“Necə şəkər qatım həsrətinə?” - OXUCULARIMIZIN YARADICILIĞInda naxçıvanlı tələbə Firuzə Quliyeva Featured

“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında bu dəfə sizlərə Firuzə Quliyevanın şeirlərini təqdim edir. Firuzə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin Filologiya ixtisası üzrə II kurs tələbəsidir. Həmişəki təkrarlama: nəzərə alaq ki, bunlar ilk qələm təcrübələridir. Amma biz Firuzənin poeziyasında heç kəsə bənzəməmək ritmini çox bəyəndik.

 

 

Sən nəyimsən?

 

Əllərim qəlbimdə gəzir...

Susayıb qara gözlərinə

Gülün susadığı kimi.

Son səsin işləyib qəlbimə,

Uzaq ölkələrə çıxıram səfərə.

Şəklin gözümün önündə

Yaşıllarımda dolaşır.

 

Gözün kimi bax uşaqlığıma,

Qoru onu yad doğmalardan

İnsan saydıqlarımdan.

Mehman ol qəlb otağıma

Ac qalmışam qucağına

Bahar qoxulu yurd-yuvama.

 

Sən nəyimsən?

Dodaqlarımda batmayan günəş?

Parıldayan aylı gecəm?

Tanrım qədər sevdiyim?

Ey doğma insan!

Musiqim sən, yaram sən,

Min bir dərdə davam sən.

 

 

Ey bəxtsiz kədərim!

 

Qabırğanla yandırdığın can ocağımı tik!

Bir ovuc torpaqlıq canıma and iç!

Sənin şəklini məndən qoparır

Kövrək dənizin qızarmış dalğası.

Günəşin telləri ilə ayaq açır

Ruzigarın portağal qoxusuna.

Yavan sevda küllərini

Şeirlərimin misrasına tökürəm,

Dağların qoynuna köçürəm.

Möhür vurulmuş qəlbimə nə etmək?!

Əzəldən əllərin əlimə divar hörüb

Baxışım qapında toxunulmaz alma...

Çalmasın başımda dərdsiz musiqi

Qoca dünya ilə savaşım,

Eyni yurd, bir cüt yad gözə nifrətim bitsin.

Qorxularımı azad etdim

Yansın budağımdakı yasəmənimlə.

Qürbətdə gözü yol çəkir gönlümün,

Məktublarımın canı parçalanır

Dözülməz başısoyuq məhbəsdə.

Mən görərəm əslimi güzgüsüz,

Təki əksim mən, surətim sən qalsın!

 

 

Gəlməyin gülüşümün zirvəsinə qar gətirdi

 

Zəhər dadıram hər sözündə

Necə şəkər qatım həsrətinə?

Hansı tərəfə dönüm, İlahi!?

Yastığımın nəmini külək sovursun.

Qəlbimin hansı nöqtəsinə ağı deyim?

Nidayla dolu nifrət bəsləyim?

Gecələr yuxunda laylamı oxuyum?

Qızılgülün içində yatasan

Sevgi mülkündən birdəfəlik qopasan.

Gözlərimə olan susuzluğun

Boş stəkana ümidindən damır.

Sinoptikdən aldığım soraq

Gəldiyin günə yozdurur.

Gövdəsi tumurcuq bağçası çiçəyin

Köksündə neçə qəlpə izi var.

Canımı parə-parə

Çarmaxda mələklərə ehsan verirəm.

 

 

***

İki qaşının arasındakı məsafənin

Qırışları bağlayır gecə ilə gündüzü.

İki heca söz qalır dillərdə dastan...

İlahi! Görəsən düşünürmü məni.

Dəsmalındakı həsrət baharının

Ürəyimdə damğa izi var.

Çəpərlərini çeynəyib qaçmır mənzilinə

Dilsiz quyunu ev bilirmiş özünə.

Bağçam fırtına xəncəri ilə boyalı

Küllərindən doğulan kədər dəmində.

İç! Qansız şərabını sorğusuz.

Ləzzətlə mənim sağlığıma iç!

Gizləyir qəlbim qəlbini gözlərimdə,

Sorğulama! İtirəm sözlərində.

Neçə çinarlar əkirəm çatlaq əllərimə.

İki ayrı məbədin məhəbbət toru

Kirpiklərin qovşağında qovuşar bəlkə.

 

 

***

Ah qəlb!

Olum ya ölüm?

Yoxsa tək sual?

Göz yaşı əl tutmur hisslərə

Bəlkə kirpiklər çətir olar dərdlərə.

Yoxsa yağış damlaları gizlər hissləri

Qəlb unudarmı bəs olub keçənləri?

Balaca şzahzadə qədər sevərsən gülünü,

İnanarsan yoxdur onun qədəri.

Ulduzlarla tay tutarsan tək tikanını

Qəlb yaralayan, uzanan ümmanını.

Ah axmaqlıq!

Tək rəsm tablosu boyanır bəyəm?

Gözlər boyanmazı yalana?

İnanmazmı olmazlara?

Ya olmayacaq xəyallara dalmazmı?

Dəlicə qanad açmazmı səmaya?

Çox cavab gizlənir suallar arxasına!

Ölüm dərman olur oluma!

Bax cavab çıxdı ortaya...

 

 

***

İş Tahir və Zöhrədə deyil

Ruhu bədəndən qoparıb atmaqda

Səssiz çöllərin dərinliklərinə.

Bir daha adını anmağa

Tövbə etmək istəmsizcə.

 

İki gözümün ağrısı işlədikcə qəlbimə,

Kök salsam məbədin ayaqlarına

Yalvarmaq əllərimdən axar gedər

Başqa sevdaları diri tutmağa.

 

İçimə işləyən əllərin boğur məni,

Yuxularıma çökür haqsızca.

Ənbər qoxan ağzımın tamı

 Qana susayan zəhəri dadır.

 

 

***

Gəl! Pərvanətək gəl!

Evimə qonaq gəl!

Qayğılarımı könlünə elə sıx ki

İncilər tökülüb nəm etməsin çatlaq dodaqlarımı,

Yetim uşaqtək boynubükük qalmasın.

 

Birlikdə gəzək cənnət bağını,

Sənsiz mənə qəlb evim cəhənnəm.

Çəkmə çinar gözlərini gözümdən

İcazə ver sulayım budaqlarını.

 

Hər saniyə şəklinə tamaşa edib də,

Çəkmirəm gözlərimi bəxt üzüyündən,

Güləcək dünya yazdıqlarıma

Anlamayacaq qəlb məbədimi...

 

Şahlar əmr edəcək, fərman yazacaq,

Asacaq boynumdan kəndir ipini

İp təsəlli edərmi

Qandallı taleyimi?

 

Ruh məskənim!

Biz səninlə “Adəm və Həvva” deyilik.

Biz səninlə Yusif və Züleyxayıq

Kədər yollarında...

 

 “Ədəbiyyat və incəsənət”

(11.02.2025)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.