Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
-Uduzduğumuz bir günün daha sonundayıq... Amma kimə desən ki, “ömrü uduzuruq”, inanmaz.
Belə demişdi bir küçənin tinində dayanan qoca. Onda axşam idi, elə indi də axşamdır. Onda ümidləri rəngli idi, elə indi də sabaha bir ürək ümid aparır özüylə.
Yolu harada şeirlə kəsişdi, unutmuşdu. Bəlkə elə o küçənin tinində? Bəlkə elə dünən? Ya bəlkə zamanın özünü ölçməyi unutduğu bir yerdə?
***
Qərb lirik şeirinin ilk qadın müəllifi sayılır Safo. Öz dövrü üçün varlı idi. Və yazırdı:
Tanrı övladı altın,
Nə qurd gəmirə bilir altını, nə güvə;
İnsan ürəyindən daha dözümlü...
Ürəyi bu qədər adiləşdirmişdi Safo. Amma Şərq... Ah, Qoca Şərq! Ürəyi heç vaxt adiləşdirmədi, əksinə, ürəyi qaldırıb qoydu hər şeydən-başımızdan da yuxarı. Şərq şairi başını yuxarı qaldırıb ürəyinə baxdı... Orada idi nəyi var - nəyi yoxdursa. İnsanın ürəkdən başqa nəyi var ki?!
Əlləri ürəyinə uzalı qalan Şərq şairi Zülfiyyə Yaqub deməliydi ki: “Ömrü bilmirəm, özümüzü ürəyə uduzuruq duyğu masasında...” Və yazmalıydı o nağılı- “Yelləncək nağılı”nı.
Bu bir yelləncək nağılı-
Göy üzündən asılıb.
Yazıldıqca hekayələr,
Yaşandıqca ömürlər,
İpləri hər gün bir az,
Bir az daha qısalıb.
Danış, danış, yelləncəyim,
Yenə sevgi nağılı...
Yatmış gözəl yuxusundan
Şirin-şirin oyansın.
İp üstündə evcik qurub,
Həyat oyunu oynasın.
Sən yellənə-yellənə
Göy üzünə çatdıqca,
Nağıl dili yüyrək olar,
Arzular da rəngarəng.
Yorulub geri döndükcə
Bəyaz atlı şəhzadələr,
Xəyallarım göy üzündə
Gözdən itən çərpələng.
“Ədəbiyyat və incəsənət”
(24.03.2025)