“Gözlərim gözünün yolunu çəkdi” - Faiq Balabəylinin doğum günü şeirləri

 

Bu gün şair Faiq Balabəylinin doğum günüdür. Dənizçi-şairin şeirlərində həm günümüzün yaşantıları, insanla təbiətin vəhdəti, həm əzəli və əbədi sevgi-məhəbbət motivləri, həm çalışdığı dəniz donanması ilə bağlı ştrixlər, həm doğma kənd-kəsəyi üçün həsrət əsas leytmotiv təşkil edir.

“Ədəbiyyat və incəsənət” portalı şairi təbrik etməklə onun bir neçə şeirini oxucularına təqdim edir. 

 

 

Saçlarını kəmənd et

dola boynuma, saxla.

özünü, rəhmin gəlsin

atma qoynuma, saxla

 

əllərimə göz ucu

diqqət elə, nəzər sal

elə belə, dilucu

soruş, deyim bu nə hal..

 

Bilirsənmi, üşüyür

kəndimizdə ağaclar

qırov bağlayıb ömrüm

buz bağlayıbdı saçlar.

 

Sərgərdan ruh kimiyəm

Xəyalım göy üzündə

gözlərim donub qalıb

yenəmi gör, üzündə?

 

Həyatın o üzü də

bu üzü tək qarışıq

itirmişəm gündüzü

gecəm qarma-qarışıq.

 

**

 

Həəə, indi hər şeyin yada düşən vaxtıdır

yaddaşımın küncündə ötənlərdən heç nəyi

saxlamaq olmur, olmur.

Uşaqlığın uzaqda qalan ağrılı günün

yaşayıb da, həsrətin acısını duyaraq

tikan batan əlini ağzına təpib, sonra

Bu ağrını hiss edib

bu ağrıya yenidən 

ağlamaq olmur, olmur.

 

Bizim kəndin örüşü, otlağı, şor kanalı

söyüd ağaclarının kölgəsindən keçən arx 

Bir də qonşu uşaqlar, bağdan oğurluq etmək;

bu arxın üst qatında belə idi lap qabağ

Vur çartlasın olardı, bilirsən də, təm tarağ...

 

İndi hanı o gənclik, 

Kimin yanında durub qonşu bağına girmək

oğurluq meyvə dərmək

Deyən axı heç kəsə ümüd adlı gümanı

bağlamaq olmur, olmur...

 

Xamravadan bəriyə, Bazıdan keçib həmən

uşaqlıq xatirənin arxasınca düşərək

getdiyin Mahmud parağ...

Yolun hər tərəfini

Basıb ot ələf, alağ...

 

**

 

Yaxşı ki, sən varsan,

yoxsa bilmirəm,

necə vuracaqdım bu ili başa.

Bu illər nazını çəkə bilmədim,

səni bürümədim ala, qumaşa.

 

Əllərim darıxdı saçından ötrü

gözlərim gözünün yolunu çəkdi.

Əlindən tutduğum neçə dost-tanış

əlimi uzatdım, qolunu çəkdi.

 

Ağrıtdı qəlbimi, amma ki dözdüm,

Tanrının yazdığı yazı beləymiş.

Ömrün fəsilləri dəyişik düşdü

qışı eləymişsə, yazı beləymiş.

 

Yaxşı ki, yaxşılar varmış dünyada

yaxşı ki, hamını seçib tanıdım.

Bu boyda məmləkət qır qazanıymış

cəhənnəm odundan keçib tanıdım.

 

**

 

Pis-yaxşı, alnıma yazılıb yazı,

pozusu ya ola, ya da olmaya

Vücudum yel vuran çiçəklər kimi

baxarsan, ya sola, ya da solmaya.

 

Göylər yerə sancır şimşək qolunu

buludlar başıma tökür dolunu

Qəbrimin üstündən bir gün yolunu

doğmalar ya sala, ya da salmaya.

 

Kipriklər nəmlidir, baxışlar ağır,

Yerdən alov çıxır, göydən qar yağır.

Kəndin kənarında saldığm cığır,

0t basıb, ya qala, ya da qalmaya...

 

**

 

İndi bir ovuc suyun

təşnəsiyım, yanıram.

Amma bu isitiliyin 

soyuğunda donuram,-

Som-soyuqdur hər tərəf...

 

Hər şey səndən başladı;

Bir udum sevinc idin

uduldun və sona çatdın.

Qoxunu ciyərimə 

çəkmək nəsibim mənim, 

yaxamda hələ də gözlərinin nəmi var

köksüm dolu  xatirə -

ötən günlər saxlayıb gözlərinin nəmini 

ağrı dolu sinədə,

nifrətim tutur hərdən

özümə də, sənə də.

 

Sarıçıçək otların taxıl zəmilərində

Gözə çarpması kimi,

Gəlirsən xəyalıma.

Yanıram o otların, sapsarı çiçəklərin

Çiçəklərin dibində 

yuvasız  böcəklərin ömrün yaşamaq nə xoş;

yetər ki suszluğun

yetər ki səssizliyin, yetər ki sənsizliyin

əzabından qurtulum

çəkim sənin qoxunu ciyərimə bir udum...

 

**

 

Günəşdən don geyən, niyə soyuqsan

niyə gözlərinin alovu sönük...

bu qədər pərişan gördükcə səni 

elə bil çevrilib geri dönürük.

 

Sən hələ böyümək haqda fikirləş

Bu qədər saf olmaq?-

uşaqsan, uşaq... 

sənli xatirələr tökülüb, qalıb

necə də əzizdir hər künc, hər bucaq...

 

Mən də ürəyimin himinə bəndəm

dodağım səyriyər, kövrələ billəm

sənin yaşadığın obayam, kəndəm

viranə yurd yerim, çağırsan gəlləm.

 

Torpaq qoxusu tək doymaq olmayır

içimə çəkirəm iyini sənin

Günəş donlu qadın, niyə soyuqsan

çağırım, səsləyim nəyini sənin.

 

Əllərin - şüşədən çıxan göyərçin

boylanıb baxarsan divin səsinə

bir quyu dibində Məlikməmmədin

öyrənə bilmirsən güvənməsinə...

 

**

 

Saçlarını kəmənd et

at boynuma, tut, qalım

bircə udum hava tək, 

Çək içinə, ud qalım.

 

Gedirəm, hey gedirəm, 

Mövlanayam, qədirəm

Bilirəm ki, bilirəm- 

bilirsən, unut, qalım.

 

Qoy sıxılım köksünə

Bələnim sevincinə

Qəlbinin bir küncünə

məhkum elə at, qalım.

 

Bil ki dərdə zahıyam

ağrısıyam ahıyam

məğlub yurdun şahıyam

qoşunu çək, mat qalım.

 

Heymi qaldı qolumda

sən inzafsız, zalımda

ölüm sənin yolunda, 

Axır salamat qalım.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.