“Sözün şəklini çəkirəm” – İsmayıl İmanzadənin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının növbəti şair qonağı Mingəçevirdəndir, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadədir.

İmanzadə İsmayıl Səlim oğlu Cəbrayıl  rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1980-ci ildən indiyə kimi otuz kitabı  nəşr olunub. 1993-cü ilin noyabr ayından müvəqqəti olaraq Mingəçevirdə məskunlaşıb.

 

 

ANA VƏTƏN SƏNİNDİR
Ulu Tanrıdan cəmi şəhidlərimizə

 qəni-qəni rəhmət diləyirəm!

Şəhidim, əhsən sənə,
Vətənə bəxş etdiyin
Zəfərin nə gözəlmiş!
Yurd amalınla birgə
Şəhid ucalığından
Tanrının dərgahına
Səfərin nə gözəlmiş!

Könlümüzü oxşadı
Yenilməz hünərindən
Soraq verən hər anın.
Gəzdi dildə-ağızda
Torpağın sinəsinə
Al qanınla yazdığın
Qəhrəmanlıq dastanın...

Bu müqəddəs savaşda
Düşmən bağrı çatladan
Cəsarətinə alqış!
Nəsillərə nümunə -
Ülvi Vətən eşqinə,
Saf niyyətinə alqış!

Şəhidim, ölümünlə
Dönüb ölümsüz oldun,
Qazandığın bu halal
Şöhrət, ad-san sənindir!
Haqqın var zaman-zaman
Əbədi yaşamağa,
İndi hamıdan qabaq
Uğrunda can verdiyin
Qarabağ, Ana Vətən -
Azərbaycan sənindir!
                       09.12.2020

     

 GƏLDİM

 

Dünyanın hər üzünə

Olmadm halı, gəldim.

Nə atlı, nə dəvəli,

Nə barxanalı gəldim.

 

Şaxtalı qışı gördüm,

Qarı-yağışı gördüm.

Eniş-yoxuşu gördüm,

Dolandım yalı, gəldim.

 

Təzə arzu-həvəsdim,

Yaşamağa tələsdim.

Zülmət qarşımı kəsdi,

Azmadım yolu, gəldim.

 

Üstümə yağanda daş,

Bildim nədir cəng-savaş.

Dünyaya əlləri boş,

Ürəyi dolu gəldim.

                       03.06.2020

 

ALDATMA ÖZÜNÜ, BU SEVGİ DEYİL...

 

Ötəri istəyin üstə azca əs,

Əgər bu sevgiysə, közü hanı bəs?

İsitməz ürəyi hər yersiz həvəs -

Aldatma özünü, bu sevgi deyil.

 

Bulanıq su kimi durulmaz axsa,

Bir çiçək bitirməz min il də yağsa.

Ruhunda bir leysan havası yoxsa -

Aldatma özünü, bu sevgi deyil.

 

Küləksə, hər səmtə əsən de, ona,

Ömürdən günləri kəsən de, ona.

Sevgidən başqa nə desən de, ona -

Aldatma özünü, bu sevgi deyil.

 

Gözləmə, gümanın axırı olmur,

Həsrətin yüngülü, ağırı olmur.

Belə sevdaların axırı olmur -

Aldatma özünü, bu sevgi deyil.

 

         

 GƏLİRƏM

Halallıq ver gedim, Kürüm,

Gözləyir Qurbanim, Pərim.

Xudafərin nazlı Dirim –

Araz ünvanlım, gəlirəm.

 

Ulu Tanrım verdi aman,

Xar oldu savaşda “yaman”.

Haqq evim Hacı Qaraman –

Səbri gümanlım, gəlirəm.

 

Cəbrayılım - ata elim,

Açıq alnım, “uzun” dilim.

Sona çatıb ta nisgilim –

Şərəflim-şanlım, gəlirəm.

 

Teyim, Qalam, Ziyaratım,

Şanım-şöhrətim, urvatım.

Büllur Kəhriz toy-büsatım –

Tarım-kamanlım, gəlirəm.

 

Yovşan ətirli Gəyənim,

Ərəni-mərdi öyənim.

Geriyə qayıt deyənim –

 Düşmənlə qanlım, gəlirəm.

 

Tumasatam, Ağoğlanım,

Ta sızlamaz bir də canım.

Gordubabam, adım-sanım –

Yazı dumanlım, gəlirəm.

 

Əsiri olmadım yadın,

Damağımda qalıb dadın.

Dilimdən düşməyib adın –

Böyük Mərcanlım, gəlirəm.

                     08.01.2021

 

АNАMIN ƏLLƏRİ

 

Аnаmın əlləri tоrpаğа bənzər,

Ömrümün dil аçаn hər izi оrdа.

Еlimin-оbаmın dоlu ürəyi,

Yurdumun gеcəsi, gündüzü оrdа.

 

О, yоlum üstündə günəştək yаnаr,

Оnsuz nеçə аrzum qаlаr yаrıdа.

Bu kövrək əllərdən zəmi bоylаnаr,

Sünbültək dən tutаr bаrmаqlаrı dа.

 

Bu əllər düzlüyə, sаflığа аrха,

Niyyəti su kimi durulаr оnun.

Çətin ki, zəhmətdən çəkinə-qоrха,

Çətin ki, ümidi qırılа оnun.

 

Аnаmın əlləri tоrpаğа bənzər,

Hər təzə addımım, hər  izim оrdа.

Bаrlı tаrlаlаrım, ulu dаğlаrım,

Kükrəyən çаylаrım, dənizim оrdа.

 

Qəzəbdən düyülər dаrdа-çətində,

Yadların önündə аçılаn dеyil.

Yаşаmаq еşqi vаr əzəmətində,

Bu əllər hеç zаmаn kiçilən dеyil.

                                      

 

GƏLİRƏM, TORPAQ, GƏLİRƏM…

 

Halal duzum-çörəyimsən,

Saf niyyətli ürəyimsən.

Basılmayan kürəyimsən

Bilirəm, torpaq, bilirəm!

 

Havam-suyumsan bir udum,

Eşqin tükənməz umudum.

Yadında qalıbmı adım,

Gəlirəm, torpaq, gəlirəm!

 

Şipşirin avazam, səsəm

Yamyaşıl arzu-həvəsəm.

Kəfənim ol, nə vaxt desəm,

Ölürəm, torpaq, ölürəm!

             01.01.2025

 

SÖZÜN ŞƏKLİNİ ÇƏKİRƏM

 

Kipriklərim  “fırça” imiş,

Sözün şəklini çəkirəm.

Gözlərimdə şölə saçan

Közün şəklini çəkirəm.

 

Günlər keçir bir an kimi,

Səbrim sönmüş vulkan kimi...

“Çoxdan” əlim çıxan kimi

“Azın” şəklini çəkirəm.

 

Arzu, ümid qol-budağım,

Kəlmələrim buğum-buğum.

Könlümdə gəzib tapdığım

Yazın şəklini çəkirəm.

 

Boş görəndə əllərimi,

Gəzirəm “əkin” yerimi.

Səsləyib ilham pərimi

Nazın şəklini çəkirəm.

                   17.01.2025

       

GƏL

(Şair dostum Əbülfət Mədətoğlunun

təbirincə desəm,-bir qadına...)

 

Şahiddir o çığır, iz

Yad deyildik axı, biz...

Özgə səmtə tutma üz,

Gəl, hamıdan öndə, gəl!

 

Susub qalma daş kimi, 

Dön geri, sirdaş kimi.

Gəlsən, qaranquş kimi

Yazın çəhlimində gəl!

 

Vaxt yeyin, ömür qısa,

Dön ən şirin avaza.

Geciksən, heç olmasa

Ya səsdə, ya ündə gəl!

 

Nur saçanda gülüşün,

O xoş günləri düşün...

Əgər çoxdusa işin,

Demirəm ha... gündə gəl!

 

Lal həsrət ömrün yükü,

Sənsən ürəyimdəki...

Gec qayıtsan da təki

Qəm-qüssədən gendə gəl!

 

Yalqız qaldığım yerdə

Eşqin məlhəmdi dərdə...

Nə görmüsən şəhərdə,

Kəndə gəl ey... kəndə gəl!

       30.01.2025

 

 DEMƏ

 

Ömrüm boyu yan keçsəm də axından,

Hər yetəni tanımadım yaxından.

Əcəl gəlib yapışanda yaxamdan,

Tez ol, ölüm şərbətini iç,-demə.

 

Dost bildiyim ürəyimi sındırıb,

Həyat məni “döyə-döyə” qandırıb.

Öz əlinlə körpüləri yandırıb

Mənə, namərd körpüsündən keç,- demə.

 

Bu gedişin əyrisi nə, düzü nə,

Tamarzıyam məhəbbətin közünə.

Saf eşqimin kül üfürüb gözünə,

Özün gedib öz tayını seç,-demə

 

Gözlərimdə şimşək kimi çaxmısan.

Necə deyim durulanda axmısan?

Bir vədələr axırıma çıxmısan,

Baxışların qatil imiş heç demə...

           05.02.2025

 

 HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA...

 

Hər gecə ölürəm yuxularımda,

Hər səhər təzədən dirilirəm mən.

Könlümdə çağlayan duyğularımda

Çalxana-çalxana duruluram mən.

 

Qəm-qüssə çiynimdə qara tabutum,

Zülmətdən qaçıram al günəş kimi.

Saflıq axtarıram hərdən bir udum,

Sınağa çəkəndə illər qəlbimi.

 

Həyat dözlərimdə yarımçıq yuxu,

Ovulub içimdə səsim, harayım.

Gedən köç qayıtmır... onu mən axı,

Necə soraqlayım, harda arayım?!

 

Anlar ötüb keçir lal kimi səssiz,

Kövrək xatirələr yolur “saçını”.

Taleyin hökmüylə titrəyəndə diz,

Hər sual qurulan dar ağacımı?..

 

Köksümdə nisgilin şırımı dərin,

Xəyalım sabaha üz tutan cığır.

Gözümdən yayınıb itən illərin

Tüstüsü hələ də başımdan çıxır...

      21.01.2025

      

NЕCƏSƏN

 

Sаlаm, yаmаclаrın yаşıl tаlаsı,
G
еtsəm оdun-közün kimə qаlаsı?
Gəlirəm... yoldayam
а dаğ lаlаsı -
Mənim al yanaqlı qızım, n
еcəsən?

 

Ruhumа dоğmаdır kаmаn dа, nеy də,

Аh çəkdim, buludlаr titrədi göydə.
Y
аyın оrtаsındа, qаrlı quzеydə -
Gözləri q
аmаşаn, buzum, nеcəsən?

 

Sənət mеydаnındааslаnım, şirim
Ust
аd Ələsgərim, Dədə Şəmşirim.
Sənət aləmində
оcаğım-pirim -
Аy durnа bоğаzlı sаzım, nеcəsən?

 

Çəmənə dаd vеrən, şеhli çiçəklik,
Y
ахın gəl, qəlbimi üzməsin təklik.
Еşqindən dəliyəm, хınаlı kəklik -
D
еyimmi, şəkərim-duzum, nеcəsən?

 

Dərə zülmət quyu, yохuş pilləkən
Kimdir y
аmаcdаkı dаşlаrı “əkən”?
Nərgizin şəklini q
аr üstə çəkən -
Novruzum,
хоş gördük, yаzım nеcəsən?..
                                  

 

QORXMA, MƏLƏKDİ GƏLƏN

 

Tanrıdan yoxsa əlac,

Dərddən ha gizlən, ha qaç.

Qollarını geniş aç -

Arzu-diləkdi gələn.

 

Hər saralan dən deyil,

Bəxt adam sevən deyil.

Bəlkə heç kəfən deyil -

Bəlkə bələkdi gələn?

 

Sel gəlsə, demə arx var,

Təpədən qabaq dağ var.

Hələ yağışa çox var -

Hələ küləkdi gələn.

 

Gedənlər dönməz geri,

Bu bir ilahi sirri.

Ölümün üstə yeri -

Qorxma, mələkdi gələn.

                  

                

 SÖZ

 

Avazıdır ötüb keçən hər anın,

Heç vaxt gizli saxlamayıb ünvanın.

Qobustanda daş köynəkli dastanın,

Mürgüləyən yaddaşında sirdi, söz.

 

Sədasıymış torpağın da, daşın da,

Şəhiddi, qazidi yurd savaşında...

Saxlamışam ürəyimin başında,

Dəyərlidir sərraf olan yerdə söz.

 

Hər şah beyti çiçək kimi təzə-tər,

“Bəsləsən” sal daşın üstə də bitər...

Öz qınına tez çəkilər qəm-kədər,

Məlhəm kimi yaxılanda dərdə söz.

 

Halallığı açıq alnım, ağ üzüm,

Hər misrası göz oxşayan bir düzüm...

Nə yaxşı ki yaddaşında var izim,

Həmdəmimdi qələm-kağız, bir də söz...

      25.04.2024

              

 BƏLKƏ...

 

Duman qan-qadalı qaranlıq kaha,

Bəzən bir parça daş, zərdən də baha.

Nədənsə gecikib qalmır sabaha -

Zülmət bir gecəlik qonaqdı bəlkə?

 

Özgə aləmi var yazın, qışın da,

Hakimdir gözlə qaş, ər savaşında.

Şimşək qara buludların başında -

Çatlayan odlu bir çanaqdı bəlkə?

 

Sal daşlar yamacın köhnə başmağı,

Külək təbiətin əsib coşmağı.

Sübh çağı, həyalı qadın yaşmağı -

Dan yeri qızaran yanaqdı bəlkə?

 

Can sızlar nahaqq qan tökülən yerdə,

İnsanlıq möhtacdır ərənə-mərdə...

Tanrı bəxş edibsə, şükr elə dərdə -

Bu da bir imtahan, sınaqdı bəlkə?..

                  06.05.2024

   

 “Ədəbiyyat və incəsənət”

(25.03.2025)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.