Şəlalə Rəhimli (Rəhimova Şəlalə Adil qızı) 02 iyul 1992-ci ildə Ucar rayonunda dünyaya gəlib. Çoxdan tanıyıram onu... Şair var, yazdıqlarıyla sevirsən, sonra özünü tanıyırsan, yazdıqları da sənə yadlaşır... Şəlalə isə tanıdıqca, bir addım daha yaxınlaşdıqca, yazdıqlarıyla doğmalaşdığım insanlardandır.
Şeirləri mütəmadi olaraq dövri mətbuatda çap olunur.
Şəlalənin şeirlərini rəssamlığın kubizm janrına bənzədirəm həmişə... Kəskin xətlər, ölçülər və o ölçülərin içindəki sərhədsizliklər...
İstəyirəm, onun şeirlərini hamı oxusun...Ən azından, şairlər oxusun... Hamımızın ölçülərimiz və sərhədsizliyimiz var axı...
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”
***
Qonşuya duz dalınca,
Yoxsa quzu qaytarmağa
göndərmisən uşaqları, İlahi?
Uzatdığı saqqız qədər tanıyırdı uzağı,
Qolundakı diş yeriylə ölçürdü vaxtı...
Çərpələngə ad qoyurdu: “Qaranquş”...
Parabüzən axtarırdı göndərə pay dalınca:
“Uç-uç baba, get gətir payımı... Uç!”
Dağ çayında yuyurdu ayaqlarını,
Moruq ləkəsinə qatırdı
Cızılan barmağının qanını...
Hər şeyi səndən istəyən,
Küsməyi-barışmağı bir oyunluq çəkən
Uşaqları hara göndərdin, İlahi?
Göstər getdikləri yeri...
Bu ömrü yanlış gəldik,
Qayıdaq geri...
***
Oxuduğum bir kitabdaydı,
ya da baxdığım bir filmdə;
sənə baxmaq ibadət imiş eşqə…
…Çiyninə baş söykəmək dua,
Dərdindən gülməmək oruc tutmaqmış…
Bunları öyrəndim…
Ağlımın yetmədiyi,
əlimin çatmadığı bircə sirr var:
bu qədər mavi,
bu qədər azad,
bu qədər əngin olmağı
necə bacardın axı?
Bir də…
Niyə filmlər və kitablar
Sənə mənə danışmır?
Demirlər: bir dəli sənsiz darıxır?!
***
Böyüyürdüm…
Dinləyirdim
Həyatdan bəhs edən nağılları…
Düşürdü deyirlər “üç almalar”;
Doyurmurdu həyata dair xəyalları…
Sonra öyrənməyə başladım
Sevməyi, sevinməyi,
Gülümsəməyi, qəmlənməyi,
Və yağışda rəqs etməyi,
Və ovcumdakı damlaya bir dua pıçıldayıb
Gül kökünə göndərməyi…
Bir səhər günəşdən öncə oyandım,
Ovcuma göndərdi saçaqlarını…
Yapışdım saçağından günəşin
Qaçdım yaşıllığın ətrinə sarı…
Bir simitlə mən də doydum, göyərçinlər də…
Bir udumluq sevinc oldu pambıq şəkəri…
Öyrəndim həyata dair hər şeyi;
Kiçik, saysız xoşbəxtlikləri…
“Ədəbiyyat və incəsənət”
(25.03.2025)