Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi
Azərbaycan Ədəbiyyat Fondununtəşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu günsizlərə Leyli Xiyavlının şeirlərini təqdim edəcəyik.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihəmiz davam edir.
I.
Arıtladım ürəyimi
Çölə atdım "onu", "səni".
Qidalandım öz sevgimdən
Yavaş-yavaş sevdim "məni".
Çoxdan idi tək qalmışdı,
Mənim tərkimi qılmışdı,
"Sən", "məni" məndən almışdı,
Yavaş-yavaş sevdim "məni".
Heç bir şair öz ömründə -
"Məni" sevmədi şeirində,
Day qalmadım "sən" sehrində,
Yavaş-yavaş sevdim "məni".
"Ramiz" sevdi özgəsini,
Taxdı onun bəlgəsini,
Keçdim eşqin döngəsini,
Yavaş-yavaş sevdim "məni".
Düz ömrümün yarısında,
Sevgililər sırasında,
İki daşın arasında,
Yavaş-yavaş sevdim "məni".
II
Əlində bir dəstə qara tikanla,
Geyimli-keçimli önümdə durur.
Ölüm, ən qorxulu boyla, buxunla,
Mənə sevgisini önəri verir.
Bir xeyli fikirə dalıb, görürəm,
Əbədi dincliyim onunla olur.
"Hə" deyib, könlümü ona verirəm,
Yayılır tənimə, ruhum durulur.
Ölüm çılpaq edir köksümü birdən,
Çıxardır əynimdən son nəfəsimi.
Mənə hiclə qurur qaranlıq yerdən,
Hovxurur üzümə, boğur səsimi.
Düşür sümüyümə ağı çalğısı,
Süzürəm ölümlə "Uzun dərə"ni.
Onun bundan belə yoxdur qayğısı,
Bilir, mənim qədər olmaz sevəni.
Bu dünya yaşamı tam qara-qançır,
Əbədi yaşamı sevib seçirəm.
Yerin, bir qəbirlik dodağı qaçır,
Bilir, torpağına gəlin köçürəm.
III.
Yuxulamış xəyalının
Üstünü örtürdüm...
Ayıldı...
Yapışdı yaxamdan.
IV.
Ürəyim...
Sevgindən...
Yadırğamasın deyə...
Hər an...
Xatirələrini tamsınır.
V.
Hava limanıdır hərcayi könlün,
Birisi qalxarkən, birisi enir.
Ağ-qara, yaxşı-pis fərq etməz sənə,
Onların hamısı canına sınır.
Gözünün ipini boş buraxıbsan,
Gəzir ortalıqda, doymadan baxır.
Yalandan, özünü yuyub arıtma,
Kirli baxışından lehmələr axır.
Sənin vücudunda ağlın, ürəyin,
Sürüşüb düşübdü aşağı yurda.
Onları şəhvətə kölə edibsən,
Belə tapşırıbsan qoyunu qurda.
Bir nimdaş paltardır sevgi sözlərin,
Hər dönə birinə yaraşdırırsan.
Murdar yalanları, yazıq qızların -
İpək ruhlarına daraşdırırsan.
Bir qızı "sevirəm" deməkdən öncə,
Dəstəmazlı olsun könlün, gözlərin.
"Həyyi əla təmiz sevgi" söyləsin -
Yaraşıqlı, dadlı-duzlu sözlərin.
“Ədəbiyyat və incəsənət”
(26.03.2025)