TƏLƏBƏ YARADICILIĞI – Fərasət Babazadə, “Silinməz iz” Featured

“Ədəbiyyat və incəsənət” portalı Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə debütü olduqca uğurlu alınmış, kifayət qədər oxucu rəğbətini qazanmış tələbə xanımın – Fərasət Babazadənin “Silinməz iz” adlanan hekayəsini təqdim edəcək. Fərasət Babazadə Naxçıvan Dövlət Universitetində filologiya ixtisası üzrə təhsil alır.

 

 

FƏRASƏT BABAZADƏ, “SİLİNMƏZ İZ”

 

Günəşin ilk zəif şüaları pəncərədən süzülərək otağı solğun bir işıqla doldururdu. Gənc oğlan gözlərini açıb tavana baxdı. Bir neçə saniyə hər şey donmuş kimi göründü. Sonra yavaş-yavaş qalxıb masaya tərəf yönəldi. Orada, masa lampasının işığında solğun bir parıltı ilə görünən qələm dayanmışdı.

Bu qələm ona yadigar qalmışdı, kiçik, lakin dərin izlərindən biri kimi. Oğlan qələmi əlinə aldı, onun sərin səthini barmaqlarında hiss etdi. Beynində bir sual titrədi: Götürüm, ya buraxım? Əgər buraxsa, sanki həmin insanı bir daha geridə qoymuş olacaqdı. Əgər götürsə, xatirə həmişə onunla olacaqdı.

İçində qəribə bir qorxu hissi oyandı. Xatirələr daşımaq üçün deyildimi? İnsan onsuz da keçmişindən qopa bilmir. O zaman niyə bu qələmi buraxmalıydı?

Bir anlıq tərəddüddən sonra qələmi cibinə qoydu. O, sadəcə bir qələm deyildi, keçmişin səsini özündə daşıyan kiçik bir əşya idi. Qapını örtüb çölə çıxarkən sanki daha güclü hiss edirdi özünü. Xatirə onu boğmurdu, əksinə, addımlarına yüngüllük qatırdı.

Dəhlizdə addımlayarkən kənarda duran şagirdlərin səsi qulaqlarında uğuldayırdı. Sinifdən çıxanda üzündə nə bir ifadə, nə də bir maraq vardı. Həmişəki kimi, yorucu, sonsuz bir gün daha başa çatırdı.

Oğlan pilləkənləri enərkən başını azacıq aşağı saldı, çantasının ağırlığını çiynində hiss etdi.

“Bu da bitdi,” – öz-özünə düşündü. “Hər gün eyni şey. Eyni sinif. Eyni üzlər. Eyni sıxıcı dərslər. Sabah yenə eyni olacaq.”

Bir anlıq duruxdu. Sanki içində bir boşluq var idi və o, nəyisə tapmağa çalışırdı. Birdən çantasına nəzər saldı. Açıb içinə baxdı. Qələm orada idi.

Barmaqları qələmin üstündə dayandı. Gün ərzində onu tamamilə unutmuşdu. Amma indi, bu yorucu günün sonunda o qələm sanki ona nəsə xatırladırdı. “Bəlkə də hər şey tam eyni deyil,” – düşündü. “Axı bu gün mənimlə bir xatirə vardı.”

Gülümsəmədən, amma qəribə bir sakitliklə çantanı bağladı və yoluna davam etdi.

Ev sakit idi. Pəncərədən bayıra baxdı, hava artıq qaralırdı. Sinif yoldaşlarının gülüşləri hələ də qulaqlarında cingildəyirdi. Hər kəsin üzündə eyni ifadə – istehza. Sanki özünü yox, başqasını görürdü – yerdə yıxılmış, utanc içində titrəyən bir oğlan. Ayağa qalxanda nə qədər tez çıxıb getmək istəsə də, o baxışlar yaddaşına həkk olunmuşdu.

Soyuq tər hələ də bədənindən çəkilməmişdi. Paltosunu bir kənara atıb çantasını açdı ki, dərslərinə başlasın, heç olmasa, beynini yayındırsın. Və birdən… boşluq. Qələmi yox idi.

O an içində qəribə bir boşluq yarandı. İlk anda inanmadı. Çantanı tələsik qarışdırdı, dəftərlərini kənara çəkdi, kitablarının arasına baxdı. Yox idi. Yadigar qələmi yox idi.

Bir anlıq nəfəsi dayandı. Beynində səhərki an canlandı – qələmi götürüb cibinə qoymuşdu. Sonra onu çantasına qoymuşdu. Bəs sonra? Axı bütün gün orada idi! Amma… yıxılanda?

Əlləri titrədi. Deməli, təkcə utanc hissi yox, bir də itki vardı bu günün sonunda. Sinif yoldaşlarının gülüşü, pilləkəndəki o an, qələm… hamısı bir yerə toplaşaraq içinə ağır bir yük kimi çökürdü.

Başını divara söykədi, gözlərini yumdu. Sabah məktəbə necə gedəcəyini bilmirdi. Amma bir şeyi bilirdi – qələmi tapmalı idi. O, sadəcə bir qələm deyildi. O, keçmişin son izi idi.

Günlər keçirdi, amma o an hələ də təzə idi. Hər səhər məktəbə gedəndə sanki sinif yoldaşlarının baxışları hələ də pilləkəndə qaldığı yerdəydi. Onlar güldükcə içindəki boşluq böyüyürdü. O, sadəcə qələmini tapmaq istəyirdi. Dərslər bir-bir keçirdi, uşaqlar eyni şeylərdən danışırdı, gülürdü, qışqırırdı. Amma onun üçün bu səslər uzaqdan gələn bir uğultu idi. Baxışları daim yerləri yoxlayırdı, hər küncü, hər masanın altını, dəhlizdəki hər bir taxta parçasını süzürdü. Pilləkənlərin yanına yaxınlaşanda ürəyi bir az da sıxılırdı. Elə bil, qələm orada bir yerdə olmalı idi, amma yox idi.

Bəzən dərsdən sonra hamı çıxıb gedəndə tək qalırdı. Sükut çökəndə o, ehtiyatla partaların arasından keçib axtarmağa davam edirdi. Amma boş yerə. Sanki qələm heç vaxt olmayıbmış kimi qeyb olmuşdu.

Bir gün, yenə eyni şeylərin təkrarlandığı bir gün arxadan gülüş səsləri eşidildi. Arxaya dönüb soruşdu.

        Nəyə gülürsüz? Bu qədər əyləncəli olan nədir?

Qız ondan qabağındakı dəfdərçəsinə baxmaq istədiyini bildirdi. Oğlan dəftərini qıza uzatdı, amma fikri başqa yerdə idi. Səslər ona sanki uzaqdan gəlirdi. Sinif yoldaşları gülüş içində danışırdı, zarafat edirdi. Dünənki gəzinti… Onun heç xəbəri yox idi.

        Sən gəlməmişdin? – kimsə soruşdu.

Başını sakitcə buladı. O an içində qəribə bir hiss oyandı. Çox vaxt belə şeylərə fikir vermirdi. Həmişə kitablarının arasında itirirdi özünü, ya da sadəcə, “Gələ bilmərəm” deyib uzaqlaşırdı. Amma indi, nədənsə, yad qalmış kimi hiss etdi özünü.

        Onsuz da bizimlə danışmırsan, – biri dedi. – Ya kitab oxuyursan, ya da gəlmirsən. Ona görə də sənə heç demədik.

Bir anlıq sinifdəki səslər susdu. Oğlan özünə tərəf yönələn baxışları hiss edirdi. Amma ən çox hiss etdiyi şey içindəki qəribə boşluq idi.

Bəli, belə idi. Heç vaxt bir yerə getmirdi. Onlardan uzaqda dayanırdı. Öz dünyasında, kitablarında, fikirlərində yaşayırdı. Amma indi bu uzaqlıq nədənsə bir az sıxdı onu. Heç kim ona qarşı pis bir şey deməmişdi. Heç kim onu kənara atmırdı. Sadəcə, o özü özünü ayırmışdı.

Düşündü: Mən həmişə belə idim. İndi niyə pis oluram?...

 

MƏN

Tələsik çantamı yığıb sinifdən çıxdım. Ayaqlarım yerə toxunduqca içimdə qəribə bir ağırlıq hiss edirdim. Arxadan kimsə adımı çağırdı, amma fikir vermədim. Səs uzaqdan gələn bir uğultu kimi qulağıma çatsa da, davam etdim. Sadəcə yoluma baxdım. Heç nəyə, heç kimə baxmadan.

Evə çatanda çantanı açdım. Dərsliklərimi, dəftərlərimi bir-bir çıxaranda birdən dayanıb nəfəsimi tutdum. Dəftərçəm yox idi. Məktəbdə qalmışdı…

Bir anlıq içimdə qəribə bir narahatlıq yarandı. Axı o, sadəcə dərs qeydləri üçün deyildi. Orada şəxsi fikirlərim, heç kimlə bölüşmədiyim düşüncələrim vardı. Kimsə onu açıb oxusa?..

Bu fikir beynimdə dövrə vurdu. Dəftərçənin indi harada olduğunu, kimin əlinə keçdiyini bilmirdim. Amma bildiyim bir şey vardı – onu tapmalı idim. Və sabah məktəbə getmək üçün tək bir səbəbim var idi.

Sabah oldu. Məktəbə gedən yol hər zamankından daha uzun, daha yorucu görünürdü. Düşüncələrim bir an da olsun sakitləşmirdi. İçimdə qəribə bir gərginlik vardı. Sinfə girən kimi ilk işim sinif yoldaşıma yaxınlaşmaq oldu.

        Dəftərçəmi görmüsən? – soruşdum.

O, bir anlıq fikirləşib dedi:

        Sən gedəndə səni çağırdım, amma artıq çıxmışdın. Mən də partanın üstünə qoydum. Deyəsən, heç kim oxumayıb… amma dəqiq bilmirəm.

Ürəyim daha da sürətlə döyünməyə başladı. Deyəsən… Amma bəs, ya oxuyan olubsa? Axı orada elə şeylər var idi ki, heç kim bilməməliydi.

Son bir neçə gündə nələr baş verdiyini düşündüm. Əvvəl qələm, indi dəftərçə. Bu sadəcə əşyalar deyildi. Xatirələrim idi, düşüncələrim idi, mənim bir parçam idi.

Yenə sıxıcı bir gün keçdi. Dərslər, eyni üzlər, eyni yorğunluq. Heç nəyə marağım yox idi. Evə çatanda anam artıq süfrəni açmışdı, isti yeməklər masanın üzərində idi. Amma içimdə elə bir gərginlik vardı ki, heç nə yemək istəmirdim.

Çantamı bir kənara atıb, yatağa uzandım. Gözlərimi yumub bir anlıq hər şeyi unutmaq istəyirdim. Bəlkə də, yuxu məni bu yorğun düşüncələrdən qurtarardı.

Elə gözlərimi yummuşdum ki, anamın səsi gəldi.

        Gəl yemək ye.

Gözlərimi sıxıb, dərin bir nəfəs aldım. Ayağa qalxmaq istəmirdim. Amma bilirdim ki, getməsəm, suallar bitməyəcək. Məcburən ayağa qalxdım və otaqdan çıxdım.

Mətbəxdən ucadan səslər gəlirdi. Dalaşırdılar. Kim haqlı idi, nə üstündə idi, bilmək belə istəmirdim. Bunlar artıq məni təəccübləndirmirdi. Hər şey əvvəlki kimi idi.

Sakitcə yerimə oturdum, yeməyimi qarışdırmağa başladım. Alışmışdım bu səslərin içində yemək yeməyə. Necə ki, küləyə alışır insan, necə ki, qaranlığa… Eyni idi, dəyişməz idi.

Bir qaşıq aldım, dad yox idi. Bir az duz səpdim, amma yenə fərqi olmadı. Elə bil, yemək boş idi. Sadəcə bir vərdiş kimi yeyirdim. Nə qədər çalışsam da, heç nə dəyişmirdi.

Yarımçıq qoyub qalxdım. Yenə otağıma qayıtdım. Yenə öz dünyama, öz xəyallarıma… Orada heç olmasa, hər şey mənə aid idi.

Bir gün daha belə bitdi. Sabah yenə məktəb yolu, yenə eyni dəhlizlər, eyni üzlər. Deyəsən, bir müəllimlə şagird arasında anlaşılmazlıq olmuşdu. Səs-küy var idi. Amma mənə nə? Onsuz da bunlar hər gün olurdu.

Sinfə daxil olub yerimdə oturdum. Gün necə başlamışdısa, elə də davam edirdi. Amma bu dəfə bir fərq vardı. Müəllim gəlməmişdi, yerinə başqa biri dərsi keçirdi. Çox yaşlı deyildi, orta yaşlı, amma baxışlarında qəribə bir diqqət vardı.

Birdən mənə tərəf dönüb soruşdu:

        Sən nə düşünürsən?

Bir anlıq nə deyəcəyimi bilmədim. Sadəcə üzünə baxdım.

Müəllim bir az da yaxınlaşıb davam etdi:

        Sənin üzündən heç nə oxuya bilmirəm. Donuq baxışların var. Heç nə anlamıram.

Sinifdə sükut yarandı. Sanki hamı bir anlıq nəfəsini tutub bu anı izləyirdi. Mən isə sadəcə baxırdım. Donuq, boş… O, məndən cavab gözləyirdi, amma mənim verəcək heç bir cavabım yox idi.

Dərsə davam etdi. Sanki heç nə olmamış kimi danışırdı, izah edirdi, yazırdı. Amma mənim beynimdə onun dediyi sözlər fırlanırdı.

Dərs bitdi. Uşaqlar çıxmağa hazırlaşanda müəllim adımı çəkdi. Hamı gedəndən sonra mən yerimdə qaldım. O, sakit addımlarla yaxınlaşıb qarşımdakı partaya söykəndi.

        Niyə baxışların belə boşdur? – soruşdu.

Cavab vermədim. O, davam etdi:

        Digər uşaqlara baxanda ən azından bir duyğu qırıntısı görürəm. Kimi dərsə qulaq asır, kimi yatmaq istəyir, kimi sevgilisini düşünür. Amma sən… sənə baxanda gözlərindən heç nə oxuya bilmirəm.

Bu sözlər içimdə nəyisə qırdı. Amma qırılan şey nə idi, özüm də bilmirdim.

Bir neçə saniyə susdum. Sonra gözlərimi yerə dikib sakitcə dedim:

        Hamıdan zəhləm gedir. İnsanlardan.

O, gözlərini çəkmədən məni izləyirdi. Amma artıq heç bir şey demədim. Sadəcə susdum.

Müəllim məndən nəyisə almağa israrcı idi. Baxışlarında qəribə bir səbr və eyni zamanda tələskənlik vardı. Sanki bir cavab gözləyirdi, ya da məndə nəyisə oyatmağa çalışırdı.

Birdən dedi:

        Ananı sev. Bir kitabda oxumuşdum, anasını sevməyən heç kimi sevə bilməz.

Bu sözlər içimdə soyuq bir dalğa kimi yayıldı. Nə deməliydim? Doğrudanmı elə idi?

Cavabsız buraxıb sinifdən çıxdım. Addımlarım dəhlizdə səssizcə əks-səda verirdi.

Evə qədərki tanış yol, tanış küçələr, tanış qapılar… Amma bu dəfə düşüncələrimdə başqa bir şey vardı. Həqiqətən, insan sevməyi ilk anasındanmı öyrənir?

Evə çatana qədər beynimdə eyni suallar fırlanırdı. Amma heç bir cavab tapmırdım.

Evə çatdım, yenə nahar süfrəsi açılmışdı. Hər şey eyni idi. İsti yeməklər, tanış qoxular. Oturub yemək yeməyə başladım. Amma bu dəfə fərqli idi.

Yeməyin dadını hiss edirdim. O istilik... Dilimdə qəribə bir hiss oyatdı. Sanki illərdir unutduğum bir şey yadımda düşürdü.

Yeməyi bitirib ətrafıma baxdım. O, qarşımdakı stulda oturmuşdu. Hər zamankı kimi. Amma bu dəfə ilk dəfə olaraq üzünə diqqətlə baxdım.

Gülümsədim. O da üzümə baxdı. Amma bir şey demədi.

Otağıma qalxdım. Yatağa uzandım. Gözlərimi yumdum. Düşüncələr beynimdə sakitcə əriyirdi. Və yavaş-yavaş yuxu məni apardı.

Birdən diksindim. Qapım bərk-bərk döyülürdü. Sanki qapımı qıracaqdılar.

Ayağa qalxdım, hələ də yarıyuxulu idim. Qapını açdım. Şok olmuşdum. Qarşımda mən dayanmışdım.

Gözlərim qarşımdakının üzünü, duruşunu, baxışlarını incələyirdi. Amma heç nə başa düşə bilmirdim. Əllərində bir parça torba var idi. Heç nə demədən yerə atdı.

Bir anlıq donub qaldım. Sonra əyilib torbanı götürdüm. Əllərim titrəyirdi. Açdım. İçində itirdiklərim vardı.

Ən sevdiyim qələmim. Dəftərçəm. Saatım. Antika qəpiyim. Döş nişanım. Və daha neçə-neçə bir vaxtlar mənə aid olub sonra qeybə çəkilən şeylər. Hamısı torbada idi.

Başımı qaldırıb qarşımdakı özümə baxdım. O, sakit və qərarlı idi. Sanki artıq hər şeyi bilirdi.

Sonra dodaqlarını tərpətdi və bir cümlə dedi:

        Mən əslində sənəm. Hamının sevdiyi sən. İtirdiyin sən.

Hər söz bir daşa çevrilib içimə düşürdü.

        Bəzən elə bir kitab oxuyarsan ki, bitirdikdən sonra əvvəlki insan ola bilməzsən. Və bəzən elə bir şey itirərsən ki, artıq əvvəl sevdiyin qədər həyatı sevə bilməzsən. Sevdiyin şeyləri əvvəl-axır itirəcəksən, – dedi. – Fəqət sonunda sevgi başqa bir surətdə geri dönəcək.

Və o getdi. Mən isə torbanı əlimdə sıxıb qaldım.

 

“Ədəbiyyat və incəsənət”

(26.03.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.