“Ulduzla Tanışlıq” - 3-CÜ BÖLÜM Featured

Aynur Ismayılova, “Ədəbiyyat və incəsənət”

 

Şəhər onun gözündə onu udmağa hazır olan bir əjdaha kimi idi. Geri qayıdacaq yolu da yox idi. İrəliləməkdən başqa çarəsi qalmayan Səma gücünü toplayaraq ayağa qalxdı. O, kövrək qəlbə sahib olsa da, cəsarətli, təmkinli olmağı bacarırdı. 

 

Bir yol tapacağına ümid edərək addımlamağa başladı. Bu qədər insanın içində ona kömək edəcək biriləri olacağını düşünərək yoluna davam etdi. Birdən qarşısında ona uzanan bir əl gördü. Özü yaşlarında, balaca, cılız, üst-başı pis vəziyyətdə olan bir qız Səmaya əl açaraq ondan yardım istədi:

- Allah rızası üçün mənə bir parça çörək almağa kömək et. Çox acmışam, kimsəm yoxdur.

O bu sözləri söylərkən gözlərindəki çarəsizliyi görməmək mümkün deyildi. Utandığından qarşısındakına baxmağa cəsarət etmirdi. Başını aşağı dikərək səssizcə gözləyirdi.

- Sənin adın nədir? Nə üçün dilənirsən- deyə Səma qarşısındakı dilənçi qızdan soruşdu. 

Qız yavaşca başını qaldırıb Səmaya baxaraq:

- Adım Ulduzdur. Mən... mən çox acmışam. Yemək alacaq pulum yoxdur.  Yenə başını aşağı salıb əllərini bərk-bərk sıxmağa başladı. Səma onun utandığını hiss edib dedi:

- Mənim çantamda biraz yeməyim var. Onu səninlə bölüşə bilərəm. Gəl, birlikdə oturub yeyək. Mən bu şəhərə indi gəlmişəm, heç yeri tanımıram, bəlkə sən mənə köməklik edə bilərsən...

- Mən də burda yeniyəm. Çox yeri tanımıram. Sənə necə kömək edəcəyimi bilmirəm.

- Eybi yoxdur. Gəl, sən qarnını doydur, sonra söhbət edərik.

Qız razılaşdı. Qabaqdakı skamyada əyləşdilər. Səma əlindəki yeməyi iki hissəyə ayıraraq Ulduzla bölüşdü. Ulduz yeməyi götürüb iştahla yeməyə başladı, sanki aylarla ac qalmışdı. 10-15 dəqiqə ərzində danışmadan yeməklərini yedilər. İndi özünü daha yaxşı hiss edən Ulduz əvvəlcə ətrafa, sonra isə Səmaya tərəf dönərək:

- Çox sağ ol, yemək verdiyin üçün. İndi bədənimdə biraz da olsa güc hiss edirəm.

Səma onun bu halına acıyırdı. Nə üçün bu halda olduğunu bilmirdi, ancaq bir çörəyə möhtac olmanın necə ağrılı bir hiss olduğunu indi daha yaxşı anlayırdı. Balaca qız nəzərləri öz üzərində hiss edərək:

- Sən nə üçün bura gəlmisən, harada yaşayırsan? Mənim sənə nə köməyim dəyə bilər?

- Mən bura uzaq bir dağ kəndindən gəlmişəm. Anamı axtarmaq üçün, ancaq onu bu böyük şəhərdə necə tapa biləcəyimi bilmirəm. Mən bura ilk dəfədir gəlirəm və heç yeri tanımıram, gedəcək kimsəm də yoxdur. Şəhər mənim təsəvvürümdə bu qədər böyük və qarışıq yerə bənzəmirdi. İndi bu qarışıqlıq, insanların çoxluğu məni daha da qorxudur. Sən bəlkə bu yerlərə bələdsən deyə mənə köməklik edə biləcəyini düşündüm.

- Mən də bir neçə gün əvvəl bura gəlmişəm. Sənin kimi mən də buranı ilk dəfə görəndə eyni hissləri keçirdim. Və mən də sənin kimi tək idim.

- Necə məgər? Sən də kimisə axtarmaq üçün gəlmisən?

Ulduz kədərli halda danışmağa başladı :

- Yox, mən anamla şəhərə iş axtarmaq üçün gəlirdim. Atam öləndən sonra biz kənddə yaşaya bilmədik. Dolanmaq üçün şəhərə gəlirdik. Anam atamın ölümündən sonra çox əzab çəkirdi. Bu halı qəbul edə bilmirdi. Hər gecə mən yatanda onun gizlincə ağladığını hiss edirdim. Son zamanlarda tez-tez xəstələnməyə başlamışdı. Bir gün qərar verdik ki, iş tapmaq üçün şəhərə gedək, bəlkə hər şey düzələr. Kənddə şəhərə gedənlərin hamısı yaxşı iş tapırdı və onlar qayıdanda əlidolu gələrdilər. Biz də burada hər şeyin yaxşı olacağına ümid edərək şəhərə gəldik. Anam qatarda gedərkən özünü pis hiss etməyə başladı. Heç nə olduğunu anlamadan gözlərimin önündə mənə baxaraq dünyasını dəyişdi. Və mən onu əbədi olaraq itirdim.Ulduz özünü saxlaya bilməyib ağlamağa başladı. Səma onu qucaqlayıb təsəlli verməyə çalışırdı:

- Ağlama, Ulduz. Hər şey yaxşı olacaq. Mən yanındayam. Biz birlikdə bir yol tapa bilərik. Biraz keçəndən sonra Ulduz başını qaldırıb Səmaya baxdı:

- Mənim artıq nə gedəcəyim bir yer, nə də məni baxacaq kimsəm yoxdur. Mən bura gəldiyim gündən küçələrdə qalmışam; kimsə mənə pul verməsə, mən yeməyə də heç nə tapa bilmirəm. Mənim 12 yaşım var və mənim işləmək üçün yaşım çox azdır. Axı bu necə olacaq? Bizə kim kömək edəcək? Sən işləyə bilərsən?

- Mən də səninlə eyni yaşdayam. Bizə kimsə iş verməz. Ancaq ətrafa bax, gör nə qədər insan var. Onlar bizə kömək edər, yolda qalmarıq. Mənim anam burada yaşayır. Mən onlardan xahiş edərəm ki, mənə anamı tapmaq üçün kömək etsinlər. Biz də onlar kimi insanıq. “Gərək ki, insanlar bir-birinə kömək etsinlər. O zaman bu şəhər və dünya gözümüzdə qorxulu bir yerə çevrilməz, əksinə daha güvənli və sevgi dolu bir yer olar.” Mən inanıram ki, insanlar bizə kömək edəcək. O zaman sən də bizimlə birlikdə yaşayarsan. Biz bir bacı kimi böyüyərik. Səmanın gözlərində bir ümid işığı parlayırdı. Ona bayaqdan diqqətlə qulaq asan Ulduz da bu işığın təsiri altında qəlbində közərən qığılcımları hiss etməyə başlamışdı. Bu kövrək qəlblərdə doğan ümid, mübarizə, həyat eşqi bəlkə də bütün dünyanı xilas edəcək bir gücə sahib idi. Onlar bir-birinə sarılıb, birlikdə olacaqlarına söz verdilər.

 Səma şəhərə gələndə, kənddəki sakit, tərbiyəvi mühiti burada görə bilməmişdi. Hər şey çox fərqli idi; insanlar, küçələrdə hərəkət edən fərqli nəqliyyat vasitələri, yaşayış binaları, mağazalar, demək olar ki, onun üçün yad təsir bağışlayırdı. Sanki nizam içində bir nizamsızlıq vardı. Və bu görüntü insanda narahatlıq doğururdu. Dəyişməyən yeganə şey isə onun dostu, dərd ortağı olan səması idi. O, yenə də buludların arxasında dayanıb dünyanı, yerdəki səmasını seyr edirdi. Səma bir tək onun dəyişmədən qaldığına sevinir, ürəyi biraz da olsa rahatlaşırdı:

- “Mənim əziz dostum, mənə yol göstər, yolumu aydınlat. Anamı tapmağım üçün mənə dua et. Sən mənim nə hiss etdiklərimi yaxşı bilirsən. Çünki biz dostuq, əbədi, sonsuzadək... Bir gün mən də sənin yanına gələcəm və biz birlikdə bu dünyanı yuxarıdan seyr edəcəyik. Bu çox gözəl səslənir, elə deyilmi? Bax! Mən özümə yeni yoldaş tapmışam. Adı Ulduzdur. Çox gözəl adı var. O da bir səmalıdı. Gecələr parlayar dünyamıza. İndi mənim həm yerdə, həm də göydə ulduzum var... Necə də maraqlıdır... Bəlkə Ulduz da səninlə dost olmaq istədi...”

 Bayaqdan Səmanın yuxarı baxaraq kimlə danışdığını aydınlaşdırmağa çalışan qızcığaz, heyrətlə Səmaya baxdı:

- “Axı mən kimlə dost olmalıyam, burada kimse yoxdur?” deyə içində düşünməyə başladı.

Ulduzun bu təəccübünü anlayan Səma:

- “Ulduz, tanış ol, mavi səma,” - əli ilə yuxarıyı göstərərək – “Mənim ən sadiq dostumdur. Biz uşaq yaşlarımdan tanışıq. O mənim bütün dərdlərimi bilir, hər zaman məni dinləyir. Əgər istəsən, sən də onunla dost ola bilərsən. Biz birlikdə söhbət edə bilərik.”

Ulduz indi məsələnin nə yerdə olduğunu anladı. Başını Səmaya tərəf dönərək dedi:

- “Sənin dostun mənim də dostumdur. Mən razıyam.”

Səma Ulduzun əlindən tutdu. Birlikdə yuxarı baxaraq səmaya gülümsədilər. Səma da onları parlayan günəşin isti nəfəsi ilə salamladı. İndi onlar qayğısız uşaqlıq hisslərinə qapılmışdılar. Səma onlar üçün bir ümid işığı idi. Bu inam belə onlara xoşbəxt hiss etməyə yetirdi. Uşaqlıq, kiçik şeylərlə də xoşbəxt olmağın mümkün olduğunun ən bariz göstəricisidir. Kiçik toxunuşlar böyük ümidlər yaradır. İndi bu iki qızcığaz bu ümidlə bir yol axtarışına çıxır. Bu yolun hara çıxacağını bilmədən...

 Səma qərara gəldi ki, bir-bir insanlara yaxınlaşıb anasını soruşsun. Bəlkə onu tanıyan, görən kimsə olub. Onlar birlikdə yavaş-yavaş hərəkət etməyə başladılar.

“Bağışlayın, bağışlayın... Mən bir şey soruşmaq istəyirəm... Mən anamı axtarmağa gəlmişəm...”

Sanki onun səsini kimsə eşitmirdi. İnsanlar onların yanından sürətlə keçib gedir, onları görməzdən gəlirdilər. Səma buna təəccüb etməyə başladı:

- “Ulduz, axı mən yavaş danışıram? Nə üçün insanlar məni eşitmədilər, kimsə kömək etmədi...”

- “Mən insanlara əl açanda da çoxu belə edirdi. Saatlarla əlim soyuqda üşüyərkən çox az insan bunu görüb halıma acıyırdı. Deyəsən, şəhərdə yaşayan insanların çoxu kordur. Onlar köməyə ehtiyacı olanları görmək istəmirlər, ancaq harasa tələsirlər, bir-birilərini görmədən, duymadan.”

- “Bu necə ola bilər? Axı bizim kənddə elə deyildi. İnsanlar hər zaman köməyə ehtiyacı olanlara yığışıb yardım edərdi. Mənə də yetim olduğum üçün çox köməklik göstərmişdilər. İndi isə burada hər şey tam fərqlidir. Bizi fərqli olmağa nə məcbur edir? Biz hamımız insan deyilikmi?”

- “Mən yaşadığım yerdə də elə idi. Bura gələndə isə hər şeyin kəndlərdəki kimi olmadığını anladım. Yenə də soruşmağa davam edək, bəlkə bizə kömək edəcək bir nəfər tapılar.

Səma yenə də insanlara yaxınlaşıb soruşdu:

- “Bağışlayın... Mən anamı axtarıram, onun adı... onun adı Gülzardı.”

- “Balaca, mən sənin ananı tanımıram, getməliyəm.”

- “Çəkil kənara!”

- “Mən sənə kömək edə bilmərəm, tələsirəm.”

Kimsə kömək etmək istəmirdi. Yenə də hər kəs hara isə tələsirdi. Kimsə bu balaca qızcığazların fəryadını duymurdu. Şəhərin mərkəzində onları bir-birindən başqa nə görən, nə də duyan var idi. Kimsə onlara dönüb baxmırdı. Yenə ümidləri sarsıldı. Bu balaca qəlblərdə doğan ümid işığı soyuq şəhər kənarlarında əriyib yox oldu. Onlar bir-birinə tutunaraq yollarına davam etdilər.

 

“Ədəbiyyat və incəsənət”

(14.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.