“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Pərvin Əliyevanın şeirləri təqdim ediləcək.
AVQUST İSTİSİ
Göyqurşağı yeddi rəng, bir də meyxoş sərinlik;
Ürəyin ki kövrəkdir, sən, ey günəş qəlbli qız,
Sən, ey günəş üzlü qız, sən ey gecə saçlı qız,
İçində yırtıcı hiss qarışdırır qütbləri,
Bir də avqust istisi.
Gecə zülmət, ay da yox, görünür nə də ulduz,
İşığa gəzir ilbiz.
Dincəlir qarışqalar bircə, onlar xəbərsiz
Pərişan adamlardan.
Sayıram iki, üç, dörd – dərd əlindən bezarsan,
Bir də avqust istisi.
Gəzir xoşbəxt çağların yenə gözündə xülya,
Üryan qalan qəlbinin yasını saxlayırsan.
Gündüzlər baş qatırsan, gecələr – qisas hissi;
Axı sən ki bilirsən, dərd adamı yandırar,
Bir də avqust istisi.
Analar can çəkişir, balalar intizarda;
Bakı boyda şəhərdə
"Azadlıq" heykəlinə ancaq baxıb keçən var.
Ürəklər qan qırmızı, qan rəngli plakatlar,
Bir də avqust istisi.
Xəyalımin önündə dimdik durur o səhnə,
Yanır korun-korun od – ürəyin necə gəldi?!
Bircə sözün bəs idi zərbəni endirməyə
və məni öldürməyə,
Bir də avqust istisi.
Məni o incilərin,
məni o gündüzlərin bircəsində sevindir.
Sözüm – haray nidası...
Məni "xoşbəxtlik" adlı ömür talasına at,
Məni kəmənd atına, məni arzuma yetir.
Qoy yandırsın sevdanın şux alovu, yanğısı,
Bir də avqust istisi.
İNSANXANADA İNSAN
İnsanxanada insan
Yeknəsəq mühazirə deyir:
Dünyanın küçələri bir-birindən fərqlidir,
Yollar müasir asfalt, yollar – işıqlı plakatlar.
İllərin o tayından gün sayır,
Mərcantək görünən ömür tabutdan ağır,
Tikə-tikə talaşalar dönür külə.
İl ildən ağır gəlir,
Kindən qalaq qurub bir tay təkəbbür,
Hopub iliklərinə saxtakarlıq.
Adamlar köntöy daşdır elə bil,
Tükənmək bilmir vəzifə ədası
Nakəsi, nadanı böyüdüb edirlər qəhrəman...
İnsanxanada
Bir yaşıl dəryadır dünya;
Azına qismət qızıl xalı,
Çoxuna qismət köhnə həsir...
İnsanxanada
İnsan tutulmadı bir məhəbbət yağışına,
Nə tufanı, nə yeli var.
Bu hökmü verə bilmirəm,
İstixana effekti yandırır hamını.
İnsanxanada insan
Yeknəsəq mühazirə deyir:
Çözələnir min ilin bayatısı –
Didir varlığını dəryada ümman.
Bu dünyanın
Əsli-Kərəm, Leyli-Məcnun naləsi var.
O qədim xarababazar –
Nə gözləyirsən ondan?!
Yüzlərlə biganədən barmaq sayı laləzar
Doğulur, yaradır, yaşadır
Hər qarış torpaqda, sal daş üstündə.
Dönür, min yarpaqlı çiçəyə dönür,
Olur, gül ətirli gülabdan əfzəl.
Fəqət atəş içindədir,
Fəqət od içindədir,
Köksündəki nəhrlər – səadət piyaləsi...
İnsanxanada ildə bir dəfə
İnsanoğlu tən olsa,
Axı dünya dağılmaz.
Şair də gözəl deyir:
"Necə görsün işığı gündən qaçan yarasa?!".
İnsanxanada istixana effekti –
Günəşdən qorxan da yanır,
Günəşə gen olan da.
Ürəyində qəlpədir şöhrət, qılınc kimi kəsir
və səslər:
" – Mən şərqəm!
– Mən qərbəm!".
“HƏYAT” QƏZETİ
Napalm bombaları kimi yandırır bəzi sözlər;
Fotoşəkilllər köksündə asılan
Vyetnam muzeyidir.
Baxdıqca hər dəfə bir göz yanır oyuğunda,
Bütün qitələrdən səslər eşidirsən.
Dünyada hər 10 saniyədən bir
kimsə QİÇS-ə necə yoluxursa,
Bəlkə də, hər 5 saniyədən bir
kimsə ölür öz içində tənhalıqdan...
Bu, "Mond" qəzetinin
40 il əvvəlki sayında yoxdur,
Bu, "Həyat" qəzetidir,
Bu, bütün dövrlərin üstündəki
qan qırmızı oxradır.
İndi demirəm, alkoqoldan, heroindən
ölür adamlar – onlar bilinəndir.
Bilinməyənlər –
Bu qəddar kapitalizmin
hərgünkü sinə dəftəridir.
Kaş ki sərxoşluqla mübarizədən çox
Huşyarlıqdan danışıla...
Canlı mələklər
Hər cümə axşamı bir yorğun ağacın
qaralığında yalquzağa dönənləri
Nər qolları ilə qaldıralar.
Napalm bombaları kimi yandırmasın bəzi sözlər.
O dəhşətli fotoşəkillər köksündən asılmasın,
Dönməsin Vyetnam muzeyinə!
Deməsinlər, hər kölgəli qəlb bir insan günahıdır...
***
Bu nəhəng qələbəlikdə
şəhərlər,
yollar,
küçələr
adamla dolu.
Qəribə hərarət,
həsrət,
həsəd,
ağrı...
Yaşamaq ümidi ilə
müdhiş çırpınışda
bir yığın adamın
eyni hekayəsi var...
***
Hərdən bir göz qırpımında olur hər şey,
Boylanır bir göz də öz içindən
çiçək bükümü kimi
içindəki qırmızılıqdan xəbərsiz.
Hərdən daha çox arzulayarsan təqdir,
Qəribə şeylər istəyər könlün.
Xəta ardınca xəta edərsən,
Yumarsan gözlərini böyük boşluğa.
Utanarsan acgözlüklə yediyin həsəd hissindən
Çevrilib bir göz də içindən baxar xısın-xısın,
Sıxılarsan içindəki qırmızılıqdan.
Hərdən bir göz qırpımında olur hər şey,
Hər şey elə biraz da yarıda qalmış nağıl,
Heç nə yox imiş kimi.
Yandırır adamı köz kimi,
udur adamı torpaq kimi
və hər şey bitir.
Göydən üç alma düşmür,
Göydən od da yağmır, göydən alov da,
ancaq dönür bir ovuc duaya insan...
BİRCƏCİK YER KÜRƏSİNDƏ
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Bu körpədir,
Bu körpüdür.
Gözlərimizdə canlanacaq
Neçə sima, neçə xislət.
Barmaqlarımız neçə mürəkkəb tutacaq,
Yazacaq, hey yazacaq!
Biri doğru, biri yalan...
Yaracaq neçə sübhü
Mürəkkəb rəngindəki kor ilan,
Bəlkə də, ən adi, ən adi şeydən
O ilan çata bilməmiş ən xoşbəxt günə,
Neçə qəlbi yıxacaq zəhərli sözlə.
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Ömrümüz haqqa yetənə kimi
Bir planetdə, bircəcik yer kürəsində
Bacı-qardaş adamlar
Asılacaqlar bir-birinin ayağından,
Utanacaq yer üzü.
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Fikir davasında böyük və azad,
Xoşbəxt və bədbəxt olan kim?!
Çapacağıq hər sözün üzərinə gürzümüzlə,
Üzəcəyik hamımız hansısa nəhrlərdə,
Ta ki, qalib, ya da məğlub olanacan.
Hələ neçə yuxulardan keçəcəyik,
Yozacağıq:
Bu körpədir,
Bu körpüdür...
Sonra və sonra biləcəyik,
Biri qafil gənclik, biri körpə qocalıqdır,
Könlü ilə söhbət edir hamısı.
Hansısa sətirdə çəkirdi can şirəsi,
Biri şirin, biri acı.
Bilirəm, yaşamağa heç kim tapmayacaq macal.
Yuxuların ömrü
elə insan ömrü kimi qısadır...
QUYUDAN SƏS
Sonra başladı həyat,
Əvvəldən heç nə olmamış kimi.
Ya ağac dibində
Dünyanı yaradan süjet var,
Ya quyu dibində
Vəbaya tutulanlar
Qurban – günahsızdır.
Bu Leyla əvvəlki deyil,
Dünya elə əvvəlkidir.
Sevincinin hamısı qəzəb,
Qonur qanadlarına uçan yerdən,
Barmağının ucunda sənə sarı qaçan ömrün
Möcüzə işləri var.
Kişilərin zavalına gəlib bu dünya,
Qızıl-qırmızı qandır.
Qadınların baxışları yara olub,
Qalıbdır yaddaşında.
Bu Leyla əvvəlki deyil,
Dünya elə əvvəlkidir.
Nə insan, nə də dünya
Həyatın mənalı yerini görür.
Bu quyu qat-qat dərindir,
Qaranlıqda ruhi dinclik, məftunluq.
İşıq da iztirab, işıq da həyat.
Ömrünün aramca bir vaxtı
Vaxt sənə dar!
Zərrə illərin bərəkəti yox,
soyuqdur, soyuq.
Haradasa bir xatirə qanıqara qırılır,
Gündə yüz yol ölür, quyudakı səs.
***
Savaşmaq ön cəbhədir,
bütün cəbhələrdə savaş – yaşamaq!
Təpələnirsən bəzən, olsan da dağ,
yarı yıxılmış ev kimi.
Ancaq heç nəyi saxlamır həyat
öz rəngindən –
cənnət və cəhənnəmdən başqa.
İlahi!
Mən necə də inanıram;
Bəzən tənhalıqdan da ucalmaq olur…
Bu səbr, bu səbat məni insan edəcək,
Göldə bir atəş səsitək itəcək…
***
Bir sidqi-ürəklə sevinmək gəlir içimdən,
hamının əvəzinə itaətsizlik göstərmək istəyirəm
XXI əsr uşaqları kimi –
Onlar çox sərbəstdir,
Hamısı nə istədiyini bilir.
Bu sırada sanki təkcə əyləşmişik,
çiynimizin üstündən getdiyimiz yolun
hara olduğunu bilmirik.
Görürəm ki, qupqurudur hər şey,
adamların sözü təpimiş haldadır.
Adamların dodaqlarında səadət pıçıltıları,
baxışlarında divar sərtliyi,
bu ahəngdən bir şey dadmaq arzusu...
Qızıl boyunbağı kimi keçirək boynumuza xatirələri,
nə vaxtsa anamızın tapaqçada südlə bişirdiyi qənddən dadaq,
keçmişdən soraq kimi ağzımız dada gəlsin.
Kimsə qəhərləndi,
kimsə dilləndi…
Bu vaxtı ötənəcən,
bu yolu keçənəcən
kəskin şəkildə danışqan adama dönəcəyik hamımız.
Yaddaşımızdakı boş otaqlar
dağınıq halda.
Xəlvəti üstümüzə soyuqlar qonar,
Yamyaşıl dünyanın alaçığında –
it mırıltıları,
dibçək dibləri,
cavabsız məktublar…
Bir də gözü ilə
keçmişini silmək istəyən milyonlarla adam…
“Ədəbiyyat və incəsənət”
(11.02.2025)