Gülay Tahirli, “Ədəbiyyat və incəsənət” üçün
Yeni şeirmi “Ədəbiyyat və incəsənət”in oxucularına ərməğan edirəm. Bəyəniləcəyinə hədsiz inamla!
İçimdə kədərli bir qız uşağı,
Güzgülərə ağlayan,
“Dünyanın ən çirkini”
Gözəl bir qız…
Saçına dəyməyən sığalların
Ürəyində əbədilik izi var.
Gözəl olduğunu deməmişdilər,
Bilməmişdi…
Qısılmışdı, utanmışdı,
Ürəkdən gülməmişdi.
Gizlincə qayçını götürüb
Saçını kəsməyi…
Əllərinin, bədəninin əsməyi,
O həyəcanlı macəra
Özü də bilmədən
Ən böyük üsyanı idi.
İçimdə qanadları qırıq qız uşağı…
Yandırdığı kekin “Afərin”inə,
Sındırdığı qabın “Eybi yox”una həsrət…
İçimdə çılğın bir qız uşağı,
Evdəki qırmızı yastıqların anası,
Gəlinciksiz, kuklasız…
İçimdə xoşbəxt bir qız uşağı…
İllər sonra yenidən gələn,
Deyən-gülən və rəqs edən…
Oğlumun möhtəşəm oyun dostu…
Kimsəyə buraxmaram,
Bu dəfə özüm böyüdəcəyəm onu.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)