“Ədəbiyyat və incəsənət” portalı şair Namiq Dəlidağlının şeirlərindən hər gün sizlərə üç yarpaq təqdim edəcək.
AYRILIQ RƏNGİNDƏ YUXULAR…
...uzaqlardasan,
nə görüş vədi var aramızda,
nə də əlvida anı...
Uzun yolların əyninə biçilir
xəyallarım hər gün...
və ayrılıq rəngində
yuxular görürəm hər gecə.
...indi on ikinci otel otagının
künc-bucağında
xatirələrimiz bar verir:
ayrılıq dadında.
...Səndən sonra ümidimin
şəkillərini cızdım
Otel otağının divarlarına.
Şəkillər ölmür axı.
Dön geri, şəkillərin saglığına...
ŞƏKİLLİ ŞEİR
Mənə şəkil göndərdin...
o şəklin içində hər şeyin
öz şəkli var:
baxışın öz şəkli var,
ürəyin öz şəkli var.
Ağrının öz şəkli var,
göynəyin öz şəkli var...
Mənə şəkil göndərdin...
...bilirsənmi gəlişi
heç hansı ana düşdü?!
sənsizliyin ağrısını çəkən
məqama düşdü.
Mənə şəkil göndərdin,
nə rəngli şəkildi...
Bomboz ağrılarıma
duz basar, "məlhəm" olar...
Göyərər ağrılarım,
qaysaqlamaz, nəm olar.
Bundan belə hər dəfə
o şəklə baxanda
xumarlanar gözlərim,
baxışlarım dəm olar...
Mənə şəkil göndərdin...
SİZƏ ELÇİ GƏLDİ, BİZƏ AYRILIQ
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi,
aşıqlar “vağzalı” çalana qədər.
Məni nə havada buraxıb getdin…
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışıb-yandı,
sənin elçilərin şərbət içəndə.
Gəldi qapınıza gəlin maşını,
səni çöl çəkirdi, eşik çəkirdi.
Getdiyin yolların ayrıclarında,
mənim baxışlarım keşik çəkirdi.
Sənin getdiyin yol, uzaq yoldu ha…
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda,
mənim ümidimin köçü başladı.
… Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüşdə” məğlub olmuşam,
əlimi qaldırdım “ağ bayraq” kimi.
Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi,
köhnə libasında təzə ayrılıq.
“Ədəbiyyat və incəsənət”
(28.03.2025)