HƏVƏSKAR YARADICILIĞI – Xatirə Kərimova, “Taxta qaşığın hekayəsi” Featured

Rubrikanı təqdim edir: Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi

 

Bu gün sizlərə təqdim etdiyim Xatirə Nəsrullah qızı Kərimova 1968-ci il dekabr ayının 6-da Şəki şəhərində anadan olub. Orta təhsilini 1976-1986-cı illərdə Şəki 10№-li orta məktəbdə alıb. 1989-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub, 1996-cı ildə həmin universiteti pediatr ixtisası ilə bitirib. Həmin ildən Şəki Tibb Kollecində həkim-müəllim vəzifəsində işləyir.

Hekayələrində həyatın özünü yazır; rəngarəngliyi və bozluğu, şənliyi və kədəri ilə... 

 

Taxta qaşığın hekayəsi

 

Bacarıqlı əllər taxta parçalarına  quruluş verib yonaraq sığal çəkdi, hamarladı, qaşıq düzəltdi-taxta qaşıq. Naxışlarla da bəzədi onu. Sonra satışa çıxardı. Piştaxtanın üstünə qoyulan ağappaq, yaraşıqlı taxta qaşığa ötüb keçənlər laqeyd qala bilmədilər. “Necə də qəşəngdir!” deyə oxşadılar və tərəddüd etmədən aldılar. Çünki qiyməti də dəmir, gümüş qaşıqlardan çox-çox sərfəli idi.

Mətbəxə gətirdilər taxta qaşığı, bir ilgəkdən asdılar. O da sakitcə sallanıb başqa qaşıqların işinə tamaşa etməyə başladı.

Dəmir qaşığı qaynar xörək qazanının içinə salıb qarışdırdılar. Qarışdırdıqca qaşıq haray saldı, “danq-dunq” edərək gördüyü işi aləmə bəyan etdi, hünərindən danışdı. Qazanın dibini də cızaraq “mən buralarda olmuşam” anlamına gələn dəsti-xəttini qoydu.

Əllər dəmir qaşığı unudaraq qaynar qazanın içində saxladı. O da hikkəsindən qızaraq qazanı qarışdıranın əllərini yandırdı. Əllər “sən məni lap təngə gətirdin” deyərək dəmir qaşığı atıb, taxta qaşığı götürdü və qazana saldı.

Taxta qaşıq səs, haray salmadan sakitcə öz işini gördü. Nə qazanın dibini cızdı, nə də qarışdıranın əlini yandırdı, çünki heç qızmadı da. Əllər həmişə ondan razı qaldı.

Beləcə, zaman keçdi. Taxta qaşıq öz həyatını yaşamaqda davam edirdi. Heç kimi harayı ilə yormur, heç kəsin əlini yandırmırdı. Bəli, heç nə dəyişməmişdi. Hər şey əvvəlki kimi idi. Dəyişən isə yalnız taxta qaşığın yaraşıqlı görüntüsü idi. Qaynar qazanlar yandırıb qaraltmışdı onu. Əvvəlki halından əsər-əlamət də qalmamışdı. Hətta bir gün davam gətirə bilməyib çatladı da. O zaman onu mətbəx üçün yararsız hesab edib görüntüsünə ağız büzərək divar sobasının yanındakı quru odun parçalarının üstünə atdılar.

Qış gəlmişdi. Əllər soyuqdan üşümüş, barmaqlar donmuşdu. Sobadakı nəm odunların zəif istisi əlləri isitmirdi. O zaman qapqara qaralmış, qurumuş taxta qaşıq gözə dəydi. Əllər cəld onu götürdü, sobaya atdı. Oda düşən kimi alovlanan qupquru taxta qaşığın istisi əlləri isidərək barmaqlarının göyərmiş rəngini çəhrayı ilə əvəz etdi. Əllər xoş bir duyğu ilə təsirləndi. Həyatı tədricən zəifləyən alov dilimləri ilə tamamlanmaqda olan taxta qaşıq isə heç nədən şikayət etmir, son mövcudluğunda yenə əllərin sahibinə yararlı olmaq xoşbəxliyi ilə yaşamına “əlvida” deyirdi.

Əllər kiçik taxta parçalarını yonaraq sığal çəkir, qaşıq düzəldirdi - yaraşıqlı, yararlı taxta qaşıqlar. Qarşıda onları o taxta qaşığın taleyi gözləyirdi.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.