"Sözlərin Sehri" hekayə yarışmasının mükafatçılarını təqdim edirik –Könül Məmmədova Featured

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Sevinc hissi ilə sizləri "Sözlərin Sehri" hekayə yarışmasının qalibləri ilə tanış edirik! Bu yarış Life Academy platformasının rəhbəri Humay İsayevanın təşəbbüsü ilə həyata keçirilib. I yerin qalibləri - Könül Məmmədova və Fidan Xəlilova, II yerin - qalibi Xədicə Hacıyeva!

Bu gün 1-ci yerin iki qalibindən biri - Könül Məmmədovanın "Gecənin günəşi"adlı hekayəsini təqdim edirik.

 

GECƏNİN GÜNƏŞİ

Könül Məmmədova                         

 

 “Necəsən? Ümid edirəm ki, bu gecə ağlamayacaqsan”.

Dediyi sözlər və gözümdən axan yaş eyni zamanı izləyirdi sanki. Sahildə əyləşmişik. Önümüzdə dolu, amma bizim boş hiss etdiyimiz dənizə baxırdıq. Yuxarıda isə gecədə görünməyən bir Günəş vardı. Səssizcə o mənim göz yaşlarımı, mən isə onun nəfəsini dinləyirdim.

“Bura gecədir, amma sən mənim Günəşimsən” dedi.

“Qaranlıqda Günəşi görə bilməzsən”.

“Amma onu hiss edərəm”.

“Bu son danışıqdır? Nəsə elə hiss elətdirdin indi”.

Zaman durdu, dənizdə dalğaların səsi bizə bir melodiya kimi gəlirdi. Cavab vermədi mənə, çünki son olduğunu o da bilirdi.

“Madam ki sondur, əvvəli də olsun. Gecədə olan Xəyalımı sənə xatırladım?”

“Xəyalında olan Günəşi xatırlat mənə. Niyə indi burda belə danışdığımızı xatırlat. Qaranlığımda işıq olan səni mənə danış”.

“Sən kimsən?” deyə soruşdu, soyuq baxışları ilə gözlərimə baxaraq.

Yavaşca addım atdım və onu dinlədim. Gecə soyuq bir su kimi axıb gedirdi. Amma bunun onu tanımaq üçün ən yaxşı zaman olduğunu düşündüm. Gecə  hər zaman başqalarını sirr içində saxlamağa qadirdi.

“Sadəcə bir insanam,” deyə cavab verdim, “Amma gecənin qaranlığında parlayan Günəşəm.”

O gülümsədi. Di gəl, bu gülümsəmə sanki çox incə və bir az da ağrılı idi. O gülümsəmə məni bir yerdə qorxutdu və özümə çox yaxın hiss etməyimi təmin etdi.

Bir müddət susduq. Zamanın necə keçdiyini bilmirəm, amma mənim üçün bu an sonsuz idi. Gecənin bütün sükunətində bircə nəfəsin səsi vardı – onun nəfəsinin.

“Necə hiss edirsən?” deyə soruşdu, gözlərində narahatlıq və gözləmə vardı. Həm narahat, həm də təkbaşına qalan bir insanın ruhunu görürdüm.

“Bir şeylər hiss edirəm, amma heç nəyi hiss etmirəm elə bil,” dedim.

“Gecənin içində sən mənim Günəşim oldun. Ancaq mənim sənsizliyimdə sənin Günəşini tapdığımdan daha qaranlıqdır.”

Gözləri indi büsbütün kədərli idi. Mənim bu kəlmələrimə qarşılıq olaraq heç nə demədi. Amma sanki mənimlə bir yerdə yaşadığı o hissləri özündə dondurdu. O, ruhunun dərinliklərində mənimlə əlaqə qura bilməyin acısını çəkirdi.

Bir neçə dəqiqə sonra o, başını əymədən, “Bunu sən çox gözəl izah etdin,” dedi, “Amma mənim üçün həqiqət başqa bir şeydir. Mən gecəylə yaşayıram. Mənim içimdəki Günəş, heç vaxt məni sarsa bilməz. Mən hər zaman soyuğam və qaranlığam. Mənimlə olmaq istəyirsənsə, sən də mənimlə soyuq bir dünyaya gəlsən, o zaman sən də hiss edəcəksən.”

“Səni ilk gördüyümdə qara jordan pencək və qara şalvar geyinmişdin.Gözlərində eynək vardı, saçının incə telinə qədər incələmişdim. Gözlərinə baxanda həyatı yaşayırdım sanki. Qəhvəyi gözlərin torpağım idi. Ölüb də məni basdırıblarmış kimi hiss edirdim. Qara saçların incə ruhum kimi məni bu dünyada yaşadırdı. Bir teli düşərkən canımdan can gedirdi.

Ruhumun ruhuna ehtiyacı var, Xəyal. Günəşin Xəyalda itirdiyi bir qəlbi var...”

“Səni ilk gördüyümdə ağ don geyinmişdin, saçların çox gözəl idi. Qara saçların havada sanki adımı yazırdı. Qəhvəyi gözlərin mənim dünyamı yandırırdı. Baxarkən uzaqlaşırdım bu aləmdən. Saçının bir teli düşərkən aldığım nəfəs yarıya enirdi. Ruhumun ruhuna ehtiyacı yoxdur, çünki ruhum onsuz da sənindir. Xəyalın Günəşdə itirdiyi bir gecəsi var...”

Gözlərimi yumdum. Onunla bir anlıq o qədər yaxın olmuşdum ki, heç bir söz və heç bir hərəkət bu anı təsvir edə bilməzdi. Mən bu anı içimdə həkk etdim. Mənim qəlbim bu qaranlıq dünyada bir zamanlar parlayan bir Günəş kimi olacaqdı, amma o Günəşin özü heç vaxt tam olaraq parlamayacaqdı. O, həmişə batacaq və geri qayıtmaq üçün zaman alacaqdı.

Gecənin içində onunla təkbaşıma qalmağım heç də gözlədiyim kimi rahat deyildi. Sözlərim hələ də hava kimi çox soyuq idi. Amma bir şey dəqiq idi: O mənim “Gecəmin Günəşi” idi.

Ondan sonra bir daha heç nə demədik. O, qaranlığa sarıldı, mən isə ona baxaraq gecənin içində dayanmışdım. Bu sevgi, bu an heç vaxt bitməyəcəkdi, amma hər şeyin sona çatacağı kimi hər şey bir gün sona çatar.

Və o bir gün batmış Günəş kimi mənim dünyamdan çəkildi. Lakin o anın içindəki hissləri, gecənin sonsuzluğunda qalan o təmiz işığı heç vaxt unutmadım.

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.