BİRİ İKİSİNDƏ - Mir Kamilin qəzəlləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə qəzəllər təqdim ediləcək, Mir Kamilin qəzəlləri.

 

 

Getdim neçə yol eşq yolun qanlı dizimlə,

Bu vadidə getmək diləyən gəlsin izimlə.

 

Bir kimsəyə qeyzim, qəzəbim olmayıb əsla,

Vallahi mənim davam olub ancaq özümlə.

 

Öz eybimə göz yummamışam mən göz açandan,

Örtülməz həqiqətləri gördükcə gözümlə.

 

Ey Rəbbim, üzüm qarə, günahım çox, əlim boş,

Neylim, səninəm mən yenə səhvimlə, düzümlə.

 

Baş açmadım əvvəl dolaşıq badirələrdən,

Dərk eylədim axır səbəbin dərdə dözümlə.

 

Hər hadisə bir fəsl imiş ömrüm kitabında,

Söz-söz düzülüb hər biri rəbbani düzümlə.

 

Biz dərdi alıb zövq verən şe’rə çevirdik,

Dərdin, deyirəm, bəlkə budur dərdi bizimlə?

 

Arzum bu yaşımdan budu, bir isti ocaqda

Bir ömrü bərabər bölüşüm ruh əkizimlə.

 

Xoşbəxt olaram hər iki aləmdə, Siraci,

Bir qəlbə işıq bəxş eləsəm bircə sözümlə.

 

 

***

 

Var öylə bir qəmim ki, min qəm onda cəmdi, birdənəm.

Özüm də bilmirəm fəqət bu qəm, nə qəmdi, birdənəm?!

 

Gözüm səbəbsiz anidən dolur, dilim kilidlənir.

Bu, nə fərəh kimi fərəhdi, nə ələmdi, birdənəm.

 

Məəttələm, bu eşqə şövq ilə yanan mənəm görən?

Ya özgə bir bədəndə can tapan Kərəmdi, birdənəm?!

 

Yadındamı bizim vida, nə cür demişdin əlvida?!

Dilin deyirdi, qalma, get! Gözünsə nəmdi birdənəm...

 

Mənə könül verəndəmi, gözün düşüb həyatıma?!

Ürək müqabilində bir ömür sələmdi, birdənəm.

 

Ömür qəfil keçibsə də, səsin unutmuşamsa da

Siraci, mən həmin mənəm, o birdənəmdi, birdənəm.                                                      

 

 

***

 

Heç nə olmaz daha, canım-gözüm, əvvəlki kimi,

Çiçək açmaz daha şe'rim-sözüm, əvvəlki kimi.

 

Sən gülürdün güc alırdım gülüşündən, gözəlim,

Daha məndən tələb etmə dözüm əvvəlki kimi.

 

Danışan gözlərimiz indi niyə lal dayanıb?

Niyə ünsiyyətimiz yox bizim əvvəlki kimi?

 

Sən gedəndən, inan Allaha ki, gün görməmişəm,

İşığım yoxdu, günüm-gündüzüm, əvvəlki kimi.

 

Gəl, qayıt, yasamənüzlüm, başını qoy dizimə,

Dağınıq tellərinə gül düzüm əvvəlki kimi...

 

Ahu ürkəkliyi var səndə, mənim yoxdu gücüm

Səni ram etməyə bir yol gəzim əvvəlki kimi.

 

Dil tapıb gül nəfəsin dəydiyi daşlarla, gülüm,

Gecələr dar küçənizdə gəzim əvvəlki kimi...

 

Ey Siraci, dilərəm bir sürünüm yarə tərəf,

Yox təvanım, sözə baxmır dizim əvvəlki kimi.

 

 

***

 

Ey mənim ruhumu aram eləyən rum gözəli,

Var imiş səndə əzəldən, gözəlim, rəssam əli.

Buna söz yox deməli!

Sən özün ali bir əldən çəkilən canlı əsər,

Saçların sırma, əlin incə, şalın işləməli,

Yanağın dişləməli..

 

Nə məlahətlə baxırsan, sənə qurban, kətana,

Seyr edir sanki öz övladını şəfqətlə ana.

Can verib ruhun ona!

Nə nəzakətlə qələm sancaq olub tellərinə,

Akvarellər bulaşıb eşqimin ağ güllərinə,

O zərif əllərinə!

 

Bəxtəvər fırçanı hərdən yerə qoy, radionu aç,

Latte buğlansın əlində bir az, ey qəhvəyisaç,

Arabir dincliyə qaç.

İzləsin birgə səninlə evinin pəncərəsi:

Yollar, insanlar, ağaclar, qapının yan-yörəsi,

Bakının mənzərəsi..

 

 

 

***

 

Qara gəldi ruzigarım, qucağından ayrı düşdüm.

O qızıl şəfəqli gündən – yanağından ayrı düşdüm.

Damağımda dadı qaldı, dodağından ayrı düşdüm.

Bizi ayrı saldı dünya...

 

Axı mən nə bir qəribəm, nə uzaq bir eldə sürgün,

Elə öz içimdə sənsiz yaşaram mən üzgün-üzgün.

Adını unutmuşam mən, gedənin daha gedən gün,

Bir adı olur da – Leyla.

 

Qalan öz qəmiylə məşğul, gedən öz yolunda məmnun

Qalanın həyatı durğun, gedənin həyatı coşqun.

Gedənə desəm də Leyla, nə öz adım oldu Məcnun,

Nə bizim məhəllə səhra.

 

Soyuyub məhəbbətimdən, daha qaynayıb-qarışmaz

Üz-üzə mənimlə gəlsə, ürəyin açıb danışmaz.

Bilirəm ki, o vəfasız, elə bərk küsüb, barışmaz.

Nəsə var ümidim amma...

 

 

***

 

Ağır olar, qəlbinə yığma belə qəm-kədər,

Özgəsitək, sevgilim, bəxtəvər ol, bəxtəvər.

 

Ömrümə gəl bir qədəm, gəzsin uzaq qüssə-qəm,

Ay gülərüz, qarəgöz, yüngülayaq, xoşnəzər...

 

Zülfünü bir yol dağıt yellər öpən çiyninə,

Tapsın ətir, nərgizim, ta qoxusuz lalələr.

 

Nitqim açılmır daha, yox mənə bir aşina,

Gəl məni dindir özün, gəl sözüm ol, müxtəsər.

 

Hamı gəlib cəm olur bir sən ola bilməyir,

Dolmayacaq boşluğun gəlməsən, ay bir nəfər...

 

Bir qapı tıqqıltısı min diləyi, arzunu

Kor yuxudan bir gecə, yarım, oyatmaz məgər?!

 

Ver bir ümid vəslinə ta bir ömür gözləyim,

Mən çox əzab çəkmişəm, səbr edərəm birtəhər

 

Xəstə Siraci düşüb yollara "yar-yar" deyir,

Hey yolunu gözləyir, gözləyir axşam-səhər...

 

 

***

 

Ey aydın üzü yaz səhərindən daha parlaq

Ülkər gözünün adətidir mehr ilə baxmaq

 

Ay hər necə ki nurun alır göydə günəşdən

Gün də sənin hüsnündən alıb parlayır ancaq

 

Könlüm açılardı, saçın olsaydı pərişan

Olmuş mənim iqbalıma əngəl sarı sancaq

 

Tez çək saçına əllərini qoy aralansın

Zülfüntək açılsın ürəyim, ay əli qıvraq

 

Qəlbim ki sənindir niyə viranə qoyursan?!

Öz səltənətin sultan edərmi özü tapdaq?

 

Nazəndəliyin könlümü salmış daha əldən

Nazın, elə bil, şıltaq uşaq, könlüm oyuncaq

 

Getmiş bu Siraci, gözəlim, huşə qapında

Ulduzlu səma yorğanıdır, yastığı torpaq

 

 

***

 

Gəlmirik biz, ey günüzlüm, gör nə vaxtdır üz-üzə

Yoxdu tale'dən mədəd, gəl ağlayaq gün biz bizə.

 

Güc bəla ilə xitabın çevrilib sizdən sənə

Dönsə bir də dözmərəm, ey afətim, səndən sizə.

 

Ay qəmərüz, çöhrəni bölmüş saçın tən yarıdan

Söyləyər kafər də görsə: Allah-Allah, möcüzə!

 

Bilmirəm ki, kimdi bais bir yerə biz gəlməmiş

Gəlmişik, məncə, əzizim, hansısa bir kəm gözə

 

Ey nigaranım, mənə bir namə yaz, bir yaz günü

Gül üzün, sünbül telin əhvalını sal ön sözə.

 

Çox dedim insafın olsun, ölməmiş bir gün görək.

Bundan ağır söz, ölümdən yaxşı varmı moizə?

 

Yolların odlu-alovlu sən də hicran yorğunu

Ey ayaqyalın, Siraci, döz ki, məhrəmsən közə.

 

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.