlkə də, rəsmi yarımçıq buraxmalıydı. Axı çoxları üçün incəsənət, sadəcə, bir hobbidir. Bunu düşünür, amma yenə də əlindəki fırçanı yerə qoymurdu.

– Ağ rəngim bitib... Bilmirəm, bu rəng niyə bu qədər tez bitir? Yarımçıq qalmasını istəmirəm. Bəlkə, burada bir yerdə olar... – deyə, ətrafındakı kətanların altına baxır, boyalarını nəzərdən keçirirdi.

Elə bu zaman gözü illərdir yarımçıq qalan bir tablosuna sataşdı.
– Gör necə çəkmişəm özümü... Bu nə işıqdır? Çox çirkindir... – deyə, tablonu əlinə götürdü və davam etməyə qərar verdi.

Bu, onun xislətində idi. Bir işi nadir hallarda vaxtında tamamlayır, əksər hallarda yarımçıq qoyub yadına düşəndə bitirirdi.

– Aha, tapdım!

İllər öncə başladığı rəsmi götürüb, bayaq çəkdiyi əsəri yarımçıq qoyaraq bu tablo üzərində işləməyə başladı. Gecə saat üçə kimi işləyib sonra yatmağa getdi. Səhər oyananda isə qəribə bir ağırlıq hiss etdi. Rəsmi davam etdirmək isə heç ağlına belə gəlmirdi. Qıvrım saçlarına düşən günəş şüaları üzündən süzülərək əlinə doğru axır, barmaqlarının arasından süzülüb masanın səthində qızılı izlər buraxırdı. Bir anlıq bu işıq oyununu izləyərək düşüncələrə daldı. Gecə başladığı tablonu tamamlamamaq onu narahat etsə də, bu gün üçün içindəki yaradıcılıq alovu sönmüşdü.

"Axşam... Bəlkə, axşam davam edərəm", – deyə, düşünərək sənədləri nəzərdən keçirməyə başladı. Amma günəşin saçlarına düşən o qızılı işığı hələ də içində tamamlanmamış bir şeyin varlığını xatırladırdı. Onun əsas işi sənətşünaslıq idi. Əslində, işini sevir, incəsənətin dərinliklərini araşdırmaq, əsərləri təhlil etmək ona zövq verirdi. Lakin onu yoran işin özü deyil, oradakı insanlar və onların bitib-tükənməyən gözləntiləri idi. Daim nəsə tələb olunur, təcili layihələr, dəyişikliklər istənilirdi. Sənətin incəliklərini dərk etmədən hər şeyə tələsik yanaşan həmkarlarının münasibəti onu yorurdu. Bəzən düşünürdü: “Bəlkə də, bu mühit mənim üçün deyil. Əsl yaradıcılıq sakitlikdə, təzyiqsiz doğulur.” Amma sənətə bağlılığı o qədər güclü idi ki, bu işdən imtina etmək fikri də qeyri-mümkün görünürdü. Beləcə, daxili narahatlığı ilə sənət eşqi arasında sıxışıb qalmışdı. Günortaya doğru işlərin artmasıyla yorğunluğu hiss olunmağa başladı. Daxilən sənətə can atsa da, kağızlarla məşğul olmaq məcburiyyətində idi. Bir anlıq pəncərədən baxıb xəyalında yarımçıq qalan rəsmini canlandırdı.

"Eşitdin? Bu gün yeni işçi gələcək," – dedi İva. Kəskin şəkildə başımı yellədim.
         – Yox, niyə maraqlandırmalıdır məni? – dedim soyuqqanlılıqla.

Heç kimlə danışmaq istəmirdim. Kompüterin qarşısında diqqətimi tamamilə yazıma cəmləmişdim. Sanki klavişlərin səsi məni reallıqdan uzaqlaşdırır, işin içində itib-batmaq üçün bəhanəyə çevrilirdi.

Birdən otağı gülüş səsləri doldurdu. Həmin anda olduqca tanış bir səs içəri daxil oldu. Əlim yazıdan ayrıldı, barmaqlarım klavişlər üzərində donub qaldı. Başımı yavaşca qaldırdım.

Otağa girən qız... Üzü o qədər tanış idi ki, sanki bir yerdə, bir zamanlar qarşılaşmışdıq. Bəlkə, bir rəsmdə, bəlkə də, xatırlamaq istəmədiyim bir xatirədə. Qısa kəsilmiş saçları, iri qəhvəyi gözləri və qəribə, eyni anda həm utancaq, həm də cəsarətli görünən gülüşü vardı. Bir anlığa susdu. Otaqdakı hər kəs ona baxırdı. Sanki diqqət mərkəzində olmaqdan narahat idi. Nəfəsi titrəyirmiş kimi görünürdü, baxışlarını hara yönəldəcəyini bilmirdi.

Mən isə... Sadəcə "Salam" dedim.

Nə qədər az ünsiyyət qursam, o qədər yaxşıdır. Çünki insanlarla yaxınlaşmaq, adətən, peşmanlıqla nəticələnirdi. Hər kəsin həyatında "kaş ki bu insanla bu qədər danışmayaydım" dediyi anlar olur. Amma bu qız... fərqli idi.

Hər kəsin maraqla baxdığı bu yeni işçi bir az da sıxılmış kimi görünürdü. Otağın işıqları onun üz cizgilərini daha çox vurğulayırdı. Maraqlı olan isə mənə qəribə şəkildə bənzəməsi idi. Hətta dünən gecə çəkdiyim avtoportretimə. Tablodakı geyiminə belə oxşayırdı.

Təsadüf? – deyə düşündüm.

Həmin gün onun sadəcə, adını öyrənmişdim: Mirabella. Amma bu, yetərli deyildi. Sanki səssizliyində gizlənən daha dərin bir şey vardı. Arada başımı kompüterdən qaldırıb ona baxırdım. O isə birdən mənə doğru çevrilib gülümsəyərək dedi:

"Bəs sənin adın nədir?"

Dodaqlarımı araladım, amma səsim çıxmadı. Özümü eşitməzliyə vurdum. Bu, məni qorumaq üçün inkişaf etdirdiyim köhnə vərdiş idi. Yanımdakılar da "o heç kimlə danışmaz" və s. deyirdi. Elə danışıram ha! Sadəcə, sizə həsr edilmişdi bu tərəfim. Hardasa 2 həftədir ki, işə başlamışdı. Bu vaxt ərzində isə yüksək səviyyədə təhsil aldığını, bir neçə dil bildiyini və ən maraqlısı – onun da rəsm çəkməyi sevdiyini öyrənmişdim. Bütün bunları eşidəndə içimdə qəribə bir rahatlıq hiss etdim. Bəlkə də, bu boğucu mühitdə, nəhayət, danışa biləcəyim, həqiqətən, məni anlayacaq yeganə insan o idi. Daha yaxından tanış olmaq qorxusuyla hər dəfə divarlarımı hörürdüm. Amma bu dəfə... Divar çatlamış kimi idi.

Günün sonunda hamı evinə gedirdi. Mirabellanın mənə tərəf gəldiyini gördüm, yerişimi yavaşıtdım ki, mənə çatsın. Elə də oldu.

– Məncə, siz “qılaflı adam” deyilsiniz, dedi.

– Əlbəttə, deyiləm, sadəcə, o qədər çox iş olur ki… yalan deyirdim.  Öz işlərimdən fərqli olaraq, bu işləri vaxtından tez görürdüm. Əlavə iş çıxsa da, öz planımı pozar, onları əlavə edərdim.

Yolu sakit şəkildə gəlirdik. Heç birimiz bir kəlmə belə söz danışmırdıq. Bu vəziyyəti sevirdim – sükutun özündə bir rahatlıq vardı. Amma sükutu mən pozdum.

"Harda qalırsınız?" – soruşdum.

"Uzaqda deyil," – dedi, baxışları bir anlığa uzaqlara getdi.

Bu qədər soyuqluq mənim üçün artıq bəs idi. İşlərimin çox olduğunu, fərqli bir yolla gedəcəyimi deyib ayrıldım.

Bütün yol boyu bu gün baş verənləri düşündüm, içimdə qeydlər apardım. Onun yerində mən də ola bilərdim, ya da onun kimi. Fürsətlər...

Çox yorğun olduğum üçün yatmaq istədim. Amma alınmırdı. Düşüncələrini səhifələyərkən insan yata bilməz. Bir an gülür, bir anda gözü dolur. Hissləri bir-birinə qarışır, bəzən başını arxaya çəkib beyninin içini sanki bir kəllə dartırlar.

Gecənin zülmətindəki uğultular onu daha çox oyaq saxlayırdı. Sanki gündüz və gecə şərik olub onu yatmağa qoymurdu. Həyatında olmayacaq insanları, yaxşı və ya pis anları düşünərək beynini yükləyirdi. Və ən dəhşətlisi, bunu bilirdi.

Bir də onu gecənin sükutunda narahat edən sözlər vardı. Fırlanır, fırlanır, neyronlarını dağıdırdı. Səhərin günəşini gözləmək kimi bir şeydi bu. Gözlər də bağlanmaq istəyirdi, amma mümkün olmurdu. İki il ərzində dinləmədiyi mahnının sözlərini mızıldayırdı, amma əri yanında olduğuna görə dinləməyə cəhd etmirdi.

Bu vəziyyət səhər saat 4-ə qədər davam etdi. Həyatında irəlilədiyini düşünürdü, amma bu hiss sanki bir xəbərdarlıq idi — keçmişlə tam barışmamışdı. Düşüncələri dolaşdıqca ürəyinin dərinliyində bir sual səslənirdi: "Niyə indi? Niyə məhz bu gecə?"

 

Axırda yerindən qalxdı. Yata bilməyəcəkdi. Əlini üzünə çəkib dərin bir nəfəs aldı. Sakitliyin içində boğulduğunu hiss edirdi. Pəncərənin qarşısına keçib küçəyə baxdı. Şəhər yuxuda idi. Fənərlərin solğun işığı asfaltın üzərində titrəyirdi. Düşüncələri yenə o köhnə mahnının sözlərinə qayıtdı. Nəhayət, telefonunu götürüb axtarışa başladı. Mahnını tapıb səsləndirdi. İlk notlar çalınanda içini qəribə bir istilik bürüdü….”All this time away .Is killing me inside”…

Anidən xatirələr canlandı: o mahnını ilk dəfə eşitdiyi yay axşamı, açıq pəncərədən gələn sərin meh, o günlərin sakit xoşbəxtliyi... İndi isə hər şey fərqli idi. Gecə saatlarının səssizliyi, içindəki o narahatlıq hissi. Həmin mahnıda qurulan ümid dolu gələcək xəyalları.

Səhərin ilk işıqları pəncərədən süzülməyə başlamışdı. Yuxusuz olmasına baxmayaraq, qəribə bir gümrahlıq hiss edirdi. Saatına baxdı – işə getməyə hələ bir neçə saat vardı. Nəsə etmək istəyirdi, amma nə?  Qəribə olsa da, uzun zamandır təxirə saldığı kitabı oxumaq qərarına gəldi. Kitab rəfindən saralmış səhifələri olan bir romanı götürdü. Qəhvə və kitab. Səhifələr çevrildikcə hekayənin içində itib getdi. Vaxtın necə keçdiyini hiss etmirdi. Kitabı bağlayıb "Axşam davam edərəm" deyə, düşündü. Bir neçə saatlıq rahatlıq hissi onu yuxusuz gecənin yorğunluğundan uzaqlaşdırmışdı. Günə pozitiv başlamaq qərarına gəldi. Qapını bağlayıb evdən çıxdı…

İş yerinə çatanda hər şey adi görünürdü — eyni masa, eyni kompüter, eyni insan axını. Amma bu gün nəsə fərqli idi. Ətrafındakı insanlara daha diqqətlə baxmağa başladı. Hər gün rastlaşdığı, salamlaşıb yanından keçdiyi həmkarları indi daha fərqli görünürdü. Onların gözlərində gizli qalan yorğunluqları, təbəssümlərinin arxasındakı narahatlıqları hiss edirdi. Bəlkə də, ilk dəfə onları, həqiqətən, görürdü. İş masasının qarşısında oturub düşüncələrinə hakim olmağa çalışdı. Lakin beynindəki səs sakitləşmirdi: "Bəs sən? Sən də onların gözündə belə görünürsənmi? Onlar sənin daxili boşluğunu hiss edirlərmi?"

Bunları düşünmək lazım deyil, – dedi həmin o tanış səs.  Başımı yuxarı qaldırıb uşaq kimi gülən və parıldayan gözlərinə baxdım, yalandan gülümsədim. Aman Tanrım mənimlə eyni geyinib. İndi fikir verdim.

İva məni izləyirdi. Bu qız həmişə belə baxırdı. Özünə aid olmayan işlərə burnunu soxurdu. Hər kəsin onu sevməyini istəyirdi. Baxışlarını çəkmirdi. Sanki düşüncələrimi oxumağa çalışırdı. Mən isə heç nə olmamış kimi başımı aşağı salıb sənədləri çevirməyə davam etdim. Amma o tanış səs beynimdə hələ də səslənirdi: “Bunları düşünmək lazım deyil.”

İva birdən masama yaxınlaşdı. Səsini yumşaldaraq soruşdu:
 – Hər şey qaydasındadır? Yenə o saxta narahatlıq, yenə o hər kəsə şirin görünməyə çalışan maska. Başımı tərpədib qısa bir "Hə, qaydasındadır" dedim. Amma içimdə nəsə düyünlənirdi.

Axı niyə bununla eyni otaqdayam? Bəzən düşünürdüm ki, onunla münasibətimin problemi mənəm, amma yox. Elə deyildi.

Anidən İva mehriban səsi ilə Miradan ən çox sevdiyi rəssamı soruşdu. Bu qız həmişə belə, anidən maraqlıymış kimi həyəcanla suallar verirdi. Mira isə incəliklə cavab verdi: "Deyəsən, Modilyani". İva məndən də soruşdu. İllərdir məni tanımır axı! Cavabımda çox sayda rəssamın olduğunu, seçməyin çətin olduğunu dedim.  İva sanki bizə önəmli imiş kimi, hərarətlə Van Qoq və Rafael Santi  dedi. Mən isə Rafaeli heç cür sevə bilmirdim. Van Qoq dao qədər məşhur idi ki, kimdən soruşsam, onun adını çəkərdi. Fikrimi bildirmək istədim, amma Miranın baxışlarını gördüm. Susdum.

Düşüncələrimə hakim olmağa çalışsam da, beynimin dərinliyində başqa bir sual səslənirdi: Bəs o tanış səs? O nə demək istəyirdi? Elə bil hər şey bulanıqlaşmışdı... İşdən çıxanda yenə onunla eyni yolda idik. Amma bu dəfə fərqli idi. Səssizlik yox olmuşdu. Həmişəki kimi bir neçə saniyə susqun irəlilədik, amma birdən o, sakit səslə soruşdu:

– Gözlərin yorğun görünür.

Gülümsəyib başımı yellədim:

– Hə, sadəcə, uzun gün oldu. Sən necə?

O da gülümsədi, amma bu dəfə o təbəssümdə daha çox səmimiyyət hiss etdim. Həqiqətən, fərqli idi. O birilərindən, adi günlərin təkrarı olanlardan, heç vaxt qəlbdən gəlməyən təbəssümləri ilə maska taxanlardan çox fərqli bir insandı. Sözlərində və hərəkətlərində bir səmimiyyət vardı, içdən gəlirdi. Hər şey açıq, təbii idi.

Onunla danışmaq asan idi, çünki heç bir pərdə yox idi. Hər şey olduğu kimi qalırdı, nə də olsa, gözlərindəki dürüstlük bunu izah edirdi. Əgər bir şey deyirdisə, bunun arxasında həqiqətən də, bir düşüncə vardı. Üstəlik, səsləndirdiyi sözlər individual, özünəməxsus idi, köhnəlmiş deyimlərdən ibarət olmurdu.

Onunla keçirdiyim hər an gözəl idi... Ətrafımdakı insanların, xüsusən də İvanın gördüyüm təbəssüm və baxışlarının necə olduğunu artıq düşünmədim. Çünki onun yanında olmaq, sadəcə, səmimiyyətin və həqiqətin içində yaşamaq idi. Bir anlıq düşündüm ki, bəlkə də, nəhayət, həyatımda bir insan var ki, gerçəkdir. Saxta maskalar yox, yalnız və yalnız bir insanın özünə aid bütün qüsurları, gözəllikləri ilə...

Günün ən gözəl anı  Mirabellanı görmək idi. Bütün şirinliyi, gözəlliyi və fərqli aurası ilə qarşımda dayanmışdı. Sanki zaman bir anlığa donmuşdu, hər şey bulanıq, amma o, tərtəmiz görünürdü. Parıldayan gözləri ilə baxır, sanki heç bir sözə ehtiyac olmadan içimi oxuyurdu. Baxışlarında bir rahatlıq vardı, elə bil bütün narahatlıqlarımı ovutmağa gəlmişdi. Amma eyni zamanda içimdə qəribə bir sıxıntı hissi vardı. Bu qədər mükəmməl görünən bir şeyin bu qədər uzaq olması mümkündürmü? Dodaqlarında təbəssüm, baxışlarında bir səmimiyyət... Mən isə hər şeyi kənardan izləyirmiş kimi hiss edirdim. Onun bu təbii gözəlliyi, o incə sükut – hər şey bir yuxu kimi idi. Amma bir gerçək var idi. Özümü nə  vaxtdandır bu qədər yaxşı hiss etmirdim. Onunla danışmaq bir şəkildə özümü tamamlayırdı. Bir anlıq gözlərini qıydı və başını yana əydi. Elə o an anladım: Bütün fərqliliyi ilə o, sadəcə, görünüşü ilə yox, varlığı ilə təsir edirdi mənə.

Evə getdim, hər şey çox yaxşı idi. Olanları düşünüb, bir fincan qəhvə götürüb rəsm otağıma getdim. İki aydan çox idi ki, bu otağa girmirdim. Tablo yerdə idi və üstündə portretin yerində yalnız qara rəng vardı.

"Axı mən... çəkmişdim bunu... Necə olur? Yəni əsəri bu hala mən gətirmişəm və bundan xəbərim yoxdur?" Təəccüb içində otaqdan çıxdım. Həm də necə olmuşdu ki, bu dəyişiklikdən xəbərim olmamışdı? Yoxsa bu, sadəcə, mənim xəyalımın məhsulu idi? Ya mən dəli olmuşdum, ya da portret tablodan çıxmışdı. İçimdən yüz faiz bunu İva edib, deyə düşündüm. Mənə belə zarafat edib. Birincisi,  necə gəlsin evimə? Həm də o, rəsm çəkməyi də bacarmır, qaldı ki, qaralasın. Əminəm, o rəngləri də tanımır. Yox, buna inana bilmirdim.

Səhər bu hadisəni Miraya danışmaq niyyətindəydim, amma içimdəki suallar hələ də cavabsız qalırdı. Yenə də nə baş verdiyini anlamadan sabahı gözləyirdim. Tablonun qarşısına keçib əlimlə yoxladım. Boyalar, rənglər hələ də təzə görünürdü və gördüyüm də gerçək idi. Qəlbimdə qəribə bir soyuqluq və narahatlıq hissi vardı. Nə baş verdiyini anlamağa çalışırdım, amma heç bir iz tapa bilmirdim.

İşdə səhər günün ilk saatlarında bu qəribə hadisəni Miraya danışdım. O, əvvəlcə məni diqqətlə dinlədi, sonra heç bir narahatlıq hissi olmadan sərbəst  şəkildə dedi:

– O tablonun içindəki sən idin.

– Bunu hardan bilirsən?

Bir anlıq sükut oldu. Hər şeyin nə qədər absurd olduğunu düşündüm. O isə heç bir şübhə etmədən, sadəcə, soyuqqanlılıqla davam etdi:

– Gör nə qədər bənzəyirəm sənə, o şəkli yadına sal. Heç fikir vermədin? Ya, səslərimiz necə də eynidir…

Bir anlıq heyrətlə baxdım. O, haqlıdır, amma necə? Üzümdəki hər detalı o qədər təkrarlayırdı ki, qorxulu və ya maraqlı bir şey vardı. Bu, sadəcə təsadüf ola bilməzdi. Miranın dediklərinə inandım, amma içimdə bir boşluq vardı. O dediklərində bir həqiqət vardı, amma suallarımı tamamilə cavablandırmırdı. Eyni adamdan ikisi necə olacaqdı? Bu, sadəcə ağılsız bir fikir kimi gəlirdi. Hər şeyin bir sərhədi var, yoxsa bu, artıq bir qaranlıq sirrə çevriləcəkdi.

– Tablonun içindən necə çıxdın? Ya da bu qədər şeyi necə bilirsən?

– Həmin an sanki zaman və məkanın sərhədləri itmişdi. Bir anlıq mən o tablonun içindəydim, sonra isə burada, reallıqda... necə baş verdiyini heç cür anlaya bilmirdim. Qaldı ki, sən. Unutdun? Dedim axı mən sənəm, bunu anlamaq çox çətindir?

 İlk başda hər şeyin bir yuxu olduğunu düşündüm.

  Bəlkə də, sadəcə, sənin təxəyyülünün bir məhsuluyam... Bunu sən həmişə istəmişdin. Məni sən arzulamısan. Yadına sal.

– Yaxşı, bəs biz belə yaşayacayıq? Sən ki mənsən. Mən heç istəmərəm, kimsə mənim etdiklərimi etsin və ya başqa…

– Bilirəm. Yəni sən istəmərsən qalmağımı?

– Əlbəttə, yox! Bir mən bəs edir hamıya.

– Yəni bu qədər danışıqlar sənə heç təsir etmədi? Mən… mən fərqli düşünmüşdüm. Düşündüm ki, özünü görməyin, özünlə danışmağın yaxşı olar…
Susdum. İçimdə qəribə bir narahatlıq vardı. Bu, sadəcə, bir psixoloji oyunmu idi, yoxsa gerçəkdən başqa bir dünya ilə əlaqəmi kəsmişdim? Ancaq hər halda, daha da dərinə getməkdən qorxurdum.

Bu dəfə yolu mənlə getmədi. İçimdə qəribə bir boşluq vardı, amma bunu qəbul etməliydim. O anı düşündüm və düşündüklərimin onun üzərində necə təsir yaratdığını hiss etdim. Yəqin, dediklərim ona çox təsir etdi. Bəlkə də, mənim dediklərim ona bir qədər çətinlik yaratmışdı, amma eyni zamanda bunu etməyim bəlkə də, doğruydu. Bütün bunları gecə boyunca düşündüm. Yaxşı, heç kim anlamır ki, o mənəm? Ya hamı bunu bilir, amma həmişəki kimi susur? Belə necə yaşamaq olar ki? Səhər yuxusuz halda işə getdim, o da mənim halımda idi. Eyni vəziyyətdə və eyni geyimdə, sadəcə, rəngləri fərqli idi. Nə etməliydim, bilmirəm. Baxışlarını üzərimdən çəkmirdi. Birdən İva çox gərəkli imiş kimi dilləndi. Siz niyə əkiz kimi geyinirsiniz? Necə də qəribədir, özünüz də nə qədər oxşayırsınız.

– Danışmışdıq, elə geyindik. Çox da səmimi olmayacaq şəkildə çıxmışdı ağzımdan. Bunun fərqində idi. Onu heç sevmirdim. Səsini eşitmək belə işgəncə idi, qaldı boş-boş danışmağı. Bəzən qulaqcığı  taxırdım, bunun fərqində deyildi, arada üzünə baxırsan, bu qədər. Elə sanır ki, onu dinləyirsən və susmaq bilmir.  Özü də çox yaxşı bilirdim, bir çox adam bilirdi. Onun burda işləməyinin başqa səbəbi var idi. Yoxsa kim onu işə götürər?  Amma nə etmək olar? Həyat bu tip “simasız”larla doludur. Özlərini o qədər bənzərsiz olduqlarına inandırıblar ki… ona yazığım gəlirdi. Belə düşündüyüm üçün də özümə, açığı nifrət edirdim. Nəticədə məcbur qaldığım üçün ikiüzlülük edirdim, yalan danışırdım.

– "So anche io cosa senti, cosa pensi" – dedi Mira gülərəkdən.  Yanımızdakının başa düşməməyi üçün. Dəhşətlisi elə bu idi. Hər şeyimi onunla paylaşmışdım. “Nə hiss etdiyini, nə düşündüyünü mən də bilirəm” – bu, sadəcə, bir cümlə deyildi; bu, bir anlayışın, bir ruh halının birləşdiyi, kəsişdiyi bir yerdə tapılmaq idi. İlk dəfə bu sözü birindən eşidirdim. O anın içində qarışıq duyğular vardı. O həm məndən ayrı idi, həm də mənlə idi. Bu, elə bir hiss idi ki, həm yaxınlıq, həm də uzaqlıq bir arada mövcud idi. Hər şey bir-birinə qarışmışdı və sanki zamanın özü də dayanmışdı. Gözlərim o anın içində itirdi, hər şey bir halqaya bənzəyirdi – bir başlanğıc, amma hara gedəcəyi bəlli olmayan bir səyahət. Amma mən yalnız bir şeyi düşünürdüm: Sonu necə bitəcək? Elə bu düşüncə, hər bir hissin təkrarlanan izləri kimi məni bir növ cənginə almışdı. Mən, sadəcə, sonu gözləyirdim. Onun necə olacağı, necə nəticələnəcəyi  bu anı bir yerdə yaşamağa çalışmaq isə artıq geridə qalırdı.

Mira birdən hazırlanmağa başladı tələsik və heç demədən, heç nə götürmədən çıxdı otaqdan. Arxasınca baxdım, sadəcə, baxdım. Hiss etdim, səssizcə gedirdi. Bir də olmayacaqdı, bir də bu qədər heç kimlə yaxın ola bilməyəcəkdim. Bir də həmin hisslər yaşanmayacaqdı. Hamı çıxıb gedirdi. Çox şükür ki, İva da. Beləcə rahat şəkildə Miranın bu bir həftədə nələr etdiyinə baxacaqdım. Bir məktub var idi. Açmaqda tərəddüd etdim. Amma nəyə lazımdır? O ki mənəm. Birdən kimsə görər deyə, hələ açmadım saxladım.  Evə getdim qaça-qaça tabloya baxmaq üçün. Tabloda idi, qayıtmışdı yerinə. Yenə o səssiz gecələrdən idi. Sıradan gecələr. Amma nə yaxşı ki, belədir.

Səhər işdə heç kim heç nə demədi. Miranın getməyini, adını belə anmamışdılar. Sanki heç olmamışdı bu hadisələr. O gündən sonra hər şey normal bir axarına qayıtmış kimi göründü, amma içimdə bir qəribə hiss qalmışdı.  İnsanlar zamanla hər şeyə alışır, hətta ən qəribə və çətin hadisələrə belə. Başqa birisi üçün, bəlkə də, dəyişiklik və ya dəhşət kimi görünə bilər, amma insan beyni qəribə şəkildə özünü uyğunlaşdırır və bir müddət sonra hər şey adi bir hal alır. Mən də bu hekayəyə alışmağa başladım, Miranın yoxluğu və o qəribə hadisə artıq gündəlik həyatımın bir hissəsinə çevrilmişdi. Hər şey sanki unudulmuşdu, amma içimdəki boşluq və narahatlıq heç zaman tamamilə yox olmamışdı. Olmayacaqdı da. Hər gün insanların üzlərindəki sıradan ifadələrə baxdıqca mən özümü daha çox uzaqlaşdırırdım.. Onun yazdığı məktubu oxumaq üçün  yenə sahilə getdim. Açmağa cəsarətim yox idi. Sadəcə, illərdir özümə yazdığım məktublar kimi  gəlmişdi bu məktub da. Həmin məktublardan fərqi – bunu nə vaxt açmalı olduğumu bilmirdim.

         Tablonun içindən çıxmaq... sanki bir növ sərhədin aşılması idi. Həmin an bütün varlığım və düşüncələrim birləşdi və  real dünyaya keçdim. Amma içimdə bir şey dəyişmişdi. Mən sənintək canlı idim. Mən elə sən idim. Gəlməyimin səbəbi var idi. Nə də olsa, hər şeyin bir səbəbi vardı, amma bu səbəb mənim başa düşməyim üçün çox daha dərin idi. Gəlməyimin səbəbi yoxdur. Bilirəm, necə idinsə, indi də eləsən. Bəlkə, gəlişimlə sənin yalnızlığını bir az da olsa azaldım və möcüzələrə yenidən inamağını, həyatın nə olursa-olsun, davam etdiyini bildirmək istədim…

 

“Ədəbiyyat və incəsənət”

(07.04.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.