Sağsağan yuvası - HEKAYƏ Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Qarabağda Xanoğlan adlı bir oğlan yaşayırdı. Çox dəliqanlı və igid bir oğlan idi. Qarabağ xanlarının nəslindən olan bu şəxs heç vaxt rus hakimiyyətini qəbul etmirdi, çünki babalarının yaratdığı dövləti işğal edən çar Rusiyası bununla kifayətlənmədi, zamanla onun nəsil-kökünü qətlə yetirdi, sürgün elədi. Hətta o, 2-ci dünya müharibəsinə getməmək üçün özünü dəliliyə qoymuş, onu aparmağa gələn komisarlıq üzvlərinə palıd ağacına çıxaraq bir necə dəfə güllə atmışdı. Bu palıd ağacı onun bəy keçmişindən qalan və zamanın gərdişinə, rus imperiyasına boyun əyməyən tək varlıq idi. Elə Xanoğlan da gücünü bu palıddan alırdı. Qışda  Ağdamda - Kəbirli elində olan Xanoğlan yayı isə Kəlbəcər və Laçın yaylaqlarında keçirirdi. Qarabağı ovcunun içi kimi tanıyırdı, hər yanını qarış-qarış gəzmişdi.

İndi isə 90 yaşlı Xanoğlan neçə vaxt idi yatağında yatırdı. Qocalıq onun taqətini və şuxluğunu əlindən alımışdı. Ata minməyə çalışanda yıxılıb ayağını sındırmışdı. Həkimin dediyinə görə, ayağının sağalması üçün yaşının sayı qədər gün keçməli idi. Xanoğlan kişi yaxşı bilirdi ki, bu sözlər ona təsəlli vermək üçündür. Ayağa duracağına ümidini itimişdi…

Günlər bir-birini əvəz edirdi. Xanoğlan kişi bu günlər ərzində öz keçmişi ilə üz-üzə qalmışdı. Demək olar ki, hər gün uşaqlığından bu günə kimi həyatını kino kimi gözünün önünə gətirib izləyirdi. Çox qəribə idi, 90 illik bu ömür 1-2 saatlıq kinoya dönürdü. Deməli, cəmi 2 saata sığacaq ömür yaşamışdı Xanoğlan kişi. Öz-özünə həm təəccüblənir, həm də kədərlənirdi: “Ya yaddaşımı itimişəm, ya da mən ….” –deyə fikirləşir, gözlərindən gələn yaşı gizlətmək üçün üzünü pəncərəyə çevirirdi. Bir yandan ayağının ağrısı, bir yandan da keçmişin acı xatirələri onu tamam əldən salmışdı.
Bu gün də onu ziyarətə gələn qonaqlar gedəndən sonar keçmişi ilə üz-üzə qalmışdı. Əslində elə özü də bunu istəyirdi.

İnsanların yersiz diqqəti və yalançı canıyananlığı onu bezdirmişdi. 
Yenə xəyala daldı. Hər şey həmin hadisədən sonra başlamışdı…

Bir dəfə nənəsinin cücələrinə bir sağsağan dadanmışdı. Həmin sağsağan  Xanoğlanın dədə-babasından miras qalan qoca palıd ağacında yuva qurmuşdu. Nənəsi hər gün deyinir, quşu lənətləyirdi. Xanoğlan ağacda yuvası olan sağsağanı qorxutmaq üçün bir necə dəfə havaya güllə atsa da, quş qorxmurdu. Yuvanı uçutmaq üçün ağaca çıxdı, yumurtaları görəndən sonra kor-peşman ağacdan düşdü. Bunu nənəsinə danışdı, nənəsinin ürəyi yumuşaldı, cücəli toyuğu cücələr böyüyənə kimi hində saxlamağı qərarlaşdırdı.

Bir dəfə Xanoğlanın nənəsinin səsini eşidən qonşudakı erməni Siranuş qarı Xanoğlana deydi ki, sənə bir sirr verim, gələn il o sağsağan həmin ağacda yuva qurmasın.

Xanoğlan “Nə sirrdir elə?” soruşanda qarı dedi:

-Qalx ağaca, yuvadakı yumurtaları götür, gətir isti suya sal, qoy yerinə. Bala çıxmasa, quş özü çıxıb gedəcək.

Siranuş qarının fitnəsinə uyan Xanoğlan onun dediyi kimi etdi. Quşlar yayın sonuna kimi yumurtaların üstündə növbə ilə yatdılar. Axırda ana quş yumurtaları çalxalamaqdan və aclıqdan quruyub öldü. O ölən gün erkək quş fəryad etdi. Səs-küy saldı. Elə cikkilti saldı ki, onun səni bütün kəndi bürüdü. Sanki quş Xanoğlana və onun yurduna bəla yağdırırdı.

Bir müddət keçdi. Xanoğlan evləndi. 3 övladı oldu. Xoşbəxtlik uzun sürmədi. Yoldaşını qısqanclıq üstündə dəfələrlə döyən Xanoğlan illər sonra onunla ayrıldı... Yadındadır, yoldaşını yenə döymüşdü, qadın uşaqlarını götürüb evdən çıxan günü həmin sağsağan yenə ağaca qonub, həmingünkü kimi fəryad edirdi. Xanoğlan əsəbdən və çarəsizlikdən palıq ağacına qoşalülə ilə atəşə açdı. Amma sağsağanı vura bilmədi. Sağsağan daha da yüksək səslə fəryad etməyə başladı. Axırda Xanoğlan tüfəngi atıb, qulaqlarını tutdu və evə qaçdı, küncə sıxılıb carəsiz şəkildə ağladı.

Əmiləri və atası Sibirə sürgün olandan sonra ilk dəfə idi ki, ağlayırdı...

Bir neçə ildən sonra Xanoğlan qonşu kənddən yenidən evləndi. Bu qadından da 2 uşağı oldu. Yoldaşı hamilə idi... Əvvəlki qadından olan oğlu atasını ikinci yoldaşından olan uşaqlara qısqandığı üçün ov tüfəngi ilə həyətə gəldi  ki, uşaqları öldürsün, bu zaman paltar yuyan hamilə qadın övladlarını qorumaq üçün özünü qabağa verdi, tüfəngi oğlanının əlindən almağa çalışdı. Bu zaman güllə açıldı... Həmin hadisə olanda Xanoğlan barama üçün həyətdə çəkil qırırdı. Güllənin səsinə qapıya qaçdı. Qadın qan içində çabalayır, övladları isə onu qucaqlayıb ağlayırdılar…

Gördüyü mənzərədən Xanoğlanın ayaqları tutuldu, dili qurudu, gözləri bərələ qaldı. Ağlayan övladlarının və sağsağanın səsi onun qulağını batırırdı. Həmin günü ana sağsağanın ölüm günü gəlib durdu Xanoğlanın gözlərinin qabağında...

Yoldaşı öldü. Oğlu isə həbsxanaya düşdü…

Təsərrüfatla məşğul olan Xanoğlana mütləq kömək lazım idi. Həm yetim uşaqlara baxmağa, həm də mal-heyvanı sağmağa mütləq qadın lazım idi. Bir necə ilə sonra yenidən ailə qurdu. Bu müddətdə Qarabağ mühairbəsi başladı. 1-ci yoldaşından olan ikinci oğlu könüllü hərbiyə yazıldı. O, kəşfiyyat bölüyündə rabitəçi oldu. Uğurlu əməliyyat keçirən kəşfiyyatçıların qələbə xəbərini mərkəzə çatdıran rabitəçiyə çox qəribədir ki, "Sağsağan" kod adı verilmişdi. Axı el arasında sağsağan xeyir xəbər gətirən elçidir. Oğlunun kod adını eşidən Xanoğlan ilan görmüş adam kimi dik atıldı, onu nöbvəti bədbəxtiyin gözlədiyini artıq duymuşdu...

1992-ci ilin yayı idi, palıdın kölgəsində oturan Xanoğlan kişinin qulaqlarına yenə sağsağanın səsi gəldi, çay stəkanı əlindən yerə düşdü, qulaqlarını tutub qaçdı evə.. Bir gün sonra oğlunun cənazəsi qapıya gəldi. Qadınların qışqırtısı, ağlaşması və yenə sağsağanın səsi iynə kimi Xanoğlan kişinin beyninə və qəlbinə batırdı…

Xəyaldan ayıldı. Az qala ürəyi ağzında çıxacaqdı. Ağlamaqdan üzü, gözü, ağ saqqalı suyun içində idi. Yenə 90 illik ömür 1 saatlıq lent kimi gözünün önündən keçdi. Nə edə bilərdi, keçmişə qayıdıb səhvlərini düzəldə bilərdimi? Anlayırdı, anlayırdı ki, bu mümkün deyil. 90 il özündən qaçmışdı, səhvləri ilə üzləşməkdən qorxmuşdu. Ancaq yaxşı bilirdi ki, bundan qaçış yoxdur…

Oğlunun cənazəsi gələndən sonra evini tərk etmişdi. Kənddən çıxıb dədə-baba qışlağında mal-heyvan saxlayırdı. Sanki hər şeydən qaçırdı. Bəzən fikirləşdi ki, Allah ömrünü uzatmaqla onu cəzalandırır. İndi ayağı qırılmışdı deyə kənddəki evinə gətirmişdilər. Artıq öz-özünə qəbul etmişdi ki, bu onun sonudur. Filtrsiz siqaretini yandırıb birdəfəyə ciyərinə çəkdi. Siqaterin kötüyü dırnaqlarını yandırırdı, amma Xanoğlan kişi bunu hiss etmirdi. Gözləri pəncərədə idi. Onu gözləyirdi. Xəbər göndərmişdi ki, qızım Bəyim gəlsin, mənə halallıq versin. Bəyim birinci yoldaşından olan qızı idi.

Qız iki qardaşının ölümündə və anasının ömür boyu əziyyət çəkməsində atasını günahkar bilirdi. Atasının dəfələrlə çağırışına baxmayaraq, Bəyim gəlmirdi. Bu intizar və həsrət Xanoğlanı ölməyə qoymurdu.

Birdən sinəsində bir göynəmə hiss etdi, nəfəsi daraldı, qulağına sağsağanın səsi gəlməyə başladı. Xanoğlan kişi təlaşa düşdü. Qulaqlarını tutdu, ayağa durub qaçmaq istədi, ayağa dura bilmədi. Buz kimi tər onu basdı. Bu ölüm idi, illərdir Xanoğlan kişinin arzuladığı ölüm…

Qapı açıldı. Günün şüaları ilə bilikdə bir qadın içəri daxil oldu. Günün şüaları qadının üzünü görməyə imkan vermişdi. Xanoğlan bu qadının Bəyim olduğu anladı…Əlini ona sarı uzatdı, gözləri doldu, bir anlıq nəfəsi açıldı:
-Nə yaxşı gəldin, qızım, tez gəl içəri, tez elə qapını ört, sağsağan içəri girməsin…

 

“Ədəbiyyat və incəsənət”

(11.03.2025)



 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.