Şirin (dil) bir xatirətək – QULU AĞSƏS YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin “Şirin (dil) bir xatirətək” adlı yazısını təqdim edir. Yazı mərhum tənqidçi Şirindil Alışanovun xatirəsinə həsr edilib.

        

Tənqid – ədəbiyyat mozaikasında ayrıca pazldır.

Bu pazl yerinə oturmayanda  mənzərə dəyişir.

Onda məcbur olub pazlı pazlla çıxarırlar.

Yəni tənqidi tənqid edirlər.

Bəzi tənqid(çi) şeiri (nəsri) tanımır, bəzisi şairi (nasiri).

Onlara sözümüz olmaz.

Bəzi tənqid(çi) şeiri (nəsri), şairi  (nasiri) görməzdən gəlir.

Onlara da sözümüz yoxdur, ehtiyat elədikləri, umduqları qələm sahiblərindən kitab bağlayanlara da. Heç onların da bizə sözü olmaz. Çünku nə "hörmət" eləyənik, nə də hay-küy salan!

Şirindil Alışanova isə sözümüz həmişə olub. Sağlığında deməsək də, barı indən sonra susmayaq. "Ulduz" jurnalının  bir nömrəsinin eksperti olanda yaxından tanıdım onu. Sözü yuxarıda tuta-tuta, həm də heç bir müəllifi aşağılamadan gənclərin yaradıcılığını təhlil elədi. Cəsarətli və intellektual rəy! Üstəlik, maarifçi! Zəng vurub təşəkkür elədim, qonorar üçün sənədini istəyəndə heyrətləndi, dedi, onu cavanlara yazın, ardınca da xoş bir zarafat...

Yeni yazılar göndərəsiydi, araya pandemiya düşdü, hamı bir müddət gizləndi sanki, camaat üzə çıxanda Şirindil müəllim dünyanın qapılarını biryolluq bağlayıb qeyb oldu. Amma nələrsə qoydu özündən sonra: özünəməxsus üslub, xarakter və əlbəttə, gözü-könlü toxluq!..

Bir də: Şirin(dil) bir xatirə...

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.